"Satqın sənsən..." ittihamları səngimir
Bir müddət ara verdikdən sonra AXCP-Müsavat partiyaları arasında uzun illərdir ki, davam edən qarşıdurma və ittihamlar seriyası yenidən alovlanıb. Belə ki, mövzunun köhnəlmiş və çeynənmiş olmasına rəğmən, hər iki partiyanın rəhbərliyi hələ də qarşı tərəfləri "satqın" ittihamı ilə atəşə tutur. Hər iki tərəf yenə də "satqınlıq", "xəyanətkar" ittihamı səbəbindən qarşı-qarşıya dayanıb.
Məsələnin yenidən alovlanmasına gəlincə, burada əsas səbəbkar kimi Müsavat partiyası məclisinin sədri Nüşabə Sadıxlının mətbuata verdiyi müsahibəsidir. Həmin müsahibəsində müsavatçı funksioner deyib: "Satqınlar Əli Kərimlinin yanında yer aldı."
Müsavat: "Günahkar Əli Kərimlidir"
Müsavatçı funksioner bunula belə, hər zaman Müsavatın barışıq üçün ilk addım atdığını iddia edib və qarşıdurmaların da məhz barışıq nəticəsində sona çatacağını deyib. Buna rəğmən, hazırda düşmənçiliyin əsas səbəbkarı kimi yenə də AXCP rəhbərliyində olduğunu vurğulayıb: "Günahkar Əli Kərimlidir. Problem bir ideologiya ətrafında birləşməməkdir. Əbülfəz Elçibəy üçün Müsavat və AXCP anlayışı yox idi. Onun üçün müxalifət var idi. Mən onun iştirakı ilə AXCP rəhbərliyinin son yığıncağını xatırlayıram. Sonuncu dəfə Türkiyəyə getdiyi gün AXCP-nin bütün rəhbərliyini yığıb tövsiyələr verdi. Onun müşaviri kimi mən də orada iştirak edirdim. Birinci müavini Əli Kərimliyə göstəriş verdi ki, parlament seçkisinə Müsavatla birgə gedilsin. Ancaq bəyin dediyinə əməl edilmədi, AXCP parçalandı. Müxalifət düşərgəsindəki soyuqluğun təməli o vaxtdan qoyuldu. Müsavat o zaman Mirmahmud Mirəlioğlunun sonradan KXCP-yə dönüşən qanadını müdafiə etdi. AXCP-yə və Elçibəyə xəyanət edənlər Əli Kərimlinin yanında yer aldı. Çox təəssüf ki, böyük siyasətlə məşğul olan insanlar cılız, xırda hisslərdən xilas ola bilmirlər".
AXCP: "Hər dəfə böyük birlikləri ilk tərk edən Müsavat olub"
Lakin Nüşabə Sadıxlının ittihamları cavabsız qalmayıb. Onun cavabını "Azadlıq" qəzeti verib. Böyük ehtimalla müsavatçı funksionerin sərt açıqlamasına reaksiyanı da məhz həmin qəzeti əlində saxlayan Əli Kərimli verib. Onun başqa imza ilə yazdığı yazıda qeyd olunur: "Əvvəla, qeyd edək ki, baş verənlər o qədər də uzaq tarix deyil və prosesin içində olanlar hər şeyi detallarına qədər xatırlayır. Həmin dövrdə AXCP-Müsavat blokuna ilk zərbəni Müsavat özü vurdu. Hətta KXCP cinahına keçən şəxslərin plakatlarını küçələrə yapışıdırıb, "AXCP Müsavatı dəstəkləyir" təbliğatı apardı. Bir faktı da demək lazımdır ki, Elçibəyin ölümündən öncə göndərdiyi siyahıda Əli Kərimlnin adı birinci yazılmasına baxmayaraq, Müsavat əks-cinahı dəstəklədi. İkincisi, proses həmin dövrlə yekunlaşmayıb. Sonrakı mərhələlərdə də AXCP şəxsi ambisiyalardan imtina edib, birlik formatı təklif eləyib. Hər dəfə böyük birlikləri ilk tərk edən Müsavat olub. Müxalifətin birlik formatı kimi yaranmış "Milli Şura"nı da ilk tərk edən Müsavat oldu. Həm də seçkilərdə Cəmil Həsənlini dəstəkləyib, "Milli Şura" çətiri altında fəaliyyət göstərib, sonra "Milli Şura"nı "Rusiya proyekti" adlandıran da Müsavat partiyası oldu. Amma AXCP bu gün də "Milli Şura"da təmsil olunur və birlik formatının möhkəmlənməsinə xidmət edir. Uzun illərdən sonra AXCP-nin harda dayandığı göz önündədir. Müsavatdan fərqli olaraq AXCP xəyanətkarları müdafiə etməyə çalışmayıb".
Beləliklə, Əli Kərimli Müsavata və rəhbərliyinə məsləhət görüb ki, daha özünü AXCP ilə müqayisə etməsin: "AXCP hansı gündədir? Hansı parametr üzrə Müsavat AXCP ilə müqayisə oluna bilər? AXCP-nin təkcə gənclər komitəsi Müsavat partiyasından üstündür. Bəlkə, Müsavatın meydan gücü AXCP-dən artıqdır? Müsavat "Milli Şura"dan çıxdıqdan sonra neçə nəfəri yeni üzv qəbul edib? Xeyli müddətdir ki, AXCP Müsavatı rəqib görmür və heç bir parametr üzrə də rəqabət aparmağa əsas yoxdur. Çünki partiya əsas etibarilə sağlamdır."
Beləliklə, məsələ tamamilə aydındır. Guya zaman-zaman barışıq axtarışına çıxan hər iki partiya nəticə etibarilə daha betər düşmən tərəflərə çevrilirlər. Bu isə sonu olmayan bir yola bənzəyir. Daha dəqiq desək, siyasi arenada hər iki partiya yolun sonuna çoxdan gəlib. Ancaq onların düşmənçiliklərinin sonu, ümumiyyətlə, görünmür.
Rövşən RƏSULOV