Zaman-zaman müxalifət daxilində partiyalar arasında qarşıdurmalar, biri digərini gözdən salma kampaniyaları aparılıb. Ziddiyyətlərin daha kəskin olduğu partiyalardan isə kütləvi qopmalar baş verib. Bu gün də bu proses davam etməkdədir. Səbəb isə yenə də eynidir. Partiya sədrləri səhv siyasət aparır və sonda narazı sıravi üzvlər ən asan yolu - partiyadan istefa vermək yolunu seçirlər. Bu da nəticədə yenidən müxalifət partiyalarının parçalanmasına gətirib çıxarır. Vəhdət partiyasının sədri Tahir Kərimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, hər zaman müxalifət düşərgəsini təmsil edən partiyalardan istefa verən şəxslər olub və bundan sonra da olacaq: "Həmin şəxslərin də müxalifət partiyalarından ayrılmalarının əsas səbəbi də adıçəkilən düşərgədə irəliyə doğru heç bir addım atmamları ilə bağlıdır. Demək olar ki, bu da müxalifətin özünün iflasının göstəricisidir. Müxalifət liderlərinin düzgün siyasət aparmamalarının nəticəsidir ki, bu gün həmin müxalif partiyaları gərginlik içərsindədirlər. Müxalifət düşdüyü gərginlik vəziyyətindən çıxış yolunu axtarsa da, tapa bilmir. Uğursuz siyasət də özünü açıq şəkildə büruzə verir. Ümumiyyətlə, müxalifət qüvvələri biri-birini qəbul etmək istəmirlər. Bu da müxalifət liderlərinin şəxsi ambisiyalarının olmasından irəli gəlir".
Partiya sədri onu da vurğuladı ki, xalq arasında nüfuzu və sosial bazası olmayan müxalifətin ciddi təşviş keçirməsi səbəbsiz deyil: "Müxalifət partiyalarına rəhbərlik edən sədirlərin uğursuz fəaliyyətlərini partiyalarında da çox gözəl başa düşürlər. Yəni onlar uduzduqlarını, sosial bazalarını itirdiklərini və xalq tərəfindın heç bir siyasi dəstəyə malik olmadıqlarını başa düşürlər. Sadəcə olaraq, bunu etiraf etmək istəmirlər. Müxalifət partiyalarına rəhbərlik edən liderlər bu cür vəziyyətdə belə yenə də heç nə olmayıbmış kimi öz partiyalarına rəhbərlik edirlər".
T.Kərimli onu da bildirdi ki, AXCP sədri Əli Kərimli ilə "Milli Şura"nın sədri Cəmil Həsənli müxalif partiyaların parçalanmasında maraqlı olan və bunun uğrunda çalışan tərəflərdir: "Müxalifət partiyaları parçalanır. Amma AXCP də daxil olmaqla "Milli Şura"da təmsil olunanlar da istefa verirlər. Bu isə "sirkə nə qədər tünd olsa, öz qabın çatladar" məsəlinin səbəbsiz yerə deyilmədiyini göstərir".
GÜLYANƏ