Müsavat AXCP-dən qurultay öcü alır
Ötən həftə AXCP-nin qurultayında baş verən qalmaqallı hadisələrdən, eləcə də partiya sədri Əli Kərimlinin saxta yolla yenidən sdər seçilməsi "təntənəsi" yaşandıqdan sonra bu partiya ilə ənənəvi düşmənçilik mövqeyində dayanan Müsavat partiyası yenidən qarşı tərəfi ittiham atəşinə tutub. Daha dəqiq desək, hər iki siyasi təşkiat indi də kimin "demokratik" qurultay keçirməsi barədə bir-birlərinə qarşı iddialarda bulunurlar.
Bu dəfə ilk olaraq hücumu Müsavat partiyası başladıb. Belə ki, ötən ilin sentyabrında partiyanın qurultayı keçirildiyi ərəfədə tədbirə dəvət alan cəbhəçilər ora getməkdən imtina etmişdilər. Üstəlik, Müsavatın keçirdiyi qurultayın nəticələrini ən sərt şəkildə tənqid etmişdilər. Arif Hacılını legitim yollarla başqan seçilməməsini, o cümlədən, partiya daxilində qeyri-demokratik mühitin olmasını, eləcə də partiyanın "iqtidarla iş birliyinə getməsini" iddia edən AXCP rəhbərliyi, hətta sosial şəbəkə vasitəsilə söyüş kampaniyasına da start vermişdi. Hətta bu kampaniya son zamanlara qədər davam edirdi.
Müsavat rəhbərliyi: "AXCP-nin qurultayı azad və ədalətli keçməyib"
Lakin yuxarıda da qeyd edildiyi kimi, indi Müsavat partiyası demək olar ki, eyni addımları AXCP-yə qarşı atmaqdadır. Məsələn, Müsavat məclisinin üzvü Mustafa Hacıbəyli sosal şəbəkədəki statusunda yazıb ki, AXCP-nin qurultayı heç bir ictimai maraq doğurmayıb. Sitat: "Hətta Sahib Kərimlinin namizəd olmaq istəyi də bu qurultaya rəng qata bilməyib. Buna səbəb isə Əli Kərimli gizli səsverməyə razı olmadığı üçün, o, namizədliyini geri götürüb. Alternativ olmadığı üçün qurultay da maraqsız keçdi."
Beləlkilə, Hacıbəylinin fikrincə, qurultayın azad və ədalətliliyindən danışmaq buna inanmaq, sadəcə sadəlöhvlükdür.
Bu savaşın hər iki tərəfdən çoxsaylı itkilərlə müşahidə edilməsi isə şübhəsizdir
Digər müsavatçı, təşkilatın divan üzvü Nemət Kərimli isə AXCP-nin qurultayının demokratik keçirilmədiyini düşünür: "Seçkinin azad olması üçün ən birinci şərt onun gizliliyi prinsipi, ədalətli olması üçün say komissiyasının formalaşdırma qaydasıdır. Əlbəttə, azad və ədalətli seçkidən danışmaqla bərabər, ümumi, birbaşa, təşviqat və təbliğatın maneəsiz həyata keçirilməsi şərtləri də vacibdir. AXCP qurultayında gözlənilən seçkilər buna cavab vermədiyindən, onun azad və ədalətliliyindən danışmaq yersizdir."
Müsavat divanının təmsilçisi qeyd edib ki, açıq səsvermənin keçirilməsi gizlilik prinsiplərini pozur və bu, azad seçki hesab edilə bilməz.
Söz yox ki, müsavatçıların rəhbər strukturları da AXCP-ni "ağ yuyub, qara səriblər". Başqan müavini Elman Fəttah qeyd edib ki, seçkili demokratiyanın müxalif düşərgədə mənimsənilməsinə nail ola bilməyiblər: "Onlar hələ də demokratiyanı "hakimiyyətə gələndə, tətbiq edərik" kimi qorxulu arqumentlə demokratiyanın əlifbasını, ilk düsturuna qarşı müqavimət göstərməyə davam etməkdə israrlı görünürlər. Seçkili demokratiya demokratiyanın əlifbası, gizli səsvermə seçkili demokratiyanın ilkin şərtidir… Amma onun (Əli Kərimlinin) profili demokratiya ola bilməz…"
Nəticədə, hər iki partiya arasında müəyyən müddət sönük keçən savaşın yenidən qızışdığını görə bilərik. Bu savaşın hər iki tərəfdən çoxsaylı itkilərlə müşahidə edilməsi isə şübhəsizdir. Çünki hazırda top Müsavatda olsa da, növbəti topun AXCP-də olacağı indidən görünür.
Rövşən RƏSULOV