Azərbaycan siyasi palitrasının autsayderlərindən ibarət olan radikal müxalifət qrupları daim bir-biriləri ilə qarşıdurma şəraitində olublar. Bununla yanaşı, dağıdıcı düşərgə daxilində də ən müxtəlif ziddiyyətlər müşahidə edilib. Xüsusilə də, AXCP və "Müsavat" daxilindəki gərgin situasiya sözügedən qurumların nümayəndələri tərəfindən mənəvi terror və dözülməz hal kimi səciyyələndirilib. Məhz bunun qanunauyğun nəticəsidir ki, bəhs olunan partiyalardan istefalar silsilə xarakter alıb.
Bu gün həmin situasiya Əli Kərimlinin diktaturası altında fəaliyyət göstərən, antimilli əməllərə sahib olan AXCP-də müşahidə olunur. Daxili durumun mürəkkəbliyindən, silsilə uğursuzluqlardan və mənəvi terrordan əziyyət çəkən, həmçinin, bu partiyanın antimilli əməllərinə etiraz edən partiya nümayəndələri çarəni bu radikal qurumdan uzaqlaşmaqda görürlər. Elə bu günlərdə AXCP-dən çıxarılan sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu ilə sabiq sədr müavini Əbülfəz Qurbanlının istefası partiyada davam edən ziddiyyətlərin və diktaturanın aşkar göstəricisidir. Əslində bu istefaların baş verməsi gözləniləndir. Çünki AXCP sədri Əli Kərimlinin avtoritar idarəçiliyi artıq onun müavinlərinin, eyni zamanda funksionerlərin "Yurd" şefinə "yox" deməklə oranı tərk etməsinə vadar edir.
Niyaməddin Orduxanlı: "Əli Kərimli siyasətin xəyanət simvoludur"
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məsələyə münasibət bildirərək vurğulayıb ki, Əli Kərimlinin yürütdüyü siyasət nəticəsində illərdir ətrafı boşalmaqda davam edir. Onun sözlərinə görə, Əli Kərimli siyasətin xəyanət simvoludur: "Onu tərk edən insanların hamısı məhz bir səbəb var: xəyanət! Bu adam öz şəxsi maraqları üçün istənilən adama xəyanət edib. Kimlər onun xəyanəti ilə qarşılaşmayıb? Milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy, tələbə yoldaşları, partiyada birgə çalışan insanlar, "Yurd" birliyinin əksər üzvüləri, yaxın qohumluq əlaqəsi olan insanlar və s. Bu adamın mahiyyəti budur. Kim bunun kimi düşünmürsə, deməli düşməndir. Bu ətrafında olan insanlara düşmənçilik təbliğ edir və onlara özü kimi davranmağı tələb edir. Ona görə də bu istefalar baş verir. Əli Kərimli mahiyyət etibarı ilə bolşevikdir. Bir müddət əvvəl NİDA-cı gəncləri qızışdırmaqla onları həbsxanaya göndərdi. Bir neçə gün bundan qabaq bu gənclərin bəziləri əfvə düşdülər. Ancaq Əli Kərimli bu gənclərin heç birini ziyarət etmədi. Əksinə məyus oldu ki, niyə gənclər həbsxanadan çıxdı. Bunların hesabına beynəlxalq təşkilatlardan qrant alırdı".
Teymur Kərimli: "Əli Kərimli telefonda məni söyməklə əxlaqsızlığını bir daha nümayiş etdirdi"
Bu günlərdə AXCP-nin Suraxanı rayon şöbəsinin gənc fəalı Teymur Kərimli də partiya sıralarından istefa verdiyini bəyan edib. Gənc fəalın istefasına səbəb olan amillərdən biri sədr Əli Kərimlinin onun haqqında təhqiramiz fikirlər səsləndirməsi olub. T.Kərimli Əli Kərimlinin telefonda onu söyməklə əxlaqsızlığını bir daha nümayiş etdirdiyini bildirib və vurğulayıb ki, buna heç də təəccüb etməyib: "Əli Kərimli kimi siyasi oyunbaz, siyasi əxlaqsız və xəyanətkar görməmişəm. AXCP tarixində Əli Kərimli qədər pozuculuq fəaliyyəti, Əli Kərimli qədər Elçibəy əleyhinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan, ikinci bir adam olmayıb. Siyasətə siyasi əxlaqsızlıq, özündən böyüyə hörmətsizlik etməyi, ayaqaltı qazandığı, iyrəncliyi, insanlar haqqında çirkin kampaniyalar aparıb ləkələmək kimi işlərin altına imza atan Əli Kərimlinin bu gün siyasət aləmində qalmasının özü qəribədir. Belələri nəinki cəmiyyətin inkişafına yardımçı ola bilər, əksinə, mümkün qədər cəmiyyətə zərər verməklə məşğul olacaq. AXCP-ni quran, onu ortaya çıxaran və sivil mübarizəsini təşkil edən Əbülfəz Elçibəy idi. Məhz Əbülfəz bəyin sayəsində partiya partiyalılığını qoruyub saxlamışdı. Amma ona qarşı Əli Kərimli tərəfindən aparılan kampaniyalar, xüsusən də iyrənc formada təşkil edilən məlumat yaymalar mahiyyət etibarilə bu şəxsin hansı ləyaqət və şəxsiyyət sahibi olduğunu ortaya qoyurdu. Ona görə ki, bu cəmiyyət tərbiyəsi şübhəli, əxlaqı ziddiyyətli olan birini nə qəbul edir, nə də bu cür xəyanətkarları bağışlamağı sevir".
Göründüyü kimi, AXCP artıq düşdüyü məhvolma burulğanında çabalayır və bütün bunların arxasında dayanan əsas faktor Ə.Kərimli xislətidir. Müşahidələr onu deməyə əsas verir ki, AXCP qarşıdakı zaman müddətində ciddi kataklizmlər, hətta parçalanma təhlükəsi ilə qarşı-qarşıya qalacaq. Hər halda, zaman bu dağıdıcı qurumun aqibətinin nə olacağını nümayiş etdirəcək. Öncədən proqnoz vermək isə heç də çətin deyil: siyasi iflas! Zatən görünən odur ki, "Milli şura" adlı qondarma qurum digər dağıdıcı ünsürlər kimi AXCP-nin də son dayanacağı idi və artıq düşdüyü məhvolma burulğanında çabalayır, bütün bunların arxasında dayanan əsas faktor Əli Kərimli xislətidir. Hayla AXCP-ni ələ keçirmiş Əli Kərimli və onun komandası artıq vayla getmələri barədə düşünməyə başlayıblar. Bu, bir reallıq və aksiomadır.
Rəfiqə HÜSEYNOVA