TƏRS BAXIŞ
"SDİ" rəhbəri qəsdən məhkəmə prosesini uzatmağa cəhd edir
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Sülh və Demokratiya İnstitutu" adlı qurumun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lakin bu məhkəmə prosesi də ötən proseslər kimi Leyla Yunusun səs-küyləri ilə müşahidə olunub. Daha dəqiq desək, o, növbəti dəfə özünə yaxın olan bəzi beynəlxalq təşkilatların nəzərini özünə cəlb etməkdən ötrü indi də tərcüməçi oyunbazılığı etməyə başlayıb.
Leyla Yunus qara-qışqırıqları ilə erməni lobbisinin dəstəklədiyi, təlimatlandırdığı və maliyyələşdirdiyi xarici təşkilatların növbəti "hesabatlar", "bəyanatlar" yaymasına çalışır
"SƏS"in məlumatına görə, məhkəmə prosesi açıq elan olunandan sonra Leyla Yunus məhkəmə prosesinə gətirilən hər 2 rus-Azərbaycan dili tərcüməçilərinə etiraz edərək, indi də həmin tərcüməçilərin "zəif tərcüməçi" olduqlarını, guya rus dilini "mükəmməl bilmədiklərini" deyib və onların dəyişdirilməsini məhkəmədən tələb edib. Lakin buradan da görünür ki, əslində "SDİ" rəhbəri qəsdən məhkəmə prosesini uzatmağa cəhd edir. Biz bu kimi vasitələri ötən məhkəmə proseslərində də görmüşük. Gah əri Arif Yunusun, gah özünün "sağalmaz xəstə" olduğunu deyən Leyla Yunus gah da digər bənzər qara-qışqırıqları ilə erməni lobbisinin dəstəklədiyi, təlimatlandırdığı və maliyyələşdirdiyi xarici təşkilatların növbəti "hesabatlar" və "bəyanatlar" yaymalarına çalışır.
"SDİ" direktorunun məhkəmə prosesi Ermənistan mətbuatında geniş müzakirə obyektinə çevrilib
Əbəs yerə deyil ki, bu gün "SDİ" direktorunun məhkəmə prosesi Ermənistan mətbuatında geniş müzakirə obyektinə çevrilib. Eyni zamanda, erməni mətbuatı bundan öz çirkin məqsədləri üçün istifadə edərək, guya Azərbaycanda "repressiyaların" baş qaldırdığını yazır, Leyla və Arif Yunusların, o cümlədən, onlar kimi həbs olunan digər cinayətkarların "siyasi məhbus" olduqlarını iddia edirlər. Bu isə daha öncələr də qeyd edildiyi kimi, həm də Leyla Yunusun vaxtilə erməni kəşfiyyat orqanlarına işləməsinin verdiyi növbəti "bəhrələrdir".
Çox yəqin ki, Leyla Yunus növbəti məhkəmə iclasında seriya şəklində planlaşdırdığı daha bir oyunbazlıq bacarığını nümayiş etdirəcək
Lakin məhkəmə heyətinin qərarı ilə "SDİ" rəhbərinin "tərcüməçilərdən imtinası" etirazı yerindəcə qəbul olunub. Hakim Ə.Hacıyev bildirib ki, məhkəmə prosesində avqust ayının 13-ə kimi fasilə elan olunur. Çox yəqin ki, Leyla Yunus növbəti məhkəmə iclasında seriya şəklində planlaşdırdığı daha bir oyunbazlıq bacarığını nümayiş etdirəcək. Xatırladaq ki, L.Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir. Hər iki şəxs barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
Leyla və Arif Yunusların həbs olunmaları onların gözlədikləri nəticələri verməyib
Bu gün Leyla və Arif Yunusların onlara qarşı irəli sürülən ittihamları qəbul etməmələri arxasında dayanan daha bir çirkin oyunbazlıq Avropanın nüfuzlu təşkilatlarının Azərbaycanla bağlı sərt bəyanatlar, sanksiyalar tədbiq edilməsinin reallaşması ilə bağlıdır. Çünki erməni lobbisinin çalışdığı əsas məqsəd də budur ki, güclü Azərbaycana qarşı bu cür qərəzli mövqelər sərgilənsin. Hazırda Leyla və Arif Yunuslar kimi fərdlərin həbs olunaraq, qanun qarşısına çıxarılmaları düşündükləri kimi onlara istədikləri nəticələri verməyib və verməyəcək də. Çünki Azərbaycanın sağlam düşüncəli ictimai rəyi belə xəyanətkar və satqın insanları dəstəkləməkdən imtina edir. Ona görə də qarşı tərəflərin istənilən oyunbazlıqları təbii ki, nəticəsiz qalmaqdadır.
Rövşən NURƏDDİNOĞLU