PDF Oxu

Müxalifət

  • 1 073

"Müqəvvaya bənzəyən müxalifət"

"Müqəvvaya bənzəyən müxalifət"
Eks-spiker Rəsul Quliyev Müsavatı ələ saldı

Parlamentin keçmiş sədri Rəsul Quliyev özünün də mənsub olduğu müxalifət düşərgəsini növbəti dəfə aşağılayıb. Ölkə müxalifətini müqəvvaya bənzədən R.Quliyev bildirib ki, əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də xalq müqqəvva müxalifətə dəstək ola bilməz: "Kimə dəstəkdən söhbət gedir? Xalq müxalifətə müqəvva kimi baxır. Məgər mən müqəvvaya dəstək verə bilərəmmi?! Çünki seçici partiyanın adını eşidən kimi gözünün qabağında onun boş-boş danışan lideri canlanacaq".

R.Quliyevin müxalifət daxilində Azərbaycan Xalq Cəbhəsinə sahiblik iddialarına münasibəti də sərt olub: "Çox xəcalət çəkiləsi haldır. Birincisi kimisə qonaq çağırıb onu fitə basmaq, dəvət edənin (şəxsiyyətin kimliyindən və şəxsi münasibətindən asılı olmayaraq) ya tədbirə hazırlıqsız olduğundan, ya da iclası idarə edə bilməməsinə dəlalət edir. Bu günü olmayan insanlar və ya təşkilatlar keçmişdə özləri üçün qəhrəmanlıq anları axtarırlar".

"Mənim adımı çəkməklə özlərini reklam edirlər"

R.Quliyev hazırkı başqan Arif Hacılını tənqid edərək, onun nəinki başqan, heç müavin olmaq potensialının da olmadığını deyib. R.Quliyev Müsavatda baş verən son olaylardan sonra partiyanın sıravi üzvlərinin halına acıdığını da qeyd edib: "Sözün əsl mənasında mənim Müsavatın sıravi üzvlərinə yazığım gəlir, bir ambisioz insana görə partiyalarını itirirlər. Partiyada baş verən istefalar onu göstərir ki, artıq Musavat partiyası yoxdur. Bir də yalanlardan çıxan müxalifət bu gün gedib yerlərində oturmalıdırlar. Çünki özlərini müxalif liderlər adlandıranlar var ki, yaşları 50-ni keçməsinə baxmayaraq gördükləri işləri ardıcıllıqla toplasan bir vərəq kağıza sığışar. O vərəqdə də, sadəcə olaraq nə vaxt anadan olub və nə vaxt institutu qurtarıb və 23 ildir Azərbaycan dilində heç bir əhəmiyyət kəsb etməyən çıxışlardan başqa bir şey tapıb yazmaq mümkün deyil. Bu insanlar görmədikləri, hətta eşitmədikləri işlərdən saatlarla danışa bilərlər. Bu tip adamlar ona heç kimin qulaq asmadığına, artıq dediklərindən bezdiklərinə fikir vermədən danışacaqlar, çünki başqa iş bilmirlər, çünki çörəkləri ondan çıxır. Bu tip insanlara istənilən real və konkret iş tapşırılsa, o iş dağılacaq,çünki insan ancaq danışmaqda, ona-buna böhtan atmaqda pərgardır. Bu tip adamlara demokratiya uğrunda mübarizə aparıb qələbə çalmaq tapşırılsa, aydın məsələdir ki, o ölkədə demokratiyanın vəziyyəti necə olmalıdır. Bu adamlar kiminsə atdığı və real nəticə verən işlərini öz adlarına çıxmaqda ustadırlar".

"Bu dəqiqə Azərbaycanda müxalifət deyilən heç bir şey yoxdur, özünü müxalifət adlandıranlar var"-deyən R.Quliyev onların 23 ildən çoxdur xülyalarla yaşadıqlarının söyləyib: "Özünü müxalifət adlandıranların düşərgəsində yenidən hər şey pozulub və pozulacaq da. Guya 2015-ci il noyabr seçkilərindən sonra yenidən hər şey pozulacaq. Mümkün deyil ki, 23 il müddətində daim uduzan bir təşkilat özünü müxalifət adlandırsın və müxalifət kimi də fəaliyyətini davam etdirsin. Bu, tarix elminə ziddir. Ona görə də, Azərbaycanda müxalifətdən danışmaq gülüncdür".

R.HÜSEYNOVA