Vurğun Əyyub: "Suraxanı rayonundan namizədliyimi irəli sürəcəyəm"
"Mənim Müsavat Partiyasından namizədliyimin irəli sürülüb-sürülmədiyinə dair heç bir məlumatım yoxdur. Amma fərdi olaraq düşünürəm ki, Suraxanı rayonundan parlament seçkilərinə qatılım". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının üzvü, eyni zamanda Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) funksioneri Vurğun Əyyub təşkilatın onun namizədliyini irəli sürməsi ilə bağlı mətbuatda gedən xəbərlərə münasibətini bildirərkən deyib.
Vurğun Əyyub qeyd edib ki, onun ADR-dən namizədliyini irəli sürməsi mümkün deyil: "Hazırda təmsil olunduğum hərəkatdan namizədliyimi verə bilmərəm. Çünki qanunda hərəkatların seçkilərdə iştirakı nəzərdə tutulmayıb. Əks halda təbii ki, mən ADR-dən öz namizədliyimi irəli sürərdim".
Mustafa Hacıbəyli: " Fərdi namizədləri dəstəkləmək barədə qərar verməmişik"
Müsavat rəhbərliyi də bu məsələyə münasibətini bildirib. Partiyanın Məclis üzvü Mustafa Hacıbəyli deyib ki, artıq Müsavat Partiyasının rayon təşkilatları öz namizədlərini müəyyənləşdiriblər: "Hazırda partiyada namizədlərin siyahıya alınması prossesi gedir. Avqust ayında keçiriləcək məclisimizin növbəti toplantısında seçkilərlə bağlı bütün məsələlər müzakirə edilərək, namizədlər təsdiq ediləcək".Vurğun Əyyuba gəlincə, Məclis üzvü deyib ki, partiyanın fərdi namizədliyi ilə bağlı heç bir qərar yoxdur. Belə ki, əgər Müsavatdan fərd olaraq parlament seçkilərində iştirak edəcək insanlar olarsa, onların dəstəklənib-dəstəklənməyəcəkləri ilə bağlı müzakirələr aparılacaq: "Məhz bundan sonra partiyada müəyyən qərarlar veriləcək".
sia.az