PDF Oxu

Müxalifət

  • 989

Dağıdıcı müxalifətin seçkiöncəsi ziddiyyətləri

Dağıdıcı müxalifətin seçkiöncəsi ziddiyyətləri

Çıxış yolu siyasi arenanı tərk etməkdir

Parlament seçkiləri yaxınlaşdıqca Azərbaycanda mövcud ictimai-sabitliyi pozub, siyasi maraqlarını təmin etmək istəyən qüvvələrin fəallıqları artmaqda davam edir. Bu kimi qüvvələrlə yaxın təmaslarda olan tərəflər də məhz dağıdıcı müxalifət düşərgəsinin "liderləri"dirlər. İstər partiyalardaxili, istərsə də partiyalararası münasibətlər çərçivəsində yaşanan və tez-tez dəyişən olaylar təbii ki, ictimai nəzərlərdən də yan keçmir. Bu xüsusda, cəmiyyətin post-seçki dövründə müxalifət düşərgəsinin dağıdıcı qanadına barmaqarası baxması da təbii görünməkdədir. Çünki bu və ya digər formada cərəyan edən hadisələr fonunda başqa cür davranmaq, münasibət sərgiləmək də mümkün deyil.

Digər tərəfdən, özlərini ənənəvi müxalifət kimi qələmə verən siyasi partiya "liderləri" də yaxşı bilirlər ki, 25 ildən artıq müddət ərzində heç bir uğura imza ata bilməməyin sonu siyasi arenanı tərk etməklə nəticələnir. Bu faktor, əslində beynəlxalq siyasi təcrübədə də özünü göstərib. Çünki siyasi karyerada ciddi irəliləyişlərə nail ola bilməmək amili həm də o anlamı verməkdədir ki, həmin fərdlər (uduzan tərəflər - R.H.) idarəçilik qabiliyyətinə malik deyillər və bu səbəbdən də nüfuzlarını saxlamaq şərtilə daha güclü tərəfin qalibiyyətini qəbul edirlər. Əvvəldən qeyd etdiyimiz kimi, sözügedən təcrübə bir çox ölkələrin siyasət meydanlarında mübarizə aparan siyasilər tərəfindən sınaqdan çıxarılıb.

"Mehriban düşmənlər"in fərqli baxışları

Göründüyü kimi, müxalif sayılan düşərgədə artıq seçkiərəfəsi ciddi proseslər baş verməkdədir. Xüsusilə də, qurultaydan sonra parçalanmaya məruz qalmış, demək olar ki, bütün tanınmış simalarını itirmiş Müsavat partiyası bəyan edib ki, artıq 50 dairə üzrə namizədlərini müəyyənləşdirib. Ancaq partiya rəhbərliyi hələ də aydınlıq gətirməyib ki, məqbul olmayan seçki şəraitində uğur platforması nədən ibarətdir...

AXCP-nin təsiri altında olan "Milli Şura"da birləşənlərin də seçkilərlə bağlı birmənalı mövqeyi yoxdur. "Milli Şura" üzvlərinin parlamentdə təmsilçiliyi daha çox seçkilərdən əvvəl Qərbin vasitəçiliyi ilə aparılacağı bildirilir və qeyd edilir ki, əgər birmənalı təminat olmayacaqsa, böyük ehtimala, "Milli Şura" seçkiləri boykot yolunu seçəcək. Çünki Qərb üçün "Azərbaycanda yeganə müxalif qüvvə "Milli Şura"dır" təəssüratının yaranması üçün əlindən gələni edir və buna nail də olur.

Qabil Hüseynli: "Boykot siyasi partiya üçün seçkilərdə təcrübə qazanmaq baxımından düzgün addım deyil"

Seçkiöncəsi vəziyyəti dəyərləndirən politoloq Qabil Hüseynli qəzetimizə verdiyi açıqlamasında bildirib ki, parlament seçkilərilə bağlı məsələlr müzakirə səviyyəsindədir və cəmiyyətdə hiss olunmur: "Müxalif qüvvələrin əsas aparıcı partiyalarından olan Müsavatdakı son parçalanmalar partiyanı çox zəif salıb və partiya seçkidə iştirak edib-etməmək haqqında düşünmək faktı qarşısında qalıb. Digər müxalifət qüvvələrin təmsil olunduğu "Milli Şura" da seçkiləri boykot etmək barədə bəyanatlar səsləndirməkdədirlər. Guya ki, AXCP seçkidən heç nə gözləmədiyindən belə bir qərar verib. Bu isə siyasi partiya üçün yanlış taktikadır. Bir də, siyasi partiyanın əsas qayəsi ölkədəki siyasi proseslərdə və seçkilərdə iştirak etməkdir və boykot siyasi partiya üçün seçkilərdə təcrübə qazanmaq baxımından düzgün addım deyil. Müxalifətin digər aparıcı partiyalarından olan KXCP-də də vəziyyət o qədər ürəkaçan deyil. Burada da daxili ziddiyyətlər mövcuddur və bu ziddiyətlər də partiyanın seçkilərdə uğurlu iştirakına mane olur. Seçki bloklarında da vəziyyət qaneedici səviyyədə deyil. Çünki bu bloklar da cəmiyyətdə kifayət qədər siyasi güc kimi formalaşa bilməyiblər".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər