SİYASİ RAKURS
Müsavat partiyasında davam edən gərginliyə daha biri də əlavə olundu. Bu, təşkilatın keçmiş Divan üzvü, başqanlığa sabiq namizəd Tural Abbaslının parlament seçkiləri ilə bağlı atdığı ehtiyat addımı ilə bağlıdır. Həmin ehtiyat addım isə T,Abbaslının müsavatçı gənclərdən ibarət "Ağ Blok" adlı seçki qurumu yaratmasıdır.
Partiya rəhbərliyinin nə qədər çətin vəziyyətə düşdüyünü indidən anlamaq mümkündür
Daha dəqiq desək, T.Abbaslı parlament seçkiləri ilə bağlı partiya rəhbərliyi tərəfindən namizədliyinin dəstəklənməyəcəyini dərk edərək, bu addımı atmağa məcbur olduğunu gizlətmir. Əgər nəzərə alsaq ki, o bir neçə il öncə həm də Müsavatın gənclər təşkilatının sədri olub və onu hazırda da dəstəkləyən qruplar mövcuddur, bu zaman partiya rəhbərliyinin nə qədər çətin vəziyyətə düşdüyünü indidən anlamaq mümkündür. Çünki hal-hazırda Müsavat partiyasının gənclər təşkilatının fəaliyyəti sıfır həddindədir. Bu isə gənclərin rəhbərlikdən deyil məhz T.Abbaslıdan yana olduğunun göstəricididir. Gənclər qanadının itirilməsi isə Müsavat üçün heç də yaxşı şeylər vəd etmir.
Əsas günahkar Müsavatın sabiq başqanı İsa Qəmbərdir
Beləliklə, vəziyyət kifayət qədər aşkar və bəllidir. Müsavatın qurultayından öncə İsa Qəmbərin açıq şəkildə Arif Hacılının namizədliyi üzərində dayanması, qurultaydan sonra onun bir daha öz tərəfdarlarını Arif Hacılıya dəstək çağırışları etməsi nəticə etibarilə parçalanmanın əsasını təşkil etdi. Başqanlığa namizədlərin ard-arda parityadan ya öz istəkləri, ya da rəhbərliyin qərarı ilə çıxmaları, indinin özündə də müsavatdaxili qruplaşmaların mövcud olmağı təşkilatdaxili kritik həddi kifayət qədər ehtiva etməkdədir. Söz yox ki, ilk başda əsas günahkar Müsavatın sabiq başqanı İsa Qəmbərdir. O başqanlıqdan gedərkən, belə planlaşdırmışdı ki, Arif Hacılı onun sələfi olaraq, irəli sürdüyü hər bir təşəbbüsü dəstəkləyəcək addımlarla fəaliyyət göstərəcək. Ancaq İsa Qəmbər burada çox ciddi şəkildə yanılıb. Məsələn, Tural Abbaslı heç vaxt İsa Qəmbərin başqanlığı dövründə ona qarşı çıxış etməyib, qəbul edilən hər bir qərarı dəstəkləyib. Arif Hacılı isə hal-hazırda Tural Abbaslı ilə necə deyərlər, "qanlı-bıçaqdır". İkincinin parlament seçkiləri ərəfəsində rəhbərliklə razılaşdırılmamış qaydada "Ağ Blok" adlı seçki qurumu yaratması, ətrafına xüsusilə gəncləri toplaması, həmçinin, digər müxalifət nümayəndələrinin də həmin blokda cəmləşmək şəraitini yaratması ətrafında verdiyi açıqlama, həmin açıqlama qarşılığında ittihamlarla çıxış etmələri deyilənlərə sübutdur.
Arif Hacılı klanı İsa Qəmbərin yolunu getməyəcəyini yəqinləşdirib
Beləliklə, artıq proqnoz etmək mümkündür ki, Müsavatın hazırkı başqanı Arif Hacılı İsa Qəmbərin yolunu getməyəcəyini sərgiləməklə həm də onun "erası"nın bitmiş olduğunu demək istəyir.
Bütün bunlardan isə belə bir nəticə hasil etmək olar ki, parlament seçkiləri ərəfəsində Müsavatdan qopmalar davam edəcək. Yekunda Müsavat partiyasının bir klan əlində cəmləşməsi həmin partiyanın yaxın gələcəkdə heç bir prosesdə ciddi təşkilat kimi tanınmayacağını yəqinləşdirir. Bu, İsa Qəmbərin birdəfəlik siyasi məhvi ilə yanaşı, həm də Müsavat partiyasının bitdiyinin 100 faizlik göstəricisidir.
Rövşən RƏSULOV