Məlum olduğu kimi, AXCP-də illərdir davam edən qruplararası savaş parlament seçkiləri ərəfəsi yenidən güclənib. Buna səbəb isə partiya sədri Əli Kərimlinin partiyanın maraqlarını şəxsi maraqlara qurban verməsidir. Məhz bunun nəticəsində AXCP-dən istefaların növbəti mərhələsi başlayıb. Daha doğrusu, bundan öncə Akif İslamzadənin, partiya sədrinin müavini Asəf Quliyevin, sədrin müşaviri Şakir Abbasovun, müavinlər Razi Nurullayevin, Əbülfəz Qurbanlının və başqalarının ard-arda istefa verməsi, əslində, AXCP-də hansı gərgin bir idarəçilik mühitinin olmasından xəbər verirdi. Son vaxtlar isə AXCP-dən istefa verənlərin sayı yenidən artıb.
Həsən Kərimov-Gözəl Bayramlı "birliyinin" hegemoniyası
Bəzi məlumatlara görə, istefaların intensivləşməsinə, eləcə də, qruplararası savaşın güclənməsinə səbəb partiya daxilində özünü "Əli Kərimliyə yaxın dairə" kimi təqdim edən və bununla da bütün partiya idarəçiliyini ələ alan, xarici maliyyəni öz ətrafında toplayan Həsən Kərimov-Gözəl Bayramlı "birliyinin" apardığı hegemoniyadır. Bu qruplaşmanın partiyadaxili digər qruplaşmaya - Fuad Qəhrəmanlı-Sahib Kərimli qruplaşmasına qarşı apardığı savaş azsaylı partiya üzvlərinin də AXCP sıralarını tərk etmələrinə səbəb olur.
Partiyanın sədri Əli Kərimlinin despotizmə söykənən idarəçiliyinə qarşı olan gənclərin qovulması, Həsən Kərimov-Gözəl Bayramlı qruplaşmasının hegemoniyasına etiraz edən partiya üzvlərinə qarşı isə təzyiqlər edilməsi, hətta döyülməsi faktları mövcuddur. Məsələn, partiya rəhbərliyində təmsil olunan şəxslər tərəfindən döyülən və AXCP-dən istefa verən partiyanın Nərimanov rayon təşkilatının sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlu bildirib ki, onu AXCP-də olan cinayətkar qruplaşma döyüb. Onun sözlərinə görə, cinayətkar bəlli, döyən və döyülən bəllidir və S.Kərimli cəzalandırılmalıdır. A.Tanrıverdioğlu onu da bildirib ki, Sahib Kərimli ilə barışmaq niyyətində deyil.
Qeyd etmək lazımdır ki, AXCP-də qruplararası mübarizə bununla yekunlaşmır. Belə ki, artıq bir sıra şəxslər məhz Ə.Kərimli və ona yaxın olan qrup tərəfindən istefaya məcbur edilirlər. Məsələn, AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirli məhz sədrə yaxın Həsən Kərimov-Gözəl Bayramlı "birliyinin" səyi, arzusu və tələbi ilə partiyadan istefa verib. Onu da vurğulayaq ki, uzun illərdir partiyada fəaliyyət göstərən R.Daşdəmirlinin istefası bir sıra şəxslərin də AXCP-dən ayrılmasını şərtləndirə bilər. Məsələn, R.Daşdəmirliyə yaxınlığı ilə seçilən Arzuman Məcidlinin də yaxın günlərdə AXCP-dən istefa verəcəyi gözlənilir. S.Kərimlinin rəhbərlik etdiyi qruplaşmaya yaxın olan bu adıçəkilən şəxslərin istefaya məcbur edilməsi isə bir daha göstərir ki, Ə.Kərimli sədrlik kürsüsünü əldən verməmək üçün hər kəsin, hətta illərdir ki, partiyadaşı olduğu insanların belə üzərlərindən xətt çəkməyə hazırdır.
Beləliklə, vəziyyət getdikcə daha şiddətli mövqeyə doğru inkişaf edir. Bütün bunlar Əli Kərimli və onun yaxın ətrafının hansı xislətə malik olduğunu göstərir. İnsanlıqda AXCP sədri və ətrafının xislətinə bələd olduğu üçün bu düşərgədən uzaq gəzir. Bu isə AXCP-nin parlament seçkilərinə qədər növbəti parçalanmadan yaxa qurtara bilməməsi ilə nəticəsini tapacaq. Artıq onun ilk şrtixləri də görünməkdədir.
R.HÜSEYNOVA