"AMİP-lə bizim hər hansı bir əməkdaşlığımız yoxdur." Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu partiyasının Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ilə seçkiöncəsi əməkdaşlıq edəcəyi barədə məlumatlara aydınlıq gətirərkən deyib.Bunu inkar edən ADP sədri qeyd edib ki, bu çərçivədə bəzi mətbu orqanlarda rəhbərlik etdiyi təşkilatın Ümid Partiyası ilə təmsil olunduğu "Qarabağ" blokunda fikir ayrılığı barədə iddialar səsləndirməsi də doğru deyil: ""Qarabağ" blokuna gəlincə orada heç bir fikir ayrılığından söhbət gedə bilməz. Məlumatlar yalnışdır. Mən başa düşə bilmirəm ki, bu cür məlumatları kimlər, hansı əsaslara söykənərək yazırlar. Bundan öncə də bildirirdilər ki, guya "Ümid" Partiyası "125-lər" deyilən blokla birlikdə təmsil olunur və ADP ilə əməkdaşlığa son qoyur, yalandır, belə bir şey yoxdur."ADP sədri bildirib ki, hətta AMİP ADP-yə əməkdaşlıq təklifi etsə belə, bu partiya ilə razılaşmaya getmək fikirləri yoxdur. "Əgər AMİP bizimlə birgə blok şəklində seçkilərə qatılmaq istəsə, biz onunla razılaşarıq. Amma düşünürəm ki, AMİP öz ənənəsinə sadiq qalaraq heç bir blokla həmrəylik nümayiş etdirməyəcək. Bu partiya artıq özünə bir yol seçib. O yolun da əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda heç bir müxalif qüvvə ilə əməkdaşlıq etməsin".Sərdar Cəlaloğlu seçki prosesinə hazırlıqla bağlı aparılan proses barədə də fikir bildirib və deyib ki, bu proses ümumi qaydada gedir: "Seçki qrafikinə uyğun artıq qərar qəbul etmişik. Seçkiyə blok şəkilndə gedəcəyimizə dair qərarımızı isə mətbuata açıqlamışıq".
sia.az