Parlament seçkiləri ərəfəsi müxalifət düşərgəsində yaranmış kuryoz vəziyyət oradakı proseslərə ciddi şəkildə təsir etməkdədir. Bu amil bir neçə ildir ki, "Qarabağ" blokunda fəaliyyət göstərən ADP və "Ümid"ə də aid olub. Belə ki, baş verənlərə daha bir səbəb seçki mühitində hər iki partiyanın baxışlarının üst-üstə düşməməsidir. Əslində isə həm ADP, həm də "Ümid" öncəki seçkilərdə də birgə uğur əldə edə bilməyiblər.
Buna misal kimi biz 2013-cü il prezident seçkilərini göstərə bilərik. Eyni zamanda, ötən il baş tutmuş bələdiyyə seçkilərində də eyni proses yaşanmışdı. Hansı ki, ADP sədri Sərdar Cəlaloğlu hər dəfə bəyan edib ki, onun rəhbərlik etdiyi təşkilat "Ümid"lə ümumi razılığa gəlib. Ancaq iş reallığa gələndə bunun heç də belə olmadığını görürük.
İqbal Ağazadə "müttəfiqi" Sərdar Cəlaloğluna xəyanət edib, onu "125-lər"ə dəyişdi
İndi də eyni vəziyyət yaşanmaqdadır. Məsələn, ADP sədri "Qarabağ" bloku ilə parlament seçkilərinə gediləcəyini desə də, "Ümid" sədri İqbal Ağazadə bu fikirdə olmadığını bildirir. Məlum olub ki, Sərdar Cəlaloğlu İqbal Ağazadəyə inandığı bir zaman, onun müttəfiqi xəyanət edərək, tamamilə başqa seçki istiqamətini götürüb. O, qarşıdan gələn parlament seçkilərində ADP ilə deyil, "125-lər Klubu" ilə birgə iştirak etmək istədiyini gizlətmir. Artıq "Ümid" partiyası ilə "125-lər Klubu"nun birgə namizədlər siyahısı da açıqlanıb. Beləliklə, hər iki qurum birlikdə 65 namizəd irəli sürüb və elan edib ki, daha 15 seçki dairəsi üzrə dəqiqləşdirmə işləri aparılır.
ADP bu xəyanətə etinasız yanaşmayacaq və adekvat addıma gedəcəyini gizlətmir
Və belə olan bir məqamda "Ümid"in yer aldığı "Qarabağ" blokunun da seçkilərdə ADP ilə birgə iştirakla bağlı ümumi qərar qəbul etməsi ikibaşlı oyunun olduğunu göstərir. Çünki "Ümid"in bir əldə iki qarpız tutması məsəlinə aidiyyatı burada daha çox seçilməkdədir.
Düzdür, hələlik bu kimi vəziyyətlərdə kəskin açıqlamaları ilə yadda qalan ADP sədri Sərdar Cəlaloğlu yekun fikir söyləməsə də, onun vəziyyətdən çıxış yolu axtarması da gecikməyib. Sədr bildirib ki, əgər "Ümid" partiyası "125-lər Klubu" ilə bir blokda seçkilərə gedəcəksə, onda ADP-nin də yekun münasibəti ictimailəşəcək. Eyni zamanda, o, "Ümid"ə atdığı addımı kimi cavab veriləcəyini istisna etməyib. Sitat: "Biz də müəyyən addımlar atacağıq. Başqa sözlə, digər qüvvələrlə seçkidə iştirak edəcəyik".
Göründüyü kimi, ADP ilə "Ümid"in yolu "Qarabağ"dan keçməyəcək. Artıq bu, konkretləşməkdədir. Bu zaman qənaətə gəlmək mümkündür ki, budəfəki parlament seçkilərində də müxalifət düşərgəsində mövcud olan "müttəfiqlər" qısa zamanda düşmənə çevriləcəklər. Təkcə Sərdar Cəlaloğlu-İqbal Ağazadə "müttəfiqliyi" buna bariz sübutdur.
Rövşən RƏSULOV