TƏRS BAXIŞ
Müsavat partiyasının gənclər təşkilatının sabiq sədri, təşkilatın keçmiş divan üzvü və başqanlığa namizədi Tural Abbaslının bu günlərdə "Ağ blok" adlı siyasi qurumun yaradılması üzərində iş aparıldığını bəyan etməsi ənənəvi düşərgəni silkələyib. Həm Müsavatın hazırkı rəhbərliyi, həm də AXCP üçün "Ağ blok"un kabusa çevrildiyini kifayət qədər ehtimal etmək mümkündür. Təbii ki, buna səbəb də var.
İsa Qəmbər Tural Abbaslı ilə bağlı fikirlərində hansı yanlışlığa yol verib?
İlk öncə qeyd etmək olar ki, T.Abbaslını Müsavat partiyasında hələ də ciddi fiqur kimi qəbul etməyənlər bu düşüncələrində yanıldıqlarının fərqinə indi-indi varmağa başlayıblar. Düzdür, partiyanın qurultayından qabaq ictimai rəyin gözündən pərdə asmaq üçün eks-başqan İ.Qəmbər T.Abbaslının başqanlığa namizədliyinə bir söz demədi. Halbuki, Abbaslı həm də partiya divanının üzvü idi. Partiya rəhbərliyi belə hesab edirdi ki, T.Abbaslı ən uzağı divan və məclis üzvü kimi partiyadakı postlarını qazanıb, təşkilatdaxili avtoritar idarəçilik prosesləri ilə barışacaq. Yəni yeni rəhbərliyin - Arif Hacılı klanının təşkilata rəhbərlik etməsinə göz yumacaq. Hətta qurultaydan sonra hazırda "Azərbaycan Demokratiya və Rifah Hərəkatı"nı yaradanların saxta seçkilərə qarşı ittihamları səslənərkən, T.Abbaslı bir müddət sakit davranmağı tərcih etmişdi. Üstəlik, sabiq başqan onun bu sakitliyini qiyamçılara örnək də göstərmişdi. Ancaq burada böyük yanlışlığa yol vermişdi. Çünki az sonra T.Abbaslının fraksiya yaratmaq ideyası ortaya çıxdı. O, fraksiyanın partiyadaxili müxalifət qismində çalışacağını bəyan etdi. Amma fraksiya hansı səbəbdənsə yaradılmadı və...
Əbülfəz Qurbanlıdan Tural Abbaslıya çətin anında dəstək olacaqmı?
Bu günlərdə T.Abbaslı "Ağ blok"da təmsil olunacaq şəxslər barədə danışarkən bildirib ki, orada yalnız müsavatçılar deyil, eyni zamanda müxalifətin digər partiya təmsilçiləri də iştirak edəcəklər. Onun bu açıqlaması isə yuxarıda da qeyd etdiyimiz kimi, həm təmsil olunduğu Müsavat rəhbərliyində, həm də AXCP-də çaşqınlığa səbəb olub. Çünki belə bir bəyanatın verilməsi bilavasitə özlərini ölkənin aparıcı müxalifət partiyaları hesab edən Müsavata və AXCP-yə bir ultimatum, savaş elanı idi. Özü də gənclər tərəfindən. Çünki bildiyimiz qədər T.Abbaslı artıq gənclər təşkilatının sədri olmamasına baxmayaraq, bu gün onun ətrafında çoxsaylı fəallar toplaşıb və hər dediyi fikri ilə razıdırlar.
Ancaq daha bir maraqlı məqam yaxınlarda AXCP-dən istefaya getmiş Əbülfəz Qurbanlının adı ilə bağlıdır. Belə ki, o da sədr müavini olana qədər cəbhənin gənclər qoluna rəhbərlik edib, onun da ətrafında kifayət qədər tərəfdaşı mövcuddur. T.Abbaslının "Ağ blok"da bütün müxalifət partiyaları təmsilçilərinin olacağı barədə fikirləri isə belə deməyə əsas verir ki, Ə.Qurbanlı onunla birgə bu bloku idarə edərək, aparıcı müxalifət partiyalarına meydan oxuyacaqlar.
Parçalayıcı dalğa "Ümid"i, ADP-ni, KXCP-ni, "Milli Şura"nı da vura bilər
Bu da son deyil, ümumiyyətlə, həmin blokda ADP-dən, "Ümid"dən, KXCP-dən, hətta "Milli Şura"dan da təmsilçilər ola bilər. Qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar yaradılacaq blokun sonradan siyasi partiyaya çevriləcəyini də istisna etmək olmaz. Yəni bu, hələlik gələcəyin işidir.
T.Abbaslı bu haqda danışarkən deyib ki, "Ağ blok" elə mexanizmlə yaradılıb ki, siyasi partiyalar xətti ilə namizədliyini irəli sürən şəxslərlə bağlı məhdudiyyət yaranmır. Onun sözlərinə görə, blokda təmsil olmaq siyasi partiyada fəaliyyətə maneə yaratmır: "Odur ki, bizdə ilkin mərhələdə "Milli Şura"dan, "Ümid" partiyasından, Müsavatdan, KXCP-dən namizəd olacaq şəxslər var. Bu, müxtəlif namizədlərin güclərinin bir araya gətirilməsi deməkdir. Biz hesab edirik ki, siyasi fəaliyyəti olan, siyasi səhnədə olan gənclər artıq kimlərinsə səhv, ölçülüb-biçilməyən qərarlarının acısını çəkməməlidir. Əksinə, özləri müstəqil qüvvə kimi meydana çıxmağı bacarmalıdır".
Tural Abbaslı: "Qapımız hamının üzünə açıqdır"
Artıq planlar yavaş-yavaş reallaşır. Abbaslı ilk olaraq, AXCP ilə anlaşma olacağı fikrini rədd etmir: "AXCP-dəki gənclərlə danışıqlarımız davam edir. Digər gənclərlə də, bu istiqamətdə müzakirələrimiz var. Qapımız hamının üzünə açıqdır".
Nəticə etibarilə həm də belə demək mümkündür ki, "Ağ blok" bir tərəfdən, müxalifətdə mövcud olan avtoritar idarəçiliyə etiraz əlaməti olaraq müstəqil addımlar atmaqla qərarlar verməklə, bir növ yeni birləşdiricilik kampaniyasını gerçəkləşdirməklə yanaşı, həm də düşərgədaxili parçalanmaya da təkan vemiş olurlar. Məsələn, bu gün müxalifət partiyalarında elə şəxslər də mövcuddur ki, onlar rəhbərliyin hətta yanlış qərar verməsi ilə də barışmalı olurlar. Baxmayaraq ki, daxillərində narazıdırlar. Belə olan təqdirdə, həmin şəxslərin yeni nəfəs üçün öz partiyalarından imtina edib "Ağ blok"a qoşulmaları real görünür. Ona görə də qənaətə gəlmək mümkündür ki, əgər "Ağ blok" bir tərəfdən birləşdiricilik funksiyası rolunu üzərinə götürübsə, o biri tərəfdən də parçalayıcılıq amili ilə seçilir. Bütün mənalarda yaxın gələcək bu prosesin məntiqi nəticəsini göstərəcək.
Rövşən NURƏDDİNOĞLU