KÖŞƏ YAZISI
Sirr deyil ki, hər seçkidən-seçkiyə ortalığa çıxan radikal təmayüllü müxalifət mənsibları seçki prosesi olmayan illərdə də gündəmdə qalmaq üçün müxtəlif yollara baş vururlar. Hazırkı vəziyyətdə bu kimi müxailfət öz "tərəqqisini" yaşamaqda davam edir. Ancaq bu "tərəqqi", ilk növbədə onların sıralarının boşalması ilə müşahidə olunur. Necə deyərlər, bekarçılıq olanda kimlərsə ittiham edir, kimlərsə də həmin ittihamları əsas gətirib, canını müxalifətdən qurtarır.
Ancaq daha bir məqam da diqqətdən yayınmır. Özlərinə iş-güc tapa bilməyən müxalifət başbilənləri başlayırlar mənasız ideyalarla çıxış etməyə. Məsələn, AXP sədri Pəhan Hüseyn kimi. Onun təklifi ilə yaranan növbəti blok guya "antiböhran" çərçivəsində hakimiyyətə alternativ fikirlər ortaya qoyacağıymış. Halbuki son iki-üç il ərzində müxalifət başbilənləri, ümumilikdə 12-yə yaxın (!) müxtəlif qurum "kəşf ediblər". Söz yox ki, bu qurumların heç biri müxalifət üçün birlik modelinə çevrilə bilməyib. Necə bəh-bəhlə yaradıb gündəmə gətiriblərsə, eləcə də bir-birini söyüb təhqir etməklə həmin qurumları tarixin arxivinə atıblar. Xatırlatmaq yerinə düşərdi ki, Pənah Hüseyn hələ "İctimai Palata"nın buraxılmasından sonra, "Düşüncə Mərkəzi"nin yaradılması ideyası ilə çıxış etmişdi. Onun bu ideyasını isə Müsavatın sabiq başqanı İsa Qəmbər oğurlayıb. Amma əslində, bunun heç bir fərqi-filanı yoxdur. Ya Pənah Hüseyn olsun, ya da İsa Qəbər. Necə deyərlər, ikisi də bir bezin qırağıdırlar. Ona görə də hazırda bu "mərkəzə" rəhbərlik edən İsa Qəmbərin oğurladığı digər ideyaları kimi bu "ideyasında" da hazırda heç bir yenilik və irəliləyiş görünmür.
Onu da deyək ki, heç müxalifətin "texnoloqlarından" sayılan Pənah Hüseynin bu ideyası öz beyninin məhsuluna oxşamır. Nə çoxdur internatdə bu cür ideya paketləri...
Beləlkilə, bu "Düşüncə Mərkəzi"nin də siyasi düşərgədə uzunömürlü olub ciddi quruma çevriləcəyi inandırıcı deyil. Ən azı ona görə ki, müxalifət düşərgəsində müxaliflərlə bağlı formalaşan rəy bunu deməyə əsas verir. Söz yox ki, yeni "mərkəz"in yaradılması bir qədər əvvəl Müsavatın tərk etdiyi "Milli Şura"ya alternativ yaradıldığı da deyilirdi. Amma "Milli Şura" da elə bir ciddi qurum deyil ki, ona hər hansı bir alternativ də olsun.
Sadəcə, İsa Qəmbər AXCP sədri Əli Kərimli ilə olan düşmən münasibətini sözügedən "Düşüncə Mərkəzi"ndə təmsil olunan partiya sədrləri ilə davam etdirmək fikrindədir. Daha bir səbəb isə İsa Qəmbərin 2018-ci ildə keçiriləcək prezident seçkisində radikal müxalifətin vahid namizədi olmasına nail olmaqdır. Qəmbərdən fərqli olaraq, Kərimli mətbuat və cəmiyyətin "Qərbin siyasi dairələrinin Azərbaycandakı ruporu" damğasını üzərində gəzdirir. Nəticədə, Arif Hacılı İsa Qəmbərin təlimatları əsasında AXCP-ni Müsavatdan uzaqlaşdırmaq planını həyata keçirir. İsa Qəmbərdən təcrübəsiz olan Əli Kərimli isə asanlıqla sabiq başqanın oynadığı oyunların içinə düşüb özünə qarşı çevrilə bilir. Beləlkilə, Pəhan Hüseynin beş-altı il öncəki "ideyası" yenidən müxalifətin çanağını öz başında çatladacaq. Ancaq bu dəfə də İsa Qəmbər-Əli Kərimli timsalında. Hələlik isə, bekarçılıqdır...
RƏFİQƏ