Bu intriqaların seçkiərəfəsi daha da güclənəcəyi danılmazdır
Müxalifətçilik anlayışlarından çox-çox kənarda olan AXCP və Müsavatın iyirmi beş illik müddətdəki siyasi "fəaliyyətləri" barədə dəfələrlə yazmışıq. Həmişə də demişik ki, sağlam və sivil siyasi mübarizədən çox-çox uzaqda olan bu partiyalar ötən müddətdə yalnız dağıdıcılıqla məşğul olaraq dövlətə və dövlətçiliyə müxalifətdə olublar. Ölkəmizdə keçirilən seçkilərdən-seçkilərə fəallaşan dağıdıcı müxalifət başbilənləri bir-birilərini xəyanətkarlıqda, hakimiyyətə işləməkdə, xarici kəşfiyyat orqanları ilə əməkdaşlıqda ittiham etməkdən belə çəkinmirlər. 1992-ci ildən başlayaraq AXCP-Müsavat arasında kəskin xarakter alan qarşıdurma mövcuddur. Xüsusilə, qeyd etmək lazımdır ki, ənənəvi qarşıdurmalar hələ "Yurd" qrupunun daxilindən qaynaqlanaraq hazırkı həddə qədər inkişaf edib. Bəlli olduğu kimi, hələ 90-cı illərin ortalarında parçalanmamış AXC-nin tərkibində yaradılan "Yurd"-a rəhbərliyi Əli Kərimli edib. "Yurd"-un əsas məqsədi Əbülfəz Elçibəyin siyasi arenadan kənarlaşdırılması, eləcə də Ə.Kərimlinin cəbhənin sükanı arxasına keçməsi ilə bağlı olub ki, bu istiqamətdə davamlı işlər aparılıb. Hətta mərhum Elçibəy haqqında partiyanın təbliğat maşını "Azadlıq" qəzetində çirkin yazılar yazdıran Kərimli lideri barədə ifadə edilməyəcək dərəcədə təhqirlər səsləndirirdi.
Fuad Qəhrəmanlı: "Müsavat kimi özümüzü gündəmdə saxlamağa ehtiyacımız yoxdur"
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bu ilin noyabrında keçiriləcək parlament seçkiləri ərəfəsi Müsavat partiyası ilə birgə əməkdaşlıq etməklə bağlı səslənən fikirlərə münasibət bildirərək bildirib ki, bunlar AXCP üçün əhəmiyyətsiz məsələlərdir. F.Qəhrəmanlı onu da vurğulayıb ki, istər seçkilərdə, istərsə də seçkilərdən kənar olaraq, Müsavatla əməkdaşlığa getməyəcəklər: "Partiyanın yeni proqramının hazırlanması istiqamətində də işlər aparılır. Parlament seçkilərinə "Milli Şura" formatında gedəcəyimizi düşünürük. Belə ki, təmsil olunduğum partiya "Milli Şura"dan kənarda qalan heç bir digər siyasi təşkilatla seçkilərə qatılmağı nəzərdə tutmayıb. Bu baxımdan, AXCP parlament seçkilərinə "Milli Şura" ilə gedəcək və kənarda qalan müxalifət partiyalarına heç bir təklif irəli sürməyəcək".
Zərdüşt Əlizadə: "İstər Müsavatçı, istəsə də AXCP-çi olanlar indi ciddi sarsıntı keçirirlər".
Sözügedən hər iki partiya arasında seçkiərəfəsi ciddi qarşıdurmanın yaranmasınını adi hal olduğunu deyən politoloq Zərdüşt Əlizadə bu partiyalarla vaxtı ilə üzvü olanların çox ciddi sarsıntı keçirdiklərini bildirib: "AXCP-Müsavat həmişə düşmənçilik müstəvisində bir-biri ilə rəqabət aparıb. AXCP və Müsavatın bundan sonra da bir araya gəlməsi mümkün görünmür. Çünki bu partiyalar arasında vicdanlı, təmiz siyasi rəqabət yoxdur və bunu həmin partiyaların sədrlərinin simasında da görmək olar. Səbəb isə hər iki partiya arasında mübarizə üsulları intriqa və qohumbazlığa söykənir".
Onun sözlərinə görə müxalifətdə tanışlıq məsələlərinə çox böyük önəm verilir: "Bütün bu proseslər bir daha göstərir ki, daim intriqa və qarşıdurmalarda olan hər iki partiya bu dəfə də birgə əməkdaşlıq formatına gedə bilməyəcəklərini təsdiqləyir".
Hafiz Hacıyev: "Müsavat Partiyası ilə AXCP hər zaman daxilən bir-biri ilə mübarizə aparıblar"
"Müsavat Partiyası ilə AXCP hər zaman daxilən bir-biri ilə mübarizə aparıblar. Bu mənada hesab etmirəm ki, parlament seçkilərinə hələ bir müddət qalmasına baxmayaraq Müsavat və AXCP arasında qarşıdurmaların mövcudluğu bu partiyaların daxilində sağlam mühitə gətirib çıxar bilər". Bunu Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev qəzetimizə verdiyi açıqlamasında bildirib: "Ümumiyyətlə onları ideya birləşdirmir. Hər iki qurumun bu cür apardıqları mübarizə Qərbin kapitalı və bu kapitalı kimin necə əldə etməsi uğrundadır. Məsələn, "Milli Şura" mitinqlərlə bağlı qərar verir amma Müsavat tamam başqa fikirlər səsləndirir. Keçən dəfə İsa Qəmbər öz açıqlamasında mandat uğrunda deyil əkinə böyük amallar uğrunda mübarizə apardığlarını söylədi. Bu şəxsin özünə sual vermək lazımdır ki, bəs sənin ətrafında kimlərsə varmı? Yəni onların bir yerdə olması heç vaxt mümkün deyil. Bu o zaman mümkün ola bilər ki, onların ağaları bir olsun. Bu gün Müsavatın bir qolu Avropada müəyyən ermənipərəst dairələr tərəfindən idarə olunur. Eləcə də "Milli Şura" müxtəlif qütblərə işləyən bir qurumdur. Bir sözlə, bu pərakəndəlik onları hər zaman məhv edib. Nə vaxt İranla Avropa dövlətləri arasında müəyyən razılaşma olacaqsa, Kərimov Əli ilə Qəmbərov İsa arasında da razılaşma olacaq. Bu gün onların apardığları siyasət çox uğursuz bir siyasətdir. Buna baxmayaraq müəyyən qüvvələr çalışır ki, onları diriltsinlər. Məqsəd isə Azərbaycanda qarşıdurma yaratmaqdır"
Beləliklə, görünən odur ki, savaş hələ çox davam edəcək. Müxalifətdaxili bu intriqanın seçki pərdəsi daha da şiddətlənəcəyi isə qaçılmazdır.
Rəfiqə HÜSEYNOVA