PDF Oxu

Müxalifət

  • 4 284

Müxalifət radikallığı ilə nə əldə edib?

Müxalifət radikallığı ilə nə əldə edib?

Və ya konstruktiv-radikal müxalifətin fərqi

Şəxsi ambisiyalar, yersiz iddialar, hər şeyə düşmən münasibət bəsləmək narazı qüvvələri daha çox həqiqi müxalifət çərçivəsindən çıxararaq, ifrat və dağıdıcı bir quruma çevirir, eyni ilə Azərbaycanın dağıdıcı müxalifəti kimi.

Azərbaycanda müxalifətin konstruktiv və dağıdıcı adlı iki qütbdən ibarət olmasının isə bir çox maraqlı məqamları var. Belə ki, dağıdıcı müxalifət özünü daim cəmiyyətin əsas stimulverici qüvvəsi, onların rəhbərləri isə özlərini "lider" kimi qələmə verirlər. Lakin müxalifətin ölkədə baş verən hadisələrə münasibətindən, dövlətçiliyə göstərilən xidmətdən aydın olur ki, radikallıq dövlətə və millətə düşmən olmaqdır. Bunu başa düşənlər də var. Heç də təsadüfi deyil ki, müxalifətin daha dağıdıcı qanadı olan Müsavat və AXCP-də istefa verənlər artıq anlayırlar ki, radikallıq düzgün mübarizə yolu deyil və bu yol ancaq məğlubiyyətə aparır. Məsələn, vaxtilə Fazil Qəzənfəroğlu ilə AXCP sədri Əli Kərimli eyni cəbhədə idilər. Sonradan onların yolu ayrıldı, F.Qəzənfəroğlu konstruktiv mövqe tutdu və Böyük Quruluş Partiyasını yaratdı. BQP indi də konstruktiv müxalifətə daxildir. F.Qəzənfəroğlu AXCP-nin şinelindən çıxsa da, hal-hazırda BQP ilə AXCP arasında olduqca ciddi fərqlər var. Bundan əlavə, F.Qəzənfəroğlu cəbhəçi olanda onu da anlayırdı ki, radikallıq onu cəmiyyətin təmsilçisi hüququndan məhrum edir və ən azı öz ətrafına sosial baza toplamaqda problemlər yaradır. Bu da təsadüfi deyil ki, F.Qəzənfəroğlu 2010-cu il parlament seçkilərində qələbə qazanaraq, millət vəkili seçildi. Yəni dövlətçiliyə qarşı çıxmaq, milləti təhqir etmək və məmurlar haqqında şayiələr yaymaq radikalizmin emblemidir. Bu mövqe radikalları sosial bazadan, obyektiv münasibətdən məhrum edir.

Belə misalları çox çəkmək olar. Başqa bir misal: millət vəkili Musa Qasımlı Müsavat başqanı İsa Qəmbərin ən yaxın tərəfdaşlarından idi. Ancaq sonradan tarixi prosesləri çox gözəl bilən Musa Qasımlı da başa düşdü ki, Müsavatın varlığına məhz 2003-cü il son qoydu. Belə ki, prezident seçkilərində biabırçı formada məğlub olan İ.Qəmbər təxribatçı metodlara əl atdı. İ.Qəmbər 2003-cü il oktyabrın 15-16-da iyirmi-otuz müsavatçını, daha doğrusu, psixi xəstəni küçəyə çıxartdı, ölkədə təxribat yaratmaq istədi. Şübhəsiz, M.Qasımlı bunu görürdü. Elə bunun nəticəsidir ki, o Müsavatdan istefa verərək 2010-cu il parlament seçkilərində müstəqil namizəd kimi iştirak edərək, millət vəkili seçildi. Bu adamlar yaxşı anlayırdılar ki, YAP-ın alternativi yoxdur və Azərbaycan xalqı ölkə Prezidentinin ətrafında sıx birləşmişdir.

Dağıdıcı müxalifət deyir ki, Azərbaycanda infrastruktur bərbad vəziyyətdədir. Konstruktiv müxalifət isə radikalları başa salır ki, ətrafa baxsınlar. Yeniləşən Azərbaycanda aparılan tikinti-quruculuq işlərini-binalar, yollar, parklar və s... radikallara sübut kimi göstərirlər. Lakin onlar bunu görmək istəmirlər. İ.Qəmbər və Ə.Kərimli iddia edirlər ki, onlar Azərbaycan müxalifətinin və tarixinin ən böyük "lider"ləridir. Konstruktiv müxalifət isə sübut edir ki, XX əsr Azərbaycan tarixinin ən böyük lideri və rəhbəri Ulu Öndər Heydər Əliyevdir. İ.Qəmbər və Ə.Kərimli isə vətən xaini və erməni əlaltılarıdır.

Radikallar deyir ki, Azərbaycanda azad mətbuat yoxdur. Lakin bu, bir faktdır ki, dövlətimiz daima həm iqtidar, həm də müxalifət qəzetlərinə diqqət və qayğı göstərmişdir. Bu da təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə həm də müxalifət qəzetlərinə birdəfəlik maddi yardımlar olundu. Konstruktiv müxalifət dövlətimizin hazırkı siyasətini, ölkə Prezidentinin siyasi kursunu, həyata keçirdiyi uğurlu layihələri dəstəkləyir və yeri gələndə təkliflər verir. Radikallar isə buna da qeyri-obyektiv "libas" geydirirlər.

Beləliklə, dağıdıcı müxalifət Azərbaycanda nəyi görmək istəmirsə, onu ifadə etməyə çalışır. Elə buna görə də hər şeyə qara yaxır, məkrli niyyətlərindən əl çəkmirlər. Azərbaycan xalqı isə dağıdıcı müxalifəti çoxdan arxivə atıb.

Ü.ƏSGƏROV

Digər xəbərlər