Aydın Mirzəzadə: "Böyük dövlətlər işğalçı Ermənistana dur komandası verməlidirlər "
Müsahibimiz Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadədir
- Aydın müəllim, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfəri planlaşdırılır. Ancaq ermənilərin mövqeyindən çıxış edən həmsədrlərin bu səfərdə nə isə bir prinsipal mövqe ortaya qoya biləcəyi nə dərəcədə inandırıcıdır?
- Ötən müddət ərzində təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı elə bir ciddi fəaliyyəti olmayıb. Bir qayda olaraq, tərəfləri tərəzinin bir gözünə qoyması, Ermənistanı işğalçı bir dövlət adlandırmaması, beynəlxalq hüququn təsir imkanlarından istifadə edilməməsi ATƏT-in Minsk Qrupuna edilən iradlardandir. Ancaq bununla belə nə qədər zəif olsa da, bu siyasi təsir mexanizmidir. Yəni bu gün üç böyük dövlətin Azərbaycanın işğal edilmiş torpaqları məsələsinin məsuliyyətini öz boynuna götürməsinin özü bu gün artıq oturuşmuş bir məsələdir.
- Deməli, həmsədrlərin regiona budəfəki səfərləri əvvəlkilərdən fərqlənməyəcək?
- Bəli, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona budəfəki səfərləri də əvvəlki səfərlərinin təkrarı olacağını təxmin etmək olar. Yəni bir qayda olaraq, həmsədrlər Bakı və Yerevana səfər edəcəklər, prezidentlərlə görüşəcəklər, ümumi bəyannamə yayacaqlar. Amma bu, problemin həlli üçün yetərli deyil.
Azərbaycan ATƏT-in Minsk Qrupundan Dağlıq Qarabağ məsələsi ilə bağlı qəti mövqeyini ortaya qoymağı tələb edir. Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsi üçün heç bir əsas yoxdur. Böyük dövlətlər işğalçı Ermənistana dur komandası verməlidirlər.
- Nə zamana qədər Ermənistan işğalçılıq siyasətini davam etdirəcək və buna da beynəlxalq təşkilatlar, xüsusilə də, həmsədlər və digər ermənipərəst ölkələri göz yumacaqlar?
- Əslində, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsinin ən böyük zərbəsi də elə Ermənistanın özünə dəyir. Minilliklər boyu dövləti olmayan bir xalq tarixi təsadüf nəticəsində dövlət əldə edib, amma bu fürsəti lazımınca dəyərləndirə bilmir. Ermənistanı siyasi və iqtisadi layihələrdən kənarda qoyub. Bu gün Ermənistanın dörd qonşu dövlətlərdən ikisi ilə sərhədləri bağlıdır. Eyni zamanda, ölkəsi hər hansı bir regional iqtisadi layihədə iştirak etmir, investisiya qoyuluşu yoxdur. Bu yaxınlarda, keçirilmiş sosioloji sorğuda məlum olub ki, hər 4 nəfərdən 3-cü bu gün Ermənistandan köçmək imkanlarını arayır. Ermənistan nə qədər işğalçılıq siyasətini davam etdirəcəksə, bir o qədər də özünü uçuruma aparacaq.
- Hələ də bəzi xarici ölkələr var ki, onlar işğalçı Ermənistana yardım edir, Dağlq Qarabağ münaqişəsinin həllində status-kvonun saxlanmasına dəstək verirlər. Bu ikili yanaşma nədən irəli gəlir?
- Təəssüflər olsun ki, xaricdən müəyyən siyasi dairələr Ermənistana dəstək verirlər. Ermənistanın mövcudluğu üçün maksimum siyasi və iqtisadi səylər göstərirlər. Bu gün Azərbaycanın beynəlxalq aləmdə və təşkilatlarda apardığı siyasət, ilk növbədə Ermənistanın hərəkətinə hüquqi və siyasi qiymət verilməsidir. AŞPA-nın Sərsəng su anbarı ilə bağlı qəbul edilmiş qətnaməsi Ermənistana növbəti bir zərbədir. Heç də beynəlxalq təşkilatların hamısı Ermənistanı işğalçı adlandırmır. Bu da Ermənistanı dəstəkləyən qüvvələrin səyi nəticəsində mümkün olur. Amma hesab etmirəm ki, bu, uzun müddət mümkün olacaq. Tarix ədalətsizliyi sevmir.
GÜLYANƏ