Sərdar Cəlaloğlu: "Bu gün partiyamızdan 7-8 nəfər fərdi qaydada seçkilərdə iştirak edir"
Bir müddət öncə Azərbaycan Demokrat Partiyasının (ADP) noyabrda keçiriləcək parlament seçkilərini boykot edəcəyi barədə yayılan fikirlərə partiyanın sədri Sərdar Cəlaloğlu tərəfindən aydınlıq gətirilib. Məlum olub ki, ADP heç də seçkilərdən imtina etmir. Belə ki, Cəlaloğlunun fikrincə, onun rəhbərlik etdiyi təşkilatı təmsil edən 8 nəfərin namizədlikdən geri çəkilməsi seçkiləri boykot etmək anlamı daşımır.
"SƏS"in məlumatına görə, mətbuata verdiyi açıqlamasında nə üzvlərinin seçkiyə qatılmasını, nə də namizəd kimi iştirakını məhdudlaşdırmadıqlarını deyən Sərdar Cəlaloğlu, həmçinin bildirib ki, ADP üzvləri fərdi qaydada seçkilərdə iştirak etmək niyyətindədirlər. Sitat: "Ona görə də bu gün partiyamızdan 7-8 nəfər fərdi qaydada seçkilərdə iştirak edir."
"Biz nə seçkini boykot etmişik, nə də başqa niyyətimiz var"
Partiya sədri, həmçinin bunu belə əlaqələndirib ki, seçkilərdən sonra davam edəcək iqtidar-müxalifət dialoqunda öz müxalifətçilik missiyalarını yerinə yetirməkdən ötrü, o və daha bir neçə rəhbərlik strukturu təmsilçisi seçkilərdə iştirak etməyəcək. Çünki bunun da bir səbəbi var. Sərdar Cəlaloğlu hesab edir ki, xüsusilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və "Milli Şura" seçkilərə gedən müxalifət partiyalarına "hakimiyyətə işləyirsiniz" ittihamı irəli sürür. Bu səbəbdən də, qarşı tərəfin cavabını vermək üçün də bu addımın atılması barədə qərara gəlinib: "Hələ bizim seçkiyə axıra kimi gedib-getməyəcəyimizi bilmədikləri halda, AXCP bəyan etdi ki, seçkiyə gedənlər hökumətlə danışıb… Bu baxımdan, belə qərar verdik. Biz nə seçkini boykot etmişik, nə də başqa niyyətimiz var."
"Nə başqa bir partiyanın bizim dəstəyimizə ehtiyacı var, nə də biz hər hansı partiyaya dəstək verməyi öhdəlik kimi öz üzərimizə götürmüşük"
ADP sədri, eyni zamanda, heç bir müxalifət partiyasına dəstək verməyəcəklərini bildirib: "Hər hansı siyasi qüvvəni dəstəkləmək niyyətimiz yoxdur. Seçkiyə gedən hər bir qüvvə öz gücünə arxayın olub seçkiyə qatılmalıdır. Nə başqa bir partiyanın bizim dəstəyimizə ehtiyacı var, nə də biz hər hansı partiyaya dəstək verməyi öhdəlik kimi öz üzərimizə götürmüşük. Hətta seçkidə hansısa partiyanı dəstəkləmək lazım olsaydı, seçkidən qabaq gərək bu barədə partiyalar arasında razılaşma olaydı, müqavilələr imzalanaydı. Seçkidən öncə belə bir addımlar olmadığına görə, seçkidən geri çəkilməyimizdən sui-istifadə edib kimsə bizdən hər hansı dəstək ala bilməz, biz də heç bir qüvvəyə belə dəstək verə bilmərik."
"Qarabağ" bloku buraxılmalıdır"
O cümlədən, uzun zaman müttəfiqlik etdiyi "Ümid" partiyasına da heç bir dəstək verməyəcəklərini bəyan edən sədr bunu belə əsaslandırıb: "Qanuna görə seçkilər ərəfəsində hansı partiya blokda iştirak edirsə, onun ayrılıqda fəaliyyət göstərməsi qadağandır. "Ümid" partiyası "125-lər" deyilən bir blokla seçkiyə getdiyinə görə onun ADP ilə və ya təklikdə siyasi partiya kimi fəaliyyət göstərməsi qanuna ziddir. Bir sözlə, "Ümid" partiyası seçki qurtarana qədər yoxdur. Seçkidən sonra yəqin blokun taleyinə baxacaqlar. Şəxsən bizim partiyamızda belə bir fikir hakimdir ki, "Qarabağ" blokunun qarşısına qoyulan bütün məqsədlər yerinə yetirilib, bu blok ya başqa məqsədlər müəyyən edildikdən sonra yenidən fəaliyyət göstərə bilər, ya da buraxılmalıdır."
"Belə olan halda "Ümid"ə necə dəstək verə bilərik?"
Artıq "Ümid" partiyasının ADP üçün heç bir önəm kəsb etmədiyini də deyən Sərdar Cəlaloğlu İqbal Ağazadənin rəhbərlik etdiyi təşkilatın onlara xəyanət etdiyini də dolayısı ilə etiraf edib: "Ümid" deyilən partiya yoxdur. Seçkidən qabaq "Ümid" ADP ilə əməkdaşlıq etmək niyyətini ortalığa qoymamışdı. Ən azı "125-lər"lə ADP arasında bir-birimizə dəstək vermək barədə müqavilə imzalansaydı, bu, başqa məsələ olardı. Bir çox dairələrdə "Ümid" bizim namizədlərə alternativlər verdi. Şəxsən mən 21-ci dairədən namizədliyimi vermək istəyirdim, "Ümid" alternativ göstərdi, İqbal Ağazadə söz göndərdi ki, namizədliyimi həmin dairədən verməyim. Sonra 9-cu dairəni seçdim. Bu, onu göstərirdi ki, biz əməkdaşlıq yox, rəqabət müstəvisinə keçmişik. Belə olan halda, necə bir-birimizə dəstək verə bilərdik."
Göründüyü kimi, istər seçkilərə gedən, istərsə də getməyən ənənəvi müxalifət partiyalarının hazırkı vəziyyətləri, həqiqətən də anlaşılmaz və qəliz durumdadır. Bütün bunlar isə bir daha onu göstərir ki, yekdil fikrə gələ bilməyən, siyasi vəziyyəti doğru dəyərləndirməyən partiyaların bu durumları onlara uğurlu gələcək vəd etmir. Çox yəqin ki, siyasi-ictimai rəy də artıq heç cür bir araya gələ bilməyən düşərgə təmsilçilərinin ciddiliklərinə inanmır. Bu baxımdan, seçki mühitində bir araya gəlmək yerinə, daha da dərindən parçalanan ümummüxalifətin artıq sonuncu seçki ili yaşadıqlarının da fərqinə varmalıdırlar.
Rövşən NURƏDDİNOĞLU