KÖŞƏ YAZISI
Cəmiyyətin radikallara etimadsızlığı səbəbindən dağıdıcı düşərgə ünsürləri bu dəfə də boykotdan dəm vurmağa başlayıblar. Xüsusilə, "Milli Şura" və AXCP sədrlərinin bu işdə canfəşanlıq göstərmələri isə, görünür, nəticəsiz qalmaqdadır. Çünki onların "seçkiləri boykot edək" çağırışlarına, ümumiyyətlə, məhəl qoyan qoxdur. Əli Kərimlinin çağırışları isə müxalifətdə olan və seçkilərə qatılacaq partiya rəhbərləri tərəfindən sözün əsl mənasında topa tutulmaqdadır. Payızda ölkəmizdə parlament seçkiləri keçiriləcək. Azərbaycan dövləti partiyaların bütün seçkilərdə bərabər şəkildə iştirakını təmin etmək üçün lazımi imkanları yaradıb. Amma AXCP və "Milli Şura" rəhbərliyi bu imkanlardan yararlanmaq əvəzinə ölkəmizdəki demokratik seçki mühitinə kölgə salmağa çalışır. Seçkilərinə az vaxt qalmasına baxmayaraq, radikallar bu seçkilərə hazırlıq istiqamətində heç bir addım atmırlar. Əksinə, seçkilərə qatılmaq istəyən müxalifət partiyalarını xəyanətkar adlandırırlar. Nədir ki, digərləri onlarla hesablaşmırar. Fəqət, özlərinin müxalifətə nə qədər xəyanət etdiklərinin fərqinə belə varmırlar. Əslində, dağıdıcıların bu fəaliyyətsizliklərinin səbəbi bəllidir. Görünür, Əli Kərimli-Cəmil Həsənli cütlüyü daxili böhranlarının fonunda seçkilərdə iştirak etmək iqtidarında deyil.
Yeri gəlmişkən, seçkilərə qatılmaq istəyən müxalifəti ittiham edən Əli Kərimli və onun dəstəsi min bir yolla yeni "polemikalar" açmaq istəyi, yeni müzakirələrə baş qataraq yayınmaq niyyəti də məhz bundan irəli gəlir. Yəni AXCP sədrinin zaman-zaman fərqli oyunlarla, birlik tamaşaları ilə siyasi gündəmə gəlmək istəyi də məhz gücsüzlüyünü ört-basdır etmək üçündür. AXCP və "Milli Şura" hər zaman seçkilərdən yayınmaq üçün min bir bəhanə uydurur, min bir yola baş vurur. Bu dəfə də eyni situasiya yaşanmaqdadır.
Onu da deyək ki, hər bir seçki ərəfəsində və ondan sonrakı dövrdə radikal müxalifətin daxilində ziddiyyətlərin daha da dərinləşməsi artıq ənənəvi hal alıb. Azərbaycanda keçirilən bütün seçkilər zamanı özlərini "müttəfiq" adlandıran radikal partiyalar sonda bir-birlərinə qarşı hücuma keçib. Bunun nəticəsində də müxalifət düşərgəsi parçalanmaqdan, daha da zəifləməkdən başqa bir şey qazanmayıb. Biz uzağa getməyərək, 2013-cü ildə prezident seçkiləri ərəfəsində yaradılan qondarma "Milli Şura" da eyni aqibətin yaşandığını gördük. Beləliklə, bu kimi fiaskoların ardından Əli Kərimli süni gündəm yaratmaq naminə yeni "ideyalar" irəli sürmək niyyətinə düşür. "Boykot oyunu" da bu məqsədə xidmət edir. "Boykot" qərarını verən AXCP bu qərarı, guya, seçki mühiti ilə əlaqələndirməyə çalışsa da, bunun əsassızlığı hər zaman sübut olunub. Yuxarıda da vurğuladığımız kimi, "boykot oyunu"nun arxasında dayanan əsl səbəb budur ki, onun avtoritar idarəçiliyində olan təşkilat sosial dayaqları zəif olduğu üçün onlar yerlərdə bələdiyyələrə namizədlər irəli sürməyə heç bir potensialları yoxdur. Buna görə də, Əli Kərimli-Cəmil Həsənli cütlüyünün bu il keçiriləcək parlament seçkilərində iştirakı sual altındadır. Bir sözlə, hər zaman anti-azərbaycançı dairələrin buyruq qulu olan, maddiyyatı hər şeydən üstün tutan, xarici dairələrin göstərişi ilə bəyanatlar verən, şəxsi mənfəət naminə, hətta düşmənlərimiz ermənilərlə ittifaq belə quran dağıdıcı düşərgənin cəmiyyətdə sosial dayağı sıfır səviyyəsindədir. Bunu düşərgənin "başbilənləri" də gözəl dərk edirlər. Sadəcə, onlar bu dəfə də seçki məsələsini, daha doğrusu, "boykot oyunu"nu gündəmə gətirməklə, yəqin ki, xaricdən maliyyə dəstəyi əldə etmək məqsədi güdürlər. Ancaq son zamanlar onların ümid bəslədikləri xarici ağalarının da süstlüyü belə deməyə əsas verir ki, Kərimli-Həsənli cütlüyü bu dəfə maliyyə məsələsində də quru yerdə qalacaq.
RƏFİQƏ