"Boykot" qərarı qurumun zəifliyini təsdiqləyir
Seçkilər yaxınlaşdıqca müxalifət düşərgəsində çaxnaşmalar, didişmələr daha da dərinləşir. Bu da ondan qaynaqlanır ki, düşərgədə boyundan, gözə necə görünməyindən asılı olmayaraq hər bir partiya və ona rəhbərlik edən şəxs özünü digərindən daha nüfuzlu, sosial dayağa malik qüvvə kimi təqdim edir, elə ki lazım olan məqam yetişdi, köhnə vərdişlərinə aludəçiliklərini təsdiqləməklə əks təbliğat kampaniyasının sürətini artırmaq məcburiyyətində qalırlar.
Hələ seçkilərə xeyli müddət qalmış bu ünsürlərin açıqlamalarını və tabeliklərində olan mətbu orqanlarda dərc olunan yazıları xatırlasaq, məqsəd və məramın nədən ibarət olduğu bəlli olar. Gah ölkədə demokratik seçki mühitinin olmadığını bildirir, gah bütün müxalif qüvvələrin vahid namizədlə prosesə qatılmalarının vacibliyi vurğulanır, gah da maraqlar üst-üstə düşməyəndə, "boykot" yolu onların "köməyinə" gəlir. Bu baxımdan, bu günlərdə "Milli Şura" noyabrın 1-də keçiriləcək parlament seçkilərini "boykot" etmək qərarını verib, daha dəqiq desək, nəticəsi əvvəldən bəlli olan seçkiyə demokratik don geyindirən satqınlar seçkidə iştirak edənlərə qarşı şantaj kampaniyasına başlayacaqları ilə bağlı qərar qəbul etdiklərini bildirirlər. Amma qurum üzvləri bu "taktikanın" da keçərli olmadığının fərqindədirlər. Seçkilərdə iştirak etməyən partiyanın, yaxud şəxsin nəticələr barədə fikir söyləməsi demokratiyanın tələblərinə ziddir və heç bir hüquqi əsası yoxdur. Bunu Avropa Şurasının rəhbərliyi də dəfələrlə dağıdıcıların diqqətinə çatdırıb. Bü gün düşərgə təmsilçiləri üçün əsas variant seçkilərə qatılmalarıdır ki, bu da həmin ünsürlərin nəyə qadir olduqlarının açıqlanmasında yardımçı olduğundan tərəddüdlərin yaranmasına, daha dəqiq desək, yuxunun ərşəyə çəkilməsinə səbəb olur.
Bir məqamı da yada salaq ki, ölkədə guya demokratik seçki mühitinin olmadığını iddia edən AXCP sədri Əli Kərimli guya bu səbəbdən seçkidə iştirak etməyəcəklərini bildirir. Daim qeyd etdiyimiz kimi, dağıdıcılar üçün etiraf hər zaman böyük problem olub. Etiraf cəsarətləri çatsaydı, bu günə qədər keçirilən seçki proseslərində məğlubiyyətlərinin əsl səbəbini açıqlayıb, siyasi meydandan uzaqlaşardılar. Ə.Kərimli fərziyyələrini reallıq kimi qəbul etdirməyə çalışmaqdansa, seçkilərdə iştirakla bağlı tərəddüdünün ictimaiyyətə məlum, özünə isə isə "sirr" olan tərəflərinə aydınlıq gətirsə, daha yaxşı olar. "Heç kəs öz ayranına tuş deməz" deyimi bütün dövrlər üçün müxalifət düşərgəsində öz təsdiqini tapıb. Seçkiləri "boykot" məsələsinə siyasi partiyaların münasibətinə gəlincə, "Milli Şura"dan kənarda olan partiyalar "boykot" mövqeyini dəstəkləmirlər.
Aydın Mirzəzadə: "Milli Şura" bu addımı ilə özünün zəifliyini, cəmiyyətdə nüfuzunun olmadığını və hər hansı bir perspektivdən məhrum olduğunu sübut etdi"
YAP-ın Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə "SƏS"ə açıqlamasında bildirib ki, "Milli Şura" bu addımı ilə özünün zəifliyini, cəmiyyətdə nüfuzunun olmadığını və hər hansı bir prespektivdən məhrum olduğunu bir daha sübut etdi: "Bir daha məlum oldu ki, "Milli Şura"nın cəmiyyətə, onun maraqlarına heç bir aidiyyatı yoxdur. Bu gün onun sıralarında ziyalılar yoxdur. Demokratik düşüncəli insanlar onları dəstəkləmir. Adi 125 dairədə onun irəli sürəcək potensial namizədləri yoxdur. Hesab edirəm ki, sadəcə olaraq seçkidən sonrakı növbəti məğlubiyyətin acısını dadmamaq üçün və növbəti bir yalan uydurmamaq üçün indidən bu addımı atırlar. Bu hərəkətlə mümkündür ki, 2020-ci ilin seçkilərinə kimi ümumiyyətlə, Azərbaycanda "Milli Şura" və ora daxil olan siyasi qruplar siyasi səhnədən silinib getsinlər. Seçkidə iştirak etməyən, cəmiyyətlə əlaqəsi olmayan, xarici anti-Azərbaycan mərkəzlərinin ölkəmizdəki maraqlarını güdən siyasi qruplar heç bir zaman cəmiyyətdə uğur qazana bilməz. Onların nə addım atmasından asılı olmayaraq, seçki olacaq".
Araz Əlizadə: "Xalq bu ünsürlərin ölkədə keçirilən seçki proseslərindən məğlubiyyətlə çıxmalarının səbəbini çox yaxşı bilir"
ASDP sədri Araz Əlizadə vurğulayıb ki, müxalifət son 20 ildə bir real təklif də irəli sürməyib: "Onların bütün təklifləri xəyaldır. Onsuz da xalq bu ünsürlərin ölkədə keçirilən seçki proseslərindən məğlubiyyətlə çıxmalarının səbəbini çox yaxşı bilir. İddiaları sosial bazaları ilə tərs mütənasiblik təşkil edən bu ünsürlər sesvermə mərhələsinə qədər canfəşanlıq göstərib, xalqın "böyük əksəriyyətinin" səsini qazanacaqlarını bildirsələr də, əsas məqam yetişəndə, bu fikirlərinin özlərini təsəllidən başqa bir şey olmadığının şahidi olurlar. AXCP sədri Əli Kərimli bildirir ki, guya hakimiyyət bu ünsürləri özünə güclü rəqib bildiyi üçün onlara qarşı "hücum kampaniyası" həyata keçirir. Onların bölgələrə səfərləri zamanı üzləşdikləri olaylar xalq tərəfindən dəstəkləmədiklərinin göstəricisi olduğu halda, ictimai diqqəti yayındırmaq üçün bunu onlara qarşı aparılan "hücum kampaniyası" kimi təqdim etdilər. Maraqlı, eyni zamanda "güclü reklama" xidmət edən təbliğat deyildimi? Görəsən, bu "lider"lərin hansı imkanları hakimiyyəti narahat etməlidir? Bu günə qədər Azərbaycanın xeyirinə hansısa bir addımın atılmasında maraqlı olmayan, hər zaman ictimai qınaqla üz-üzə qalanların özləri barədə belə "yüksək fikirdə" olmaları nədən qaynaqlanır? Təbii ki, cavabımız dəyişməzdir. Xarici dairələrdən asılılıq, onların sifarişlərinin icrası fonunda aldıqları vədlər bu ünsürlərin "yerə-göyə sığmamalarına" stimul versə də, sonda xalqdan alacaqları cavabın daha önəmli olduğunun fərqindədir. Bu cavab isə hər zaman "yox" olub".
Sərdar Cəlaloğlu: "Boykot"u xalq etməlidir, əgər xalq doğrudan da aktiv şəkildə bu prosesə qoşulursa, bunun nəyi "boykot" olur?"
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə "Milli Şura"nın seçkini "boykot" etməsinin müxalifətə heç bir aidiyyatının olmadığını deyib: "Siyasi partiyalar haqda qanuna əsasən vətəndaşların seçkidə iştirakına mane olmaq cinayətdir. Kimsə özü qərar qəbul edib seçkiyə getməyə bilər. "Boykot"u xalq etməlidir. Əgər xalq doğrudan da aktiv şəkildə bu prosesə qoşulursa, bunun nəyi boykot olur? Bütün müxalif partiyaları seçkiyə gedir. Bir partiyanın bütün müxalifətdən fərqlənib seçkini "boykot" etməsinin nə mənası var? "Milli Şura"nın seçkidə iştirak etməməsi onların köhnə "siyasəti"dir. Əvvəl bütün müxalifət seçkiləri "boykot" edəndə, onlar iştirak edirdi. İndisə əksinədir. Həmin Əli Kərimlisən də. Nə dəyişib ki? İndi ağıllanmısan? Demək olar ki, müxalif partiyaların hamısı seçkiyə gedir, "Milli Şura"nın bu hərəkətində məqsəd özlərini müxalifətdən ayırıb, beynəlxalq və ölkə ictimaiyyətinin diqqətinə çatdırmaqdır ki, hamıdan fərqliyik. Ancaq fərqli deyilsiniz, elə həmin səviyyədə olan Əli Kərimlisən, satqın, xəyanətkar simvolu olan hansısa bir kəs... ".
İkram İsrafilov: "İnsanların rəyini nəzərə almadan seçkiləri "boykot"a çağırmaq siyasi fərarilikdir"
Müsavatın divan üzvü, sabiq deputat İkram İsrafil isə siyasi partiyaların, siyasətçilərin seçkiləri "boykot" təkliflərini və niyyətlərini doğru hesab etmədiyini bildirib: "Mən siyasi partiyaların, siyasətçilərin seçkiləri "boykot" təkliflərini və niyyətlərini doğru hesab etmirəm. Son iyirmi ildə "boykot" olunan və iştirak olunan seçkilər və sonrakı dövrün qınaqlarını yadınıza salın. "Boykot" etdiyimiz seçkilər olub. Lakin sonradan biz buna görə həm siyasi, həm də ictimai qınaqla qarşılaşmışıq. Ümumiyyətlə, siyasi partiyanın, siyasətçinin seçkiləri "boykot" etməsi başadüşülən deyil. İnsanların rəyini nəzərə almadan seçkiləri "boykot"a çağırmaq siyasi fərarilikdir".
Ü.ƏSGƏROV