PDF Oxu

Müxalifət

  • 909

Xədicə İsmayılın məhkəməsində qanunsuz aksiyaya cəhd

Xədicə İsmayılın məhkəməsində qanunsuz aksiyaya cəhd

Zərərçəkən Tural Mustafayev keçmiş nişanlısını kimə görə və niyə ələ verdi?

Xəsicə İsmayılın məhkəmə prosesində ilginc olaylar baş verib. Belə ki, məhkəmə prosesi zamanı zərərçəkmiş qismində çıxış edən Tural Mustafayev ifadə verərkən bildirib ki, Xədicə İsmayılın onun intihar cəhdinə bağlılığı yoxdur. Hansı ki, bir müddət öncə bu şəxs istintaqa verdiyi ifadələrində, eləcə də şikayət ərizəsində qeyd etmişdi ki, məhz qarşı tərəfin günahına görə intihara cəhd edib. Düzdür, Mustafayev sonradan öz şikayət ərizəsini geri götürdüyünü bəyan etsə də, onun ərizəsi qanunlara müvafiq olaraq araşdırılıb və məhkəmə predmetidir.

Ancaq məsələnin daha bir tərəfi məhz zərərçəkənin özü tərəfindən etiraf olunub. Bəlli olub ki, o, həqiqətən də intihar etmək istəyib. Ancaq onun intihar etməsinə başqa səbəbkar keçmiş nişanlısı olub (?-R.N.).

Tural Mustafayev bu dəfə Rövşanəni atıb, Xədicəni tutdu – ilginc nüanslar

Xatırlatmaq yerinə düşərdi ki, Tural Mustafayevin intihara cəhd etməsi ilə bağlı daha öncəki məhkəmə prosesində ifadə verən şahidlərdən biri bildirib ki, zərərçəkənin öz nişanlısı ilə kəskin problemləri olub. Məhz Tural Mustafayev də məhkəmə zamanı bildirib ki, o öz nişanlısı ilə mübahisədən sonra bu addımı atıb. Yəni ortada intihar etmək faktı var və Mustafayev bu dəfə öz nişanlısını hüquq-mühafizə orqanlarının əlinə verib. Onun indi də Xədicə İsmayılı "təmizə çıxarmaq" cəhdinə görə, öz nişanlısını (hətta keçmiş olsa belə –R.N.) günahlandırması isə bir sıra suallar yaratmağa başlayıb. Məsələn, sual edilə bilər ki, əgər dünənə qədər onun intihar cəhdində Xədicə İsmayıl günahkarıydısa, nəyə görə indi həmin günahkar nişanlısı – Rövşanə Rəhimli oldu? Demək, Mustafayevin gah bir, gah da digər tərzlərdə günahkarları dəyişdirməsi, o cümlədən, uzun müddət məhkəmənin çağırışlarına baxmayaraq, hələ indi gəlib prosesə qatılması arxasında müəyyən məqamlar dayanır. Həmin məqamlardan biri də onun Xədicə İsmayılın adamları tərəfindən öyrədilməsidir. Yəni məhkəmədə hansı ifadələri söyləyəcəyinin ona çatdırılmasıdır. Eyni zamanda, Xədicə İsmayıl çulunu sudan çıxarmaq üçün Mustafayevə belə məsləhət görüb ki, o öz keçmiş nişanlısını ittiham etsin. Məhkəmə prosesində isə həmin anlar Tural Mustafayev tərəfindən teatr tamaşası kimi oynanılıb. Ancaq o, unudub ki, məhkəməyə və istintaqa yalan informasiya verdiyinə görə, onun özü də cinayət məsuliyyəti daşıyır.

Daha bir nüans isə Mustafayevin "mənəviyyatı" ilə bağlıdır. Əgər o, sevgilisi Xədicə İsmayılın çulunu sudan quru çıxarmaq üçün hətta keçmiş nişanlısı olmasına rəğmən, onu intihara sövqetmə ittihamı ilə günahlandırması, əslində mənliyə, azərbaycanlı kişisinə yaraşan bir hadisə deyil! Yeri düşmüşkən, Mustafayevin həmin ifadələri işlətməsi Xədicə İsmayılın vəkili Əfqan Məmmədov tərəfindən də etiraf olunub.

Təxribat başqa cür olmur - Xədicə İsmayıla verilən təlimatları "dəstək məktubları" vasitəsilə ona ötürməyə çalışıblar

Bu arada onu da qeyd edək ki, məhkəmə prosesinə başlamamışdan öncə, binanın qarşısına radikal müxalifəti təmsil edən insanlar toplaşıblar. Eyni zamanda, "Azadlıq" qəzetinin və "Azadlıq" Radiosunun da bəzi əməkdaşları oraya toplaşaraq, icazəsiz aksiya keçirməyə cəhd göstəriblər. Onlar iddia edirlər ki, guya məhkəmənin keçirildiyi kənar şəxslərlə doldurulub və media təmsilçiləri məhkəməni içəridə yox, bayırda izləyirmişlər. Lakin onların aksiyaları baş tutmayıb. Çünki onlar kənardan öz aksiyalarına diqqətin yönəlmədiyini görərək, susmağa məcbur olublar. Ancaq maraqlısı da budur ki, "məhkəmədə media təmsilçilərimiz yoxdur" deyə iddialar irəli sürənlər çalışdqları media orqanlarında bir neçə dəqiqədən bir prosesin gedişadını işıqlandırıblar. Demək, onların bu iddiaları da, sadəcə boş yerə qara-qışqırıq salmaqdan ibarət olub.

Qeyd edək ki, Xədicə İsmayılın məhkəməsinə onun yaxınları, media təmsiçiləri qatılıb, eyni zamanda ABŞ, Hollandiya, Almaniya, Fransa səfirliklərinin, Avropa İttifaqının nümayəndələri də prosesdə olublar.

Ancaq məhkmə zamanı növbəti qanunsuzluq müşahidə edilib. Bu dəfə də qanunları pozanlar radikal müxalifət mətbuatının nümayəndələri və siyasiləri olublar. Onlar Xədicə İsmayıla verilən təlimatları "dəstək məktubları" vasitəsilə ona ötürməyə çalışıblar.

Məsələn, AXCP üzvü olan Elman Fəttah adlı bir şəxs "Azadlıq" Radiosuna deyib ki, guya məktubda Xədicə İsmayıla "salamlar, onunla qürur duyduqlarını yazıblar" (?!-R.N.). Amma fakt budur ki, məhkuma müəyyən göstərişlər ünvanlayan bu adamlar xarici təşkilatların verdikləri təlimatları, tapşırıqları ona "dəstək məktubları" qismində çatdırmaqla məşğuldurlar. Buna isə təxribat deyilir.

Beləliklə, Xədicə İsmayılın növbəti məhkəmə prosesində hər hansı bir "tələblərdə bulunması" ehtimalının artması artıq belə qənaətə gəlməyə əsas verir ki, həmin "tələblərin" səslənməsi xarici təşkilatların əlində sonradan "bayrağa" çevrilərək, Azərbaycana qarşı yönələcək. Lakin bunu düşünənlər, təxribat cəhdləri ilə guya hər hansı çirkin siyasi gediş edəcəklərini fikirləşənlər çox ciddi səhvə yol verirlər. Hətta həmin səvləri üzündən özləri də qanunsuz əməllərə yol verdiklərinə görə, quyruqlarını qapı arasında qoyduqlarının fərqinə varmırlar. Bunu isə yaxın zaman göstərəcək.

Rövşən NURƏDDİNOĞLU

P.S. Erməni lobbisinin sifarişləri əsasında xarici dipkorpuslara işləyən və bunun sayəsində qaz vurub, qazan dolduran radikal müxalifət mətbuatı özünü "məzlumlara" bənzətməklə, əslində nə qədər ucuz və səviyyəsiz fərd olduqlarını hərəkətləri ilə sübuta yetirirlər. Məsələn, zibil urnalarının arxasında oturub, şəkil çəkdirənlərin sonradan bunu "məhkəmənin qapısı ağzına zibil qabları qoyulub ki, jurnalistlər içəri buraxılmasınlar" tipli alt yazıları ilə "Azadlıq"da işıqlandırmaları bir daha sübut edir ki, onlar nə qədər xəstə, sərsəm bir toplumun nümayəndələridirlər. Hər halda Xədicə İsmayıl kimi bir "namus dağarcığını" dəstəkləyənlərdən başqa hər hansı bir "şərəf" amilni gözləməyə dəyməz!

Digər xəbərlər