AXCP yetkilisi ilə qəzet rəsmisi qarşı-qarşıya gəldi
Təməli AXCP-Müsavat qarşıdurmasından qoyulan "Azadlıq"-"Yeni Müsavat" qarşıdurması tam sürətilə davam etməkdədir. Budəfəki qarşıdurma isə müavinlər çərçivəsində baş verib. Daha dəqiq desək, Cəbhə sədrinin müavini Fuad Qəhrəmanlının seçkilər kontekstində "Azadlıq" qəzetində yazı verməsi, həmin yazıda "Yeni Müsavat"ın baş redkatoru Rauf Arifoğlunu hədəfə alması qarşı tərəfin cavabını çox gözlətməyib. Belə ki, Əli Kərimlinin sifarişi və təlimatı ilə hazırlanmış "Müxalifət getməlidirmi?" başlıqlı yazıda demək olar ki, heç bir yeniliyə rast gəlinməyib. Köhnə fikirlər, eyni məzmun və s. Beləliklə, 20 ildən artıqdır siyasi arenada qalmalarına rəğmən, müxalifət liderlərinin siyasi arenadan gedib-getməməsi haqda fikirlərini bölüşən Fuad Qəhrəmanlı ilk olaraq, məhz "Yeni Müsavat" qəzetini və qəzet rəhbərliyini hədəfə alan fikirlərə daha çox yer ayırıb.
Nəticədə hər zaman olduğu kimi, bu dəfə də "Yeni Müsavat"ı "hakimiyyətə işləyirsiniz" ittihamı ilə yaylım atəşinə tutan AXCP-nin sədr müavini qarşı tərəfin radikalizm siyasətinin müxalifətə heç bir səmərə verməyəcəyi barədə fikirləninin yanlış olduğunu sübut etməyə çalışıb. Bu sıradan, əsas hədəf "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu olub. O, Fuad Qəhrəmanlı tərəfindən "siyasi prinsiplərə və mövqeyinə dönük çıxan şəxs" elan edilib.
Azər Ayxan: "Əli Kərimli özünü və partiyasını elə bir çıxılmaz duruma salıb ki, qurtuluş variantı yox kimi görünür"
Rauf Arifoğlunun qardaşı, eyni zamanda "Yeni Müsavat" qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan AXCP rəsmisi tərəfindən irəli sürülən ittihamlara daha kəskin cavablar verib. Təmsil etdiyi mətbu orqana açıqlama verən Azər Ayxan deyib ki, ümumiyyətlə, AXCP-nin öz uğursuzluğunun səbəbini Rauf Arifoğlunun mətbu fəaliyyətində axtarması birinci növbədə anormallıqdır. Çünki bu hal birinci dəfə təkrarlanmır. AXCP və onun yandaş təşkilatı "Milli Şura" demək olar ki, hər gün müxalifətdaxili məsələlərdə Rauf Arifoğlunu xəyanətkar, satqın, günahkar kimi təqdim edir. Qəzet rəsmisi, əslində, onları ittiham edən tərəflərin uzun illik müxalifətçilik fəaliyyətlərində heç bir uğur əldə etməmələrini xatırladıb və qeyd edib ki, onların yürütdükləri siyasi xətt iflasdır, bunun günahını isə özlərində axtarmaları yerinə, kiminsə üstünə yıxmağa çalışırlar: "Ona görə də onlar üçün ən uğurlu ünvan "Yeni Müsavat" və Rauf Arifoğludur. Gecə-gündüz yazırlar, deyirlər ki, biz bu iqtidarı yıxarıq, amma "Yeni Müsavat" qəzeti imkan vermir. Bu qədər düşüblər, komikləşiblər yəni. Əli Kərimli özünü və partiyasını elə bir çıxılmaz duruma salıb ki, qurtuluş variantı yox kimi görünür. Ətrafına, olan-qalan tərəfdarına da açıqca deyir ki, mən əlimdən gələni edirəm, Rauf Arifoğlu imkan vermir".
"Yaxın dostları, ailə üzvləri Azərbaycandan gedir"
Fuad Qəhrəmanlının onları ittiham hədəfinə almasına peşman edən "Yeni Müsavat" təmsilçisi daha bir maraqlı məqama toxunaraq, ilk növbədə Əli Kərimlinin hətta icazəli aksiyalar, mitinqlər keçirməsinə də ironik münasibət bildirib: "Siyasətdən getməyin buynuzu olmur ki... Adamlar icazəli mitinq keçirir, 300-500 nəfər zorla yığırlar. Öz partiyalarının üzvləri belə o aksiyalara gəlmir. Yaxın dostları, ailə üzvləri Azərbaycandan gedir. Avropa ölkələrindəki müxalifətçilərin sayı Bakıdakı və rayondakı aktiv müxalifətçilərdən çoxdur. AXCP-nin, "Milli Şura"nın, bu təşkilatların rəhbərlərinin perspektivinə, gələcəyinə inansalar, bu adamlar niyə xaricə getsinlər?.. Amma biləsiniz, çoxu hakimiyyətin təzyiqindən baş götürüb getmir. Əksər müxalifətçilər məhz müxalifətin perspektivsizliyi ucbatından Avropaya sığınır."
"Oğlum, siz getmisiniz zatən!"
Məsələ kontekstində Əli Kərimlinin sosial şəbəkələrdə fəaliyyət göstərən söyüş qrupu barədə də şərh verilib. Qeyd olunur ki, əslində, onlar AXCP sədrinin quldur dəstəsidirlər və reallığı, gerçəkliyi deyənlərə, yazanlara qarşı dərhal hərəkətə keçirlər: "İstənilən məsələdə onun (Rauf Arifoğlunun-R.R.) günahkar olması ilə bağlı rəy yaratmağa çalışırlar. Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı "Azadlıq" qəzetində məqalə yazıb və "Müxalifət getməlidirmi" sualı ətrafında, sözün əsl mənasında, boşboğazlıqla məşğul olub. "Oğlum, siz getmisiniz, zatən. Bunu bir də durub bizdənmi soruşursunuz?!."
"Siyasətin bic balaları bizdən əl çəkmir…Sənin demokratlığına bir quş, ay Fuad"
Baş yazarın müavini AXCP-nin demokratik partiya olmadığını və əslində, avtoritar idarəçilik üsulu ilə ldə saxlanıldığını izah edərkən, bildirib ki, əgər onlar, həqiqətən də, demokratik paritya olsaydılar, indi həmin təşkilata Əli Kərimli deyil, qeyrisi sədrlik edərdi: "Bu adamların demokratiyadan xəbəri yoxdu. Siyasətin bic balaları bizdən əl çəkmir. Bunlar demokratiya qatilləri, fərqli düşüncə düşmənləridir. Əli Kərimli siyasi ömrünün az qala yarısından çoxunu "Yeni Müsavat" qəzetinə qarşı mübarizəyə həsr edib. Niyə? Çünki onun yanında deyilik, ona boyun əymirik, dediklərini etmirik. Dediyi də nədir? Ondan yazaq, onun "böyüklüyünü" təbliğ edək, ictimai şüura "Əli Kərimlidən yoxdur, müxalifətin tək lideri odur, hamı onun ətrafında birləşsin" şüarları ilə çıxış edək. Bu isə tam avtoritarizmdir. Adını demokrat qoyan bir siyasətçinin bunu etməsi normal ölkələrdə həmin siyasətçinin iflası ilə yekunlaşardı. Arzu edərdim ki, ölkəmizdə demokratiya tam bərqərar olsun. O zaman bic demokratlar yox olub gedərdilər".
Azər Ayxan Fuad Qəhrəmanlının onlara komissarlıq etmək eşqində olduğunu istehzalı şəkildə bildirib və deyib ki, əgər belədirsə, onda burada hər hansı bir demokratiyadan söhbət gedə bilməz: "Sən mənə komissarlıq edəcəksənsə, yazdıqlarıma görə məni mənəvi-psixoloji terrora məruz qoyacaqsansa, o zaman sənin demokratlığına bir quş, ay Fuad."
Göründüyü qədər, artıq aralarındakı körpülərin tam yandığını sübut edən bu qarşıdurmadan qalib kimi məhz "Yeni Müsavat" qəzetinin çıxdığını qeyd etmək mümkündür. Baxmayaraq ki, bu qəzet uzun illər hakimiyyətə qarşı radikal, iftira, böhtan xarakterli yazılar dərc edib, ötən prezident və parlament seçkiləri ərəfəsində hətta radikallığı ilə "Azadlıq" qəzetini kölgədə qoyub, hazırda bu mətbu orqanın radikallıqdan imtina edərək, normal müxalifətçilik prizmasına üstünlük verməsi onun "Azadlıq" və AXCP üzərindəki üstünlüyünü sübuta yetirir. Bu baxımdan, ictimai rəyin radikalizmi deyil, sivil müxalifəti normal müxalifət kimi qəbul etməsi həm Əli Kərimlini, həm də onun siyasi biclərini narahat etməyə başlayıb. Bu naraharlıq isə əbəs deyil. Çünki gözlənilən nəticə onların iflasına doğru sürətlə şütüməkdədir.
Rövşən RƏSULOV