PDF Oxu

Müxalifət

  • 949

Fərdi maraqların qurbanları

Fərdi maraqların qurbanları

Müxalifəti zəiflətmək üçün hakimiyyətə hansısa addım atmaq lazım deyil, çünki onlar fərdi maraqların qurbanlarına çevrilirlər

Bu gün vətəndaş cəmiyyətinin formalaşması üçün ayrılan qrantların elə radikal təmayüllü müxalifətçilər tərəfindən mənimsənilməsi kifayət qədər hər şeyi ortaya qoyur. Çünki düşərgədə siyasi proseslər sıfır həddindədir və həmin tərəfdə durğunluq hiss olunur. Qarşıdansa parlament seçkiləri gəlir və bu seçkilərə hazırlıq məsələsi demək olar ki, yox həddindədir. Söz yox ki, müxalifətdə siyasi proseslərin passiv olmasının bir sıra səbəbləri var. Onlardan birincisi düşərgənin yetərli qədər güc sahibi olmaması, elektorat sıxıntı çəkən əks-düşərgənin bir başqa problemdə cəmiyyətdə böyük inamsızlıq sindromu yaratmasıdır. 1993-cü ildən bəri dəyişməyən, yenilənməyən, güclənməyən və ən əsası cəmiyyətə adaptasiya olmayan müxalifət təbii ki, indiki vəziyyətə düşməlidir. Çünki cəmiyyət onu öz tərəfinə çəkmək istəyən qüvvənin yetərli qədər peşəkar və bacarıqlı olmadığını görürsə, o zaman belə zəif bir tərəflə bir yerdə olmağı da qəbul etmir. Nəticədə, müxalifət zəifləyir və bununla da siyasi proseslərin ölgünləşməsi baş verir.

Müxalifət niyə zəifdir?

Məlumdur ki, istənilən bir ölkədə müxalifətin varlığı çox mühüm şərtdir. Ancaq Azərbaycan müxalifəti tamamilə əks-qütbdə dayanıb. Məsələn, beynəlxalq təşkilatlar Azərbaycanda vətəndaş cəmiyyətlərini formalaşdırmaq üçün hər il külli miqdarda qrantlar ayırır. Həmin vəsaitləri alanların böyük bir qisminə diqqət yetirsəniz, açıq şəkildə görərsiniz ki, onlar müxalifət funksionerləri və ya bu düşərgənin təmsilçiləridir. Əslində, kənardan baxıldıqda mənzərə belə görünür ki, beynəlxalq təşkilatlar hazırkı məqamda elə bu qüvvələrlə işləmək zorundadırlar. Ən əsası isə qrant almış müxalifət nümayəndələri həmin pulların böyük bir qismini şəxsi maraqları üçün sərf edirlər. Belə olan təqdirdə təbii ki, ölkədə siyasi proseslərin aktivləşməsindən danışmağa dəyməz. Çünki bu təşkilatların məqsədinin siyasi prosesləri passiv tutub, bu yolla daha artıq qazanc əldə etməkdən başqa heç bir niyyətlərinin olmadığı göz önünə gəlir.

Sual olunur ki, müxalifət niyə zəifdir? Cavab aydındır - çünki hakimiyyət güclüdür. Eyni zamanda, müxalifət bu günə qədər tutarlı bir iş görmək qabiliyyətində də olmayıb. İnsanları meydanlara səsləyən "liderlərin" özləri xalqın önündə olmadısa, o zaman nə danışılsa belə boşunadır. Tarixdə indiyə qədər eşitmisinizmi ki, sərkərdə arxada qalsın, qoşun öndə və bu döyüşdə kimsə qalib gəlsin? Müasir dövrdə də qaydalar və taktika dəyişməyib. İndinin özündə də lider meydanda hamıdan öndə getmirsə, onun arxasınca gələnlərin də inamı aşağı olur. Nəticədə, faktiki vəziyyət yaranır ki, bunun da son təsiri yenə də cəmiyyətə dəymiş olur.

Digər bir məqam isə, müxalifət "birlikdən" çox danışır, ancaq birləşə bilmir. Səbəb bəllidir - birləşə bilməməsi heç də siyasi maraqların fərqli olmasından və ya üst-üstə düşməməsindən deyil, məhz şəxsi maraqların öndə olmasından doğan bir haldır. Əli Kərimli İsa Qəmbərlə, bir başqası isə onların hər ikisi ilə yol getmir. Elə buna görədir ki, "biləşmək" adı altında yaradılmış blokların taleyi də uğursuz olur. Belə ki, 2005-ci ildə yaradılmış "Azadlıq" bloku parçalandı, "Qarabağ və Respublika Uğrunda Hərəkat" blokunda hərc-mərclik hökm sürür, "İctimai Palata", arxasınca isə ölü qurum olan "Milli Şura" heç bir səmərə verməyərək fəaliyyətini sıfıra endirdi. Orada kimsə kimsəni dinləmir. Nəticə isə ondan ibarətdir ki, müxalifət qarşıdan gələn parlament seçkilərinə 3 aydan da az vaxt qalmasına baxmayaraq, hələ də bir fikirə gələ bilməyib. Bütün bunlardan sonra cəmiyyət bu siyasi birliyi necə qəbul etsin? Beləliklə, müxalifət özü özünə quyu qazmaqda davam edir. Bu prosesin zaman içində daha da şiddətlənəcəyini gözləmək mümkündür. Burada hakimiyyəti günahkar bilməyin isə mənası yoxdur. Çünki müxalifətin sıradan çıxması üçün hakimiyyətə əlavə resurs cəlb etmək lazım deyil. Zatən, əks-düşərgə özü-özünü içindən didib-parçalayır.

Rəfiqə KAMALQIZI

Digər xəbərlər