ÇƏRÇİVƏ
Sabiq başqan müavini seçki labirintinə düşüb
Müsavat partiyasının parlament seçkilərinə qatılmaq qərarı artıq bəllidir. Lakin buna baxmayaraq, təşkilatın namizədlər məsələsində hələ də qeyri-müəyyənliklər qalmaqdadır. Belə ki, daha çox tanınmış müsavatçıların namizədlik məsələləri hətta partiya rəhbərliyində yekdilliklə qəbul olunmur. Belə namizədlərdən biri də Müsavatın sabiq başqan müavini Vurğun Əyyubdur.
Onun namizədliyinin ya qeyri-müəyyən qalması, ya da müəyyənləşdirilməsi ətrafındakı məsələ növbəti qarşıdurmalara səbəb ola bilər
Qeyd edək ki, Vurğun Əyyub eyni zamanda Müsavat rəhbəriyinə qarşı qiyam etdikdən sonra oradan qopan narazıların təsis etdikləri Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədr müavinidir. Bu baxımdan, onun namizədliyinin ya qeyri-müəyyən qalması, ya da müəyyənləşdirilməsi ətrafındakı məsələ növbəti qarşıdurmalara səbəb ola bilər. Artıq bunun cücərtiləri də görünməkdədir.
Xatırladaq ki, Müsavat partiyası parlament seçkilərinə qatılacaq namizədlərinin siyahısını avqustun 29-da keçiriləcək məclisdə təsdiqləyəyini bəyan edib.
Nüşabə Sadıxlı: "Bilmirəm...Xəbərsizəm…."
Maraqlı məqamlardan biri də məclis sədri Nüşabə Sadıxlının Vurğun Əyyubla bağlı verdiyi açıqlamasıdır. O, Vurğun Əyyubun Suraxanı rayonu 30 saylı seçki dairəsindən namizəd olmaq istəyinə də münasibət bildirərkən nə "hə", nə də ki, "yox" deyib. Daha dəqiqi, Vurğun Əyyubun partiyadan namizəd kimi müəyyənləşdirilməsinə cavab verməkdən yayınıb: "Bilmirəm, Suraxanıdakı 30 saylı seçki dairəsindən kimsə namizədliyini vermək istəyir, ya yox. Amma Vurğun Əyyubun namizədliyini məclis təsdiq edəcəksə, Müsavatın namizədi olacaq. Hazırda həmin dairədən başqa bir müsavatçının iddialı olub-olmadığını bilmirəm (?-R.R.). Bəlkə də partiyaya bu barədə müraciət ediblər (?!-R.R.), amma mən bundan xəbərsizəm."
Siçan-pişik oyunu
Göründüyü kimi, Müsavatın əsas təşkilatdaxili qurumlarından olan məclisin sədri guya demək istəyir ki, onun Vurğun Əyyubun namizəd kimi qəbul olunub-olunmaması sual altındadır, amma onun yerinə Suraxanı rayonunda yerləşən mövcud dairədən başqası da namizədlik irəli sürə bilər. Əslində, bu vasitə ilə siçan-pişik oyunu oynadıqlarını etiraf edən məclis sədrinin partiyanın məsul şəxsi kimi seçki kimi mühüm məsələlərdən xəbərsiz olmasını deməsi gülünc görünür və Nüşabə Sadıxlının fikirləri yekun qərarın verimədiyini isbatlayır.
Ya Arif Hacılıya biət, ya da ki…
Ancaq onu da qeyd edək ki, heç Vurğun Əyyubun da yekun nəticəsi bəlli görünmür. Çünki qanunvericiliyə görə, hərəkatlar və onların üzvləri hərəkat adından seçkilərə qoşula bilməzlər. Vurğun Əyyubun isə seçkilərdə iştirakı hazırda üzvü olduğu Müsavat rəhbərliyi tərəfindən müəyyənləşdirilməlidir. Bu zaman dilemma qarşısında qalan Vurğun Əyyub parlament seçkilərinə qatılmaqdan ötrü ya ADR-ə üz çevirib başqan Arif Hacılının sədrliyiə biət etməli, ya da ADR tərkibində qalaraq, Müsavat rəhbərliyinə qarşı etirazçı mövqeyini davam etdirməlidir. Onun müstəqli namizəd kimi seçkilərə qatılması isə mümkün olsa da, uğur qazanmaq şansı daha az görünür. Ona görə də seçkilərə az müddət qalsa da, Vurğun Əyyub düşdüyü seçki labirintindən çıxmağı bacarmır.
Rövşən RƏSULOV