PDF Oxu

Müxalifət

  • 971

Eks-spiker müxalifətə savaş açdı

Eks-spiker müxalifətə savaş açdı

Rəsul Quliyev: "Müxalifət 21 ildir yalan danışır"

Bir müddət keçən sakitlikdən sonra, AXCP-nin keçmiş sədri Rəsul Quliyev yenidən siyasi gündəmə qayıtmaq üçün planlarını cızmağa başlayıb. Buna səbəb 2015-ci ilin noyabrında keçiriləcək parlament seçkiləridir. R.Quliyev son vaxtlar müxalifət düşərgəsində, xüsusilə də AXCP və Müsavat arasında baş verən olaylara, iddialara dözməyərək müxalifəti növbəti və daha kəskin ittihamlarla çıxış edib. Eks-spiker sosial şəbəkədə paylaşdığı statusunda "Milli Şura"nı AXCP-nin filialı hesab etdiyini qeyd edib: "Milli Şura"nın AXCP-nin filialı olduğu artıq sirr deyil. Cəmil Həsənli yaxşı olardı ki, şələ-şüləsini yığışdırıb Əli Kərimlinin yanından uzaqlaşsın. Az- çox hörməti var idi, onu da "Milli Şura"da vurdu yerə".

AXCP-nin keçmiş sədri Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbərin yaratdığı yeni koalisiya -"Demokratik Düşüncə Mərkəzi" ilə seçkilərə getməsi ehtimalına da münasibətini bildirib. Onun fikrincə, adları müxtəlif, fəaliyyətləri isə eyni olacaq qurumların yaradılması, sadəcə, gündəmdə qalmaq üçün atılan blef addımlardır: "Guya burada ad dəyişməklə "böyük kəşf" edirlər. Hansı düşüncədən danışırlar? Baş var ki, düşünsünlər?! Bunlar həqiqətən də çox yazıq və pis gündədirlər. Adam utanmasa, bunlara baxıb göz yaşı tökər".

Müxalifət 21 ildir yalan danışır

Eks-spiker həm də parlament seçkilərəfəsi "Milli Şura"nın davamlı olaraq mitinq keçirmək istəklərini, xüsusilə də qurumun sonuncu mitinqini ələ salıb. R.Quliyev müxalifəti mitinqə gələnlərin sayını yalandan artırmaqda ittiham edib: "Bir daha sizin mitinqə gələnlərin sayını 6 dəfə artırmağınız mənasız və xeyirsizdir. Rəqəmi şişirtməkdən mənəvi məmnunluq və gördüyünüz işin böyük bir iş olduğuna özünüzü inandırmaq istəyirsinizsə, 20 min də yaza bilərsiniz. Əgər siz camaatın indiki müxalifətə inanmadığını bilmirsinzsə, Ermənistanda TV-nin olmasının əsas səbəb olduğunu düşünürsünüzsə, sizə uğurlar".

R.Quliyevin fikrincə, müxalifət 21 ildir Azərbaycan xalqına yalan danışır. Eks-spiker sosial şəbəkədə məqsədini də açıqlayıb. Bildirib ki, budəfəki hücumunda məqsəd ənənəvi müxalifətdə olan Müsavat, AXCP, ADP, "Ümid", KXCP və s. partiyalardan öc almaqdır. Onun tək məqsədi parlamentə düşməsə belə, adları çəkilən partiyaların da parlamentə gedən yolunu kəsməkdən ibarətdir.

Görünür, bu, R.Quliyevin son cəhdidir və o, sonuncu cəhdində hər hansı kiçicik uğur qazanacağını ümid edir. Amma qazanacaqmı? Qazanmasa da, özü dediyi kimi "bu badbaxtlar o qədər abırsızdırlar ki... şeytanla dil tapsalar da, istəklərinə çatmayacaqlarına inanıram".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər