TƏRS BAXIŞ
Cəmil Həsənli və Əli Kərimli cütlüyü fərari elan olunsular
AXCP-nin və bu təşkilatın yedək qurumu sayılan "Milli Şura"nın parlament seçkilərini boykot etmək qərarı istər həmin qurumlarla əməkdaşlıq etmiş, istərsə də etməmiş digər müxalifət partiyaları tərəfindən "top-tüfənglə" qarşılanıb. Xatırladaq ki, bir neçə gün öncə Kərimli və Həsənli cütlüyünün təlıimatı ilə "Milli Şura"nın koordinasiya şurasının üzvü Vidadi Mirkamal seçkilərə qatılmaq istəyində bulunan müxalifət partiyalarını dolayısı ilə düşərfəyə xəyanət etdiklərini deyərək, onları seçkiləri boykot vasitəsinə əl atmağa çağırmışdı. O, eyni zamanda seçkilərlə bağlı yaradılmış blok və birliklərin uğursuzluğa düçar olacağını, bu baxımdan, seçkilərə gedən partiyaları indidən geri çəkilərək, hakimiyyətə qarşı radikal addımlar atmağa səsləyib.
Ancaq "Milli Şura" üzvünün həmin çağırışı bu gün də müxalifətin seçkilərə qatılmaq niyyətinə olan kəsimi tərəfindən hiddətlə qarşılanmaqdadır. Vidadi Mirkamalın və onun özünə seçdiyi "liderlərin" suallarını ən sərt tonda cavablandıran siyasilər, əslində, seçkilərdən imtinanı, boykot qərarını müxaifətin zəifliyini etiraf etmək, eyni zamanda siyasi fərarilik kimi qiymətləndiriblər. "Azadlıq", Müsavat, KXCP, VHP, "Ümid", "Ədalət", ASDP, VİP, ADP və digər siyasi təşkilatlar demək olar ki, bir yerdən çıxış edərək, "Milli Şura" rəhbərliyinin bu addımını pisləyən bəyanatlar yayıblar. Bu gün də eyni cavablar verilməkdədir.
Müsavat rəsmisi: "Boykot etdiyimiz seçkilər olub. Lakin sonradan biz buna görə, həm siyasi, həm də ictimai qınaqla rastlaşmışıq"
Bu arada daha bir tanınmış müsavatçı, partiyanın divan üzvü İkram İsrafil seçkilərdə iştirak etmək qərar vermiş partiyalar üçün "Milli Şura" və AXCP rəhbəriyinin irəli sürdüyü çağırış və ittihamların əhəmiyyəti olmadığını deyib. "Mən siyasi partiyaların, siyasətçilərin seçkiləri boykot təkliflərini və niyyətlərini doğru hesab etmirəm" deyə qeyd edən müsavatçı funksioner bunu bir sıra dəlillərlə sübuta yetirib. Sitat: "Son iyirmi ildə boykot olunan və keçirilən seçkilər və sonrakı dövrün qınaqlarını yadınıza salın. Boykot etdiyimiz seçkilər olub. Lakin sonradan biz buna görə həm siyasi, həm də ictimai qınaqla rastlaşmışıq."
İkram İsrafil Vidadi Mirkamalın bəlli çağırışının siyasi fərarilik olduğunu deyib: "Ümumiyyətlə, siyasi partiyanın, siyasətçinin seçkiləri boykot etməsi başadüşülən deyil. İnsanların rəyini nəzərə almadan seçkiləri boykota çağırmaq siyasi fərarilikdir."
Beləliklə, Müsavat rəsmisinin sözlərindən də bəlli olur ki, artıq "Milli Şura" deyilən bir qurum düşərgədə heç bir nüfuza sahib deyil və həmin qurumun "liderləri" adından səslənən fikirlər qeyri-ciddi qəbul edilməkdədir.
ADP sədri: "Azərbaycanın suverenliyinə təhlükə törədən qüvvələrin bizə hücumu tamam başqa məna kəsb edir"
AXCP və "Milli Şura"ya qarşı barışmaz mövqedə dayanmış ADP sədri Sərdar Cəlaloğlu da bu addımın doğru olmaması qənaətindədir. Hətta o, bu qurumun mövcudluğunu və oradakı "lidelrəri" bilavasitə dövlət müstəqilliyinə təhlükə qaynağı olduğunu bildirib: "Vidadi Mirkamalın bu cür mövqeyi haradasa başadüşüləndir. Bayquşa deyirlər ki, get dünyanın ən gözəl quşunun balasını gətir. O isə başlayır ağlamağa ki, dünyanın ən gözəl quşunun uşağı mənim uşağımdır. İndi hər kəsə özünün partiyası, qurumu digərləri ilə müqayisədə mehribandır. Əgər Vidadi Mirkamal bizim müttəfiqimiz olsaydı, deyəcəkdi ki, ölkədə ən güclü müxalifət bloku "Qarabağ"dır, yerdə qalanlar xarici ölkələrin yaratdığı blokdur. Onun dediyi bütün sözlər təəssübkeşliklə bağlıdır."
Sərdar Cəlaloğlu müxalifətdəki məğlubiyyət sindomunun düşərgədaxili mövcud vəziyyətlə bağlı olduğunu da eturaf edib. Partiya sədrinin fikrincə, burada hər hansı bir yeni hadisə yoxdur. Yəni qarşılıqlı ittihamlar hər zaman olub. Sitat: "Bu ənənəvi nailiyyətsizlik sindromuna görə müxalifətdaxili çəkişmələrdir…Bu hücum göstərir ki, varlığımızdan narahatdırlar. Əks təqdirdə niyə barəmizdə fikirlər deməlidirlər? "Milli Şura" adını çəkdiyi, tənqid etdiyi bütün partiyaları real güc olaraq görür və bu partiyaların mövcudluğundan narahat olur. Mən şəxsən "Milli Şura"nın mövcudluğundan narahatam. Çünki "Milli Şura" Rusiyanın planı əsasında yaradılıb. Biz bilmirik ki, Rusiyanın Azərbaycanla bağlı niyyəti nədir? Azərbaycanı Avrasiya İttifaqına daxil etmək istəyirlər. Bu baxımdan, ola bilər ki, "Milli Şura" müəyyən məsələlərin fövqündə aktivləşdirilsin. Bu da məni narahat edir…Ancaq Müsavatla bizim bir-birimizə hücumumuz normaldır…Odur ki, bizim bir-birimizə hücumumuz başqa mənadadır. Lakin Azərbaycanın suverenliyinə təhlükə törədən qüvvələrin bizə hücumu tamam başqa məna kəsb edir."
ADP sədri "Milli Şura" rəhbərliyinin "Burada mənəm, Bağdadda kor xəlifə" prinsipi əsasında fəaliyyət göstərdiklərini deyib və qeyd edib ki, bütün bunlara baxmayaraq, qurumun müxalifətin digər cinahında olan siyasi təşkilatları seçkidən çəkindirmək üçün göstərdiyi səyləri nəticəsiz qalacaq: "…"Milli Şura"nın təmsilçiləri özlərini subyektiv idealizmin nümayəndələri kimi aparır. Onlar hesab edirlər ki, nəyisə görür və həqiqət hesab edirlərsə, bu var. Nəyisə görmürlərsə, o şey yoxdur. Bu da, dünyagörüşünün kasadlığı ilə bağlı məqamdır".
Göründüyü kimi, Əli Kərimli-Cəmil Həsənli cütlüyünün boykot qərarları onların istədiyi nəticəni verməməklə bərabər, onların təmsil etdikləri qurumlarını da çətin vəziyyətə salıb. Belə ki, azad, müstəqil şəkildə fəaliyyət göstərmədiklərini sübut edən dəlillər yenidən oryaya çıxır və bir daha bəlli olur ki, "Milli Şura"nın parlament seçkilərini boykot etmək qərarı onların nökərçilik etdikləri qaranlıq dairələrin məhz onlara verdiyi növbəti tapşırığıdır. Bu tapşırıq isə normal düşüncəli müxalifət dairələri tərəfindən təbii olaraq, qəbul edilməməkdədir.
Rövşən NURƏDDİNOĞLU