VİP sədri: "Bu xəttin tərəfdarları olan təşkilatlarda durum qənaətbəxş deyil"
Parlament seçkiləri ərəfəsində radikalizm xəttini tutmuş müxlaifət partiyalarının hər hansı bir uğur əldə etməyəcəklərini özləri də yaxşı anlayırlar. Gah boykot qərarı, gah da "demokratik seçki mühitinin olmaması" kimi bənzər və köhnəlmiş bəhanələri ilə gündəmdə qalmağa çalışan AXCP, Müsavat kimi partiyalar yalnız radikal siyasətləri ilə istədiklərinə çatacaqlarını düşünürlər.
Ancaq düşərgədə mövcud olan digər cinahdakı müxalifət parityaları artıq radikalizm meyarının müasir siyasət tandemi ilə üst-üstə düşməyəcəyini bildirirlər.
"Müxalifətin elektoratının səsinin parçalanacağını görməmək mümkün deyil"
Məsələn, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin fikrindən də görünür ki, müxalifət daxilində iki siyasi xəttin təmsilçiləri var - ölkədaxili siyasi vəziyyəti sivil yollarla qiymətləndirməyi bacaran konstruktiv müxalifət və şəxsi ambisiyalar xatirinə dağıdıcılıq istiqamətini seçən müxalifət. Sitat: "Bunlardan bir qrupu ölkədəki status-kvonu real qiymətləndirərək hakimiyyətlə masa arxasında danışmağı məqsədəuyğun hesab edir, mövcud olan problemləri sivil şəkildə həll etməyə çalışır. Digər tərəf isə daha çox qarşıdurma və düşmənçiliyi təbliğ edən xətti müdafiə edir".
Məhz bu amili önə çəkən VİP sədri hesab edir ki, belə olan şəraitdə seçki prosesinin nəyə gətirib çıxaracağını öncədən müəyyən etmək olmur. Bu səbəbdən, əgər müxalifət düşərgəsi ümumi razılıq kontestindən çıxış edərək, bir araya gəlməyi bacarsaydı mövcud problemlərdən uzaq olardı, hətta seçkilərdə uğur da qazana bilərdi: "Düşərgənin durumu daha yaxşı ola bilərdi. Müxalifətin elektoratının səsinin parçalanacağını görməmək mümkün deyil. Seçki ərəfəsində bu düşərgənin 3-4 bloku formalaşacaq. Üstəlik, bir neçə təşkilat namizədlərini irəli sürəcək. Mənim mətbuatdan izlədiyim odur ki, bu xəttin tərəfdarları olan təşkilatlarda durum qənaətbəxş deyil. Əvvəla, bu düşərgədə seçkilərə qatılmaq ovqatı mövcud deyil. Məncə, həmin düşərgənin seçkilərə qatılmamaq potensialı da qalır. Həmin qrupun aparıcı şəxslərinin verdiyi açıqlamalardan belə anlaşılır ki, seçki həvəsi gözə çarpmır".
"Azərbaycan iqtidarı ölkənin real güc qütbüdür"
VİP sədri etiraf edir ki, bugünkü hakimiyyət ölkənin real gücüdür və bunu nəzərə almaq mütləqdir. O, bununla bağlı dialoq mühitinin də önəmini qeyd edərək, məhz kompromislər yolu ilə ölkənin siyasi ab-havasına yeniliyin mümkünlüyü barədə fikir bildirib. Ona görə də radikal siyasi xətt hər zaman məhvə məhkumdur. O cümlədən, ictimai rəy də radikalizm siyasətini rədd edir, ona inanmır: "Bu düşərgədə də real vəziyyət cəmiyyətə təqdim edildiyi kimi deyil. Həm beynəlxalq, həm də ölkədaxili şərtlərin nədən ibarət olduğunu hamı gözəl anlayır. Azərbaycan iqtidarı ölkənin real güc qütbüdür. Bu qütbü nəzərə almamaq mümkün deyil. Bu gücü nəzərə almamaq, ona qarşı tərs mövqe nümayiş etdirmək öncədən uğursuzluğu bəlli olan siyasi xəttin aparıcısı olmaq deməkdir. Yürüdülən radikal siyasi xətt öncədən məğlubiyyətə məhkumdur. Bunu indidən demək olar. Təəssüflər olsun ki, bu cür xətt seçicini həvəsləndirmir, əksinə, ruhdan salır, inamsız edir. Bu mənada hesab edirəm ki, bizim ifadə etdiyimiz mövqe, yəni hakimiyyətlə dialoq əhvali-ruhiyyəsi daha düzgün xətdir".
"Kütləvi aksiyaların standartı bəzi partiyalar tərəfindən aşağı salınıb"
VİP sədri təmsil olunduqları "Azadlıq-2015" seçki blokunun mitinq keçirmək qərarını da alqışlamadığını etiraf edib. Ə.Əliyevin fikrincə, bu vaxta qədər AXCP-nin, "Milli Şura"nın və Müsavat partiyasının keçirdikləri uğursuz mitinqlər, dəstəklənməyən aksiyalar artıq mitinq anlamını kifayət qədər kölgədə qoyub. Hətta onun təmsil olunduğu "Azadlıq-2015" seçki bloku həmin təşkilatlardan artıq adam toplayaraq, mitinqlər, aksiyalar keçirsələr belə, həmin tədbirlərin istənilən nəticə verməyəcəyini düşünmək mümkündür. Partiya sədri mitinq məsələsinin irəli sürülməsində lüzumun olmadığı qənaətindərir: "Bu, əslində, blokun daxilində olan bir neçə partiyanın təşəbbüsüdür. Biz bu məsələni iyulun əvvəllərində müzakirə etmişik. Blok nümayəndələri hesab edirlər ki, kütləvi aksiyaların standartı bəzi partiyalar tərəfindən aşağı salınırsa və ölkədə 500-1000 nəfərlik tədbirin keçirilməsi mitinq kimi qiymətləndirilirsə, bizim imkanlarımız bu rəqəmdən də çox insanın toplaşdığı aksiya keçirməyə imkan verir. Lakin hələlik buna ehtiyac yoxdur".
Göründüyü kimi, VİP sədri son illərə qədər partiyasının radikal kəsimdə olmasından heç bir səmərə əldə etmədiyini təsdiq edir və hazırda konstruktivlik və dialoqa getmək yolu ilə siyasi uğur əldə edilə biləcəyini bildirib. Bunu eyni zamanda AXCP -yə və Müsavata ismarıc kimi də qiymətləndirmək olar.
R.RƏSULOV