PDF Oxu

Müxalifət

  • 870

Müsavatı gözləyən təhlükə - yox olmaq reallığı

Müsavatı gözləyən təhlükə - yox olmaq reallığı

Arif Hacılı başqanlığının öhdəsindən gəlməyi bacarmır

Müsavat partiyasında yaşanan kəskin böhranlı vəziyyət getdikcə daha da dərinləşir. Buna səbəb kimi göstərilən ilkin səbəb siyasi təşkilatın rəhbəri Arif Hacılının işinin öhdəsindən gələ bilməməsidir. Partiya daxilində İsa Qəmbərin zamanından yığılıb-qalmış problemlər, daxili qruplaşmalar və çəkişmələr hazırkı vaxtda da öz mövcudluğunu qoruyub-saxlamaqla yanaşı, həm də artmaqdadır. Daha bir səbəb isə Müsavatın ailə parityasına çevrilməsidir. Artıq müxalifət kuluarlarında qardaşların partiyası kimi adlandırılan Müsavat qarşıdan gələn parlament seçkilərində belə düşdüyü vəziyyətdən çıxmağı bacarmır. Bəlli olduğu kimi, A.Hacılı başqan olmasına rəğmən, onun müavinləri eyni zamanda təşkilatın Divan üzvü və Ali Məclisinin təmsilçisi Mustafa Hacıbəylinin göstərişi ilə oturub-durmağa məcburdurlar. Belə bir idarəçiliyə etiraz edənlər çoxdan partiyanın sıralarını tərk etsələr də, vəziyyətin düzələcəyinə ümid edənlər hələ də orada fəaliyyətlərini davam etdirməkdədirlər. Yeri gəlmişkən, onu da qeyd edək ki, bugünlərdə Müsavatın sabiq başqan müşaviri Hüseyn Məlik istefasından sonra təmsil olunduğu "Azərbaycan Demokratiya və Rifah Hərəkatı" (ADR) adından çıxış edərək təəssüflə qeyd edib ki, o partiyanın belə bir vəziyyətə düşməsindən təəssüflənir. O cümlədən, xüsusilə eks-müsavatçıların oradan qovulanların və öz xoşluqları ilə istefa verənlərin qurumuna çevrilmiş bir çox "ADR" təmsilçiləri - Ellada Məmmədli, Səxavət Əlisoy və başqaları belə bir halda Müsavatın tez bir zamanda siyasi arenadan silinəcəyini istisna etmirlər.

Bu arada, daha bir tanınmış müsavatçı, indinin özündə də partiyada təmsilçiliyini davam etdirən Tural Abbaslı da eyni motivdən çıxışlar edir, A.Hacılının öz işinin öhdəsindən gələ bilmədiyini müxtəlif səpgili açıqlamalarında bəyan edir. Qeyd etmək yerinə düşərdi ki, T.Abbaslı da başqanlığa namizədliyini irəli sürən şəxs kimi, sonradan qurultay zamanı başqanlıq seçkisinin saxta olması iddiası ilə çıxış etmişdi. Daha sonradan fraksiya yaradacağını da iddia edən Abbaslı bu işi təxirə salaraq, artıq Müsavat rəhbərliyi ilə heç bir məsləhətləşmə aparmadan "Ağ blok" yaratdığını bəyan edib. Daha dəqiq desək, o blokun yaradılmasını seçkilərə hazırlıq işi kimi səciyyələndirib. Bu, həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, Müsavat partiyası aşkar parçalanmış vəziyyətdədir və yox olmaq təhlükəsindən yaxa qurtara bilməyəcək.

Tural Abbaslının verdiyi bəyanatlardan biri də məhz Arif Hacılıya qarşı yönəlib. Sitat: "Müsavat Partiyasının sədri Arif Hacılı təşkilatın üzləşdiyi böhrandan çıxış yolu və istefaların qarşısını almaq məqsədi ilə ciddi addımlar atmalıdır, əks təqdirdə bu tarixi məsuliyyət onun üzərində qalacaq".

Göründüyü kimi, artıq o bununla demək istəyib ki, yaxın zamanlarda onun da istefası reallaşa bilər. Çünki Müsavatın məhv olmasının zamanı həmin partiyanın üzvü kimi qalmaq onun da üzərinə müəyyən günahlar qoya bilər. Bu baxımdan, o bir daha bəyan edib ki, Müsavat partiyası 2014 - cü ildə keçirilən sonuncu qurultayından sonra xeyli zəifləyib: " Partiyanın yeni seçilən başqanı Arif Hacılı təşkilatın nəinki gücləndirilməsi, möhkəmlənməsi istiqamətində addımlar atdı, əksinə, partiyanın zəifləyərək parçalanmasına, davamlı istefalara şərait yaratdı. Belə ki, o sədr seçilən kimi partiyadakı qrupunun mövqelərinin möhkəmlənməsi istiqamətində addımlar atdı ki, bu da təbii olaraq Müsavat kimi bir demokratik partiyada qəbul olunan hal deyildi. Və bu öz mənfi təsirini göstərdi. Çünki bura toplaşanlar şəxsin ətrafına deyil, ideya ətrafına toplaşan insanlar idi və ölkə ictimaiyyətində xeyli nüfuza malik idilər".

Lakin T.Abbaslının növbəti açıqlaması elə də inandırıcı təsir bağışlamır. Məsələn, o daha sonra bildirib ki, partiya başqanı A.Hacılı istefa verənlərin geri qaytıması üçün ciddi tədbirlər planı hazırlamalıdır: "Lazım gələrsə kompromisə getməli, güzəştlər planı hazırlamalıdır. Daha bunlara sıradan olan istefalar və yaxud bunun partiyaya təsir edəcəyi kimi yanaşamaq yanlışlıqdır. Çünki gələcəkdə də belə istefalar istisna deyil, odur ki, qabaqlayıcı tədbirlər görülməli və gedənlərin qarşısı alınmalıdır. Bir daha deyirəm, ələlxüsus da seçkiöncəsi bir vaxtda."

Ancaq Müsavatda hər hansı bir kompromisə gediləcəyini proqnozlaşdırmaq olmaz. Gedənlərlə qalanlar arasında elə bir körpülər yandırılır, elə bir ittihamlar səslənib ki, ortada siyasi barışığın əldə ediləcəyini düşünmək sadəcə sadəlöhvlük olardı. Bu baxımdan, A.Hacılı başqanlıq missiyasını ələ aldıqdan, zəbt etdikdən sonra onun bu addımını dəstəkləməyənlər bir daha ora geri dönməyəcəklər. Ən yaxşı halda, Müsavatdan gedənlər bir yerə toplaşaraq, simvolik şəkildə "Müsavat 2" partiyasını yarada bilərlər. Hətta bu olsa belə, Müsavatın qorunması məsələsi yenə də sual altında qalacaq. Belə ki, əgər bir partiyadan ölkədə ikincisi fəaliyyət göstərəcəksə, demək bu siyasi son, siyasi iflas anlamını isbatlayacaq. Artıq deyilənlər də öz təsdiqini tapmaqdadır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər