TƏRS BAXIŞ
"Milli Şura"nın parlament seçkilərini boykot etmək çağırışı, eləcə də seçkilərə qatılacaq partiyaları müxtəlif ittihamlarla suçlaması sözügedən prosesdə blok və birliklər şəkilndə iştirak edəcək digər müxalifət partiyalarının hiddətinə səbəb olub. Məsələ ondadır ki, "Milli Şura"nın koordinasiya mərkəzinin üzvü Vidadi Mirkamal seçkilərlə bağlı mövqeyini açıqlayarkən belə bir iddia ilə çxış edib ki, seçkilərə getməkdənsə, onu boykot etmək daha məqsədəuyğundur.
"Milli Şura": "Görünür, onlara nə isə söz veriblər ki, aktiv fəaliyyətə keçiblər"
Qurum təmsilçisinin fikrincə, hazırda seçkilərə 3 ay qalmasına baxmayaraq siyasi aktivlik müşahidə edilmir və ancaq "Azadlıq-2015" seçki blokunun aktivliyi özünü göstərir. Lakin o, "Azadlıq-2015" blokunun "hakimiyyətlə iş birliyinə getdiyini" iddia edib və buna görə blok təmsilçilərinin deputat kreslosu alacağını deyib. Sitat: "Görünür, onlar da nəsə düşünür və ya hesab edirlər ki, onlara müəyyən sözlər veriblər. Bu səbəbdən də aktiv fəaliyyətə keçiblər."
"Milli Şura" rəsmisinin növbəti hədəfə aldığı seçki bloku "125"-lər siyasi klubudur. Vidadi Mirkamal bu quruma qarşı həm də belə iddiada bulunub ki, əgər oradan seçilən olsa, yalnız bir nəfər Milli Məclisə qatıla bilər. "Milli Şura" təmsilçisi onların da oyun oynadıqlarını ironik şəkildə qeyd edib. Yəni 125 nəfərin bir araya gəlməsinə səbəb 1 nəfərin deputat seçilməsinə hesablanıb: "İkincisi, başqa bir qurum yaradılıb, adlarını "125"-lər siyasi klubu qoyub. "Ümid" partiyasının üzvlərinin fəaliyyətini də bura şamil etmək olar. Həmin klubdan uzağı bir nəfər seçkidə deputat seçilə bilər. Fikrimcə, 125 nəfərin oyunu, əslində bir nəfərin deputat seçilməsinə hesablanıb".
Müsavat: "Bu təbliğat zərərli və şübhəlidir"
Lakin seçkilərə qatılacaqlarını iddia edən müxalifət partiyaları "Milli Şura" təmsilçisinin bu cür iddialarla onları ələ salmasını həzm etməyiblər. Məsələn, Vidadi Mirkamalın ilk cavabını məhz Müsavat partiyasının vaşqan müavini Səxavət Soltanlı verib. Soltanlı, eyni zamanda AXCP-nin də bostanına daş ataraq deyib ki, əgər bu partiya, həqiqətən özünü real müxalifət təşkilatı hesab edirsə, o cümlədən, "Milli Şura" özünü müxalifətin aparıcı birliyi kimi təqdim edirsə, bu zaman heç nəyə baxmayaraq, seçki prosesinə qoşulmalıdır. Əks-halda boykot taktikasına riayət edənlər bununla qorxaqlıqlarını etiraf etmiş olacaqlar. Müsavat rəsmisi, əslində, belə çağırışların müxalifət düşərgəsinə zərər vurduğunu bildirib. Sitat: "Həqiqi müxalifət adına iddia edən partiyaların seçkiyə getməməsi qorxaqlıq, tənbəllik kimi başa düşüləcək: "2013-cü il prezident seçkilərinə gedilməsəydi, nə qazanılacaqdı? Bu təbliğat zərərli və şübhəlidir. Seçki ilinin verdiyi mümkün imkanlardan istifadə edib xalqla təmas qurmaq lazımdır. İndi ən asan və zərərli olan boykot xəttini tutmaq və ya təbliğ etməkdir".
"Azadlıq-2015": "Müxalifətin birləşməsinə əngəl olan yeganə qurum məhz "Milli Şura"dır"
"Milli Şura"nın koordinasiya şurasının rəsmisi Vidadi Mirkamalın boykota çağırış bəyanatına "Azadlıq-2015" seçki bloku da biganə qalmayıb. Blokda təmsil olunan "Azadlıq" partiyasının sədri Əhməd Oruc da hesab edir ki, seçkilər öncəsi belə çağırışların edilməsi, ilk öncə, "Milli Şura"nın, AXCP-nin öz zəifliyini etiraf etməsi anlamındadır. Həmçinin, boykot edənlər seçki prosesinə qatılacaq partiyaları bu yolla ruhdan salmağa çalışırlar. Çünki özlərinin zəifliklərini bi yolla gizlədəcəklərini düşünürlər. Əhməd Oruc bildirib: "Milli Şura" deyilən qurum çox ziyanlı yolla gedir. Bu qurum, faktiki olaraq müxalifəti parçalayan siyasət yürüdür, özünü yeganə müxalifət adlandıraraq, müxalif mövqeli qurumların bir araya gəlməsinin qarşısını alır. Başqa sözlə, müxalifətin birləşməsinə əngəl olan yeganə qurum məhz "Milli Şura"dır. İkincisi, "Milli Şura"da təmsil olunanların çoxu vaxtilə hakimiyyətdən qovulmuş insanlardır. İndi də etikaya sığmayan fikirlər bildirirlər".
Əhməd Oruc: "Milli Şura"nın adından bəyanatlar verən Vidadi Mirkamal bir dəfə də geriyə dönüb öz rüşvətxor keçmişini xatırlasın"
Partiya sədri Vidadi Mirkamal barədə daha bir detalı xatırladıb və bildirib ki, əslində onun özü öz keçmişini araşdırsın və korrupsioner fərd olduğunu xatırlasın: "Vidadi Mirkamal uzun illər Bakı Dövlət Universitetində dekan müavini olub. O, həmçinin rüşvətxor müəllimlərdən biri olub. Mən onun tələbələrini tanıyıram. İndi bunlar bizə təklif edirlər ki, seçkiyə getməyək, seçki prosesini boykot edək? Onlar müxalifətin bir araya gəlməsini istəmirlər, seçkilərdə iştirak etməyi, mübarizə aparmağa qarşıdırlar. Bunu hansı məqsədlə və kimin sifarişi ilə edirlər? Gündə bir radikal bəyanat verirlər və həm də özlərini düşünürlər ki, qrant alsınlar və s. Biz seçkidə iştirak etməliyik. Bilmirəm bunların apardığı bu ziyanlı siyasətin sonu necə olacaq. Ancaq Vidadi Mirkamal alim, professor adamdır, ancaq normal etikaya uyğun danışmır və həm də düşünmür."
Beləliklə, vəziyyət kifayət qədər göz önündədir və müxalifət partiyalarının ayrı-ayrı olsa belə, blok və birliklər şəklində parlament seçkilərinə qatılmaq qərarları qatılmayanları, xüsusilə AXCP və "Milli Şura"nı narahat etməyə başlayıb. Bu narahatlıq həm də adıçəkilən qurumun siyasi arenada heç bir təsirə malik olmamasının da göstəricisidir.
Rövşən NURƏDDİNOĞLU