TƏRS BAXIŞ
Müxtəlif hadisələr fonunda Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən bir sıra Qərb və Avropa təşkilatlarının bu azmış kimi, daha da irəli gedərək ölkəmizin siyasi mühitinə təsir etmək hüquqlarının olduğunu sanmaları, ölkədaxili olaylara yersiz müdaxilə etmələri, əslində kifayət qədər təsdiq edir ki, burada məqsəd müstəqil dövlətimizi Qərbdən asılı vəziyyətə gətirməkdən, bu da mümkün deyilsə, təzyiqlər, böhtanlar vasitəsilə bunu reallaşdırmaqdan ibarətdir. İctimai rəy təəssüf ki, bu dəfə də eyni halın şahidi olmaqdadır. Belə ki, Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın "ann.az" saytının əməkdaşı Rasim Əliyevin vəfatı ilə bağlı açıqlamasına heç bir məntiqə sığmayan reaksiya verməsi, bu işdə Azərbaycan dövlətini hədəfə alması yuxarıda qeyd edilən fikirləri növbəti dəfə təsdiq edir. Qeyd edək ki, Yaqland hadisəyə dair öz qərəzli açıqlamasını verərkən, ümumiyyətlə, baş vermiş hadisənin mahiyyətindən, səbəblərindən və ortada heç bir siyasi motivin olmamasından xəbərsiz olduğunu sərgiləyib. Daha dəqiq desək, Yaqlandın bu məsələdə AŞPA ilə əməkdaşıq edən Azərbaycan hakimiyyətinin rəsmi mövqeyini deyil, məhz Qərb təşkilatlarından qrantlar qoparmaqla həyasız siyasət yürüdən təşkilatların, radikal müxalifət partiyalarının, həmin partiyalara yaxınlığı ilə seçilən və böhtan yaymaqla məşğul olan mətbu orqanların qeyri-dəqiq informasiyaları əsasında "bəyanat" səsləndirməsi sübut edir ki, onun mövqeyi arxasında pərdəarxası maraqlar dayanıb.
Ortadakı maraq Azərbaycana qarşı təzyiq göstərmək cəhdindən başqa bir şey deyil
Əslində, həmin pərdəarxası məqamlar kimsəyə sirr deyil və zaman-zaman həmin maraqların açığa çıxarılması, ifşa olunması ictimaiyyətə də kifayət qədər bəllidir. Sadəcə, AŞPA kimi mötəbər bir qurum rəsmisinin diplomata, siyasətçiyə yaraşmayan qeyri-peşəkarlıq nümayiş etdirməsi, bunun fonunda Azərbaycanla bağlı hər bir məsələyə ikili standartlardan çıxış etməsi isbat edir ki, ortadakı maraq Azərbaycana qarşı təzyiq göstərmək cəhdindən başqa bir şey deyil. Halbuki istər mövcud məsələdə, istərsə də baqşa məsələlərdə Azərbaycan hakimiyyətinin rəsmi mövqeləri var və buna rəğmən, həmin mövqelərin üzərindən keçərək tamamilə başqa istiqamətli fəaliyyət göstərməyə siyasi tərbiyəsizlikdən başqa ad vermək olmur.
Rasim Əliyevin ölümü ilə bağlı verilən AŞPA adından verilən "bəyanat" da təəssüf doğurur ona görə ki, Yaqland başda ölkə rəhbəri olmaqla Azərbaycan hakimiyyətinin bu hadisəyə göstərdiyi dərhal reaksiyasından görülən işlərdən xəbərsiz olması ilə yanaşı, bəlkə də söhbətin nədən və kimdən getdiyini belə bilməyib. Ortada olan Azərbaycan amildir ki, bu amil ətrafında baş verən hər bir olaya "münasibət" bildirmək sanki Yaqlandın qərəzçilik borcudur.
Hansı ki…
Ancaq Yaqlanda xatırlatmaq olardı ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev məlum hadisə baş verdikdən dərhal sonra jurnalistin ölümündən ciddi narahatlığını ifadə edib və bunu ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirib. Bu barədə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da vurğulalyıb. Sitat: "Dövlət başçısı aidiyyəti orqanlara cinayət faktının hərtərəfli araşdırılması, günahkarların tapılması və məsuliyyətə cəlb edilməsi ilə bağlı tapşırıqlar verib və məsələni şəxsi nəzarətinə götürüb. Cənab Prezident bəyan edib ki, bundan sonra da söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması məsələlərini nəzarətdə saxlayacaq".
Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşərdi ki, artıq Prezidentin göstərişindən sonra Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi jurnalistin ölümünün səbəbinin araşdırılması və günahkarların qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi ilə bağlı operativ tədbirlər həyata keçirib, o cümlədən, məsələ barədə ictimaiyyətə dolğun məlumat verilib.
AŞPA və s. adlı qurumlarda rəhbər postları tutub, qərəzçilik və "demokratiya carçılığı" etmələrinə də ehtiyac yoxdur
Sonda isə daha bir amilə də toxunub, qeyd etmək olar ki, AŞPA-nın baş katibi yaxşı olardı ki, bu gün Qərbdə, eləcə də Avropanın aparıcı ölkələrində baş verən bənzər olaylara qarşı da öz mövqeyini sərgiləsin. Hər halda onun özü də yaxşı bilir ki, heç bir ölkəsi bu cür arzuolunmaz cinayətlərdən, hadisələrdən sığortalı deyil. Bu baxımdan, Yaqland bu qədər demokratik və açıq görüşlü bir diplomat olduğunu hesab edirsə, bu zaman Azərbaycanda hakimiyyətlə QHT-lərin, media qurumlarının, o cümlədən, siyasi təşkilatların dialoqları barədə müsbət fikirlərini dünya ilə bölüşsün. Düzdür, onun bu ətrafda hər hansı bir müsbət addım atacağı inandırıcı görünmür. Çünki ikili standart amilinin Yaqlanda, həmçinin onun kimi insanlara nə qədər sirayət etməsi kifayət qədər bəllidir. Ona görə də daha yaxşı olardı ki, qərəz və təzyiq dili ilə danışmaqdansa, sussunlar. Ya da ölkəmizdə mövcud olan yeni demokratik mühit modelindən özlərinə ibrət götürsünlər. Yox, əgər bunu də qəbul etmək gücündə deyillərsə, bu zaman onların AŞPA və s. adlı qurumlarda rəhbər postları tutub, qərəzçilik və "demokratiya carçılığı" etmələrinə də ehtiyac yoxdur.
Rövşən NURƏDDİNOĞLU