Mais Səfərli: "Bu partiyaların düşdüyü mövcud vəziyyətdən çıxmasına heç bir ümid yoxdur "
Müxalifətdaxili kütləvi istefalar fonunda "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun Müsavatdan getməsi barədə verdiyi qərarı gözlənilən idi. Bu həm də onun göstəricisidir ki, AXCP və Müsavat dağılma prosesini başa vurub məhv olma mərhələsinə keçid almaqdadırlar. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, əslində AXCP və Müsavat partiyaları çoxdan məhv olmaq mərhələsinə keçid alıblar: "AXCP və Müsavat kimi partiyaları yaradanların, bu siyasi təşkilatların quruculuğunda iştirak edənlərin əksəriyyəti həmin partiyaların sıralarında təmsil olunmurlar. Yəni adları çəkilən partiyalardan öz istefalarını verib çıxıblar. Hal-hazırda AXCP və Müsavat partiyalarında təmsil olunan şəxslər hələ də həyatı tam dərindən dərk etməyən və aldanmış şəxslərdirlər".
Partiya sədri onu da bildirib ki, zamanı çatanda onlar da bu partiyaların heç bir siyasi gücə malik olmamasını dərk edərək, öz istefalarını verəcəkdir: "Beləliklə, qənaətə gəlmək olar ki, AXCP və Müsavat partiyalarında həmin partiyaların başqanlarından başqa cəmiyyət tərəfindən tanınan şəxslər qalmayıbdır. Demək olar ki, adları çəkilən partiyaların quru adlarından başqa heç nəyi qalmayıb. Ümumiyyətlə, AXCP və Müsavat partiyalarında kütləvi istefalar belə davam edərsə onda adları çəkilən partiyalar siyasi arenadan arxivə göndəriləcəklər".
Mais Səfərli AXCP və Müsavatın parçalanmağa məruz qalmasının digər səbəblərini də açıqlayaraq bildirib ki, bu gün AXCP, həm də Müsavat partiyaları kifayət qədər zəifləyiblər: "Bunun da səbəbi AXCP və Müsavat partiyaları arasında olan gərgin münasibətlər və bir-birinə qarşı olan düşmənçilik mövqeləridr. Bu cür qarşıdurma nəticə etibarı ilə hər iki partiyanın parcalanmasına gətirib çıxaracaq. Ümumiyyətlə, heç vaxt bu partiyalarda demokratiya olmayıb. Bu təşkilatlar siyasi nəzəriyyələrdə nəzərdə tutulan siyasi təşkilatlar kimi formalaşmayıblar. Sadəcə olaraq, bu partiyalar bu və ya digər şəxslərin ətrafında mövcud olublar".
"Yurddaş" sədri daha bir amilə də toxunaraq bildirib ki, həmin təşkilatlarda sıravi üzvlərin səsləri heçə sayılır, onlar tərəfindən verilən hər hansı təklif qəbul edilməmiş qalır: "AXCP və Müsavat partiyalarında təmsil olunan sıravi partiya vətəndaşlarının bu partiyalarda heç vaxt səsi eşidilməyib. Yəni partiyadaxili nə isə bir qərarların qəbul edilməsində həmin şəxslərin heç bir rolu olmayıb. Sadəcə olaraq, qərarlar yuxarıda - başqanlar, sədrlər və onlara yaxın çevrələr tərəfindən qəbul edilib, aşağılara bu qərarlar təqdim olunubdur. Ona görə də, bu gün adları çəkilən partiyaların vəziyyəti çıxılmaz bir hala düşüb. Bir sözlə, artıq bu partiyaların düşdüyü mövcud vəziyyətdən çıxmasına heç bir ümid yoxdur".
GÜLYANƏ