Bu gün radikal müxalifətin təfəkküründə hakimiyyətə qarşı ifratçılığın, patoloji nifrətin hökm sürməsi, dövlətə və milli maraqlara qarşı durmaqla ideoloji boşluğu doldurmağa çalışması onların daxilindəki zəiflklərini nümayiş etdirən digər səbəblərin meydana çıxmasını şərtləndirir. Burada, əlbəttə ki, bir daha siyasi təfəkkür problemi alt bazisi təşkil edir. Çünki radikal müxalifət opponent olduğu üçün hakimiyyətə qarşı yalnız qərəzli tənqidlə çıxış etsə də, predmetin nədən ibarət olduğunu anlamır. Məsələyə münasibət bildirən KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, hərə bir tərəfdə özünü lider elan edir: "Ona görə də, müxalifət vahid mövqeyə gələ bilmir".
M.Mirəlioğlu müxalifət düşərgəsində yaranmış bu durumun səbəbini düşərgədə olan bəzi adamların zəif xarakterə sahib olmalarından irəli gəldiyini deyib: "Artıq parlament seçkilərinə 3 aya yaxın bir vaxt qalıb. Lakin hələ də seçki siyahısı ilə bağlı didişmələr, bir-birilərini təhqir etməklə davam edir, bu göz qabağındadır. Hamı birinci olmaq istəyir, ancaq nəinki birinci, heç axırıncı da ola bilmir. Çünki düşərgədə qolçomaqlıq prinsipi var. Seçkiyə bir müddət qalmış bir adam bir təklif verəcək, müzakirə olunacaq, qərarlar qəbul olunacaq, bu gün bir yerdə olanlar sabah ayrılacaq, ayrı olanlar isə sabah bir arada olacaqlar. Onsuz da hər dəfə taktika dəyişir, amma nəticə olmur. Mənə elə gəlir ki, taktikadansa, bu adamların məsələlərə münasibəti, özləri dəyişməlidir. Çox təəssüf ki, bu, yoxdur. Gəlişi gözəl sözlər deyirik, təmtəraqlı fikirlər səsləndiririk, amma gözlədiyimiz nəticə alınmır".
Pərən-pərən olmuş müxalifət
KXCP sədri bu gün güclü müxalifətin olmadığını bildirib. Vurğulayıb ki, deyərdim ki, mövcud müxalifət çox zəifdir, pərən-pərəndir və bu dağınıq qüvvənin konkret vahid mövqeyinin olması da mümkün deyil: "Müxalifət düşərgəsində bir qolçomaqlıq prinsipi var. Hərə bir tərəfdə özünü lider elan edir. Biri deyir ki, ən böyük güc mənəm, çünki səfirlər mənimlə görüşür. Digəri bildirir ki, mənim yaşım səndən çoxdur, mən daha böyük müxalifətəm. Başqa biri də deyir ki, dünya məni tanıyır. Yəni bütün bunlara görə, müxalifət vahid mövqeyə gələ bilmir. Müxalifətin hansı uğurundan danışmaq olar? İndi, ola bilsin, kimsə desin ki, Mirmahmud pessimistdir, amma bu, bir reallıqdır. 23 ildir hər şey öz yerindədir, heç bir dəyişiklik yoxdur".
Ü.ƏSGƏROV