İtirilmiş nüfuz və başsız adamın bundan sonrakı addımları...
Müsavat partiyasının son 5 il ərzində itirdikləri ilə qazandıqlarını müqayisə etdikdə, tərəzinin bir gözü yerə dirənmiş olur. Partiya funksionerlərinin kütləvi şəkildə Müsavatdan istefa vermələri, 2013, 2015-ci il seçkilərindəki rüsvayçı məğlubiyyət, xarici "maliyyə mənbələri"nin aşkara çıxması, partiyada hökm sürən diktatura nəticəsində bir neçə funksionerin qurban verilməsi bu qurumu tamamilə çökmüş vəziyyətə saldı. Cəmiyyət bütün bu itkilərin əvəzində hər hansı bir qazancın şahidi də olmadı. Məsələn, Müsavat bircə deputatla belə Milli Məclisdə təmsil oluna bilmədi, hər hansı bir konsepsiya ilə çıxış imkanları olmadı, xarici əlaqələri "pul yemək" prinsipindən o tərəfə keçə bilmədi. Xüsusilə də Müsavatın 2014-cü il sentyabrın 26-da keçirdiyi qurultayda baş verən proseslər partiyadan axının qarşısını ala bilmədi, əksinə bu dəfə başbilənlər bu qurumu ittiham edərək tərk etdilər. Qubad İbadoğlunun, Səxavət Əlisoyun partiyadan getmələri Müsavat üçün bütün ümidləri sıfıra endirdi. Ardınca da gənc fəal Tural Abbaslının Arif Hacılıya uduzdurulması, sözün əsl mənasında, "İsa Qəmbər tandeminin" mövcudluğunu və Arif Hacılının, sadəcə "fiqur başqan"lığını təsdiqləmiş oldu. Q.İbadoğlunun Müsavatla ayrılan yolları ötən iki il ərzində birləşmədi və hərəkat sədri bundan sonra da "DRUH" ilə Müsavatın heç vaxt bir ola bilməyəcəyinin anonsunu verdi: "Hər kəs öz yoluna davam edəcək. Biz müstəqil şəkildə öz hərəkatımızın planlarını hazırlamışıq, Müsavatla yollarımız çoxdan ayrılıb. Heç vaxt hər hansı işbirliyindən söhbət gedə bilməz".
Şübhəsiz ki, Q.İbadoğlu partiyadan xaric ediləndən sonra kifayət qədər ittihamlarla rastlaşdı. İsa Qəmbərin əlində bişib Arif Hacılının dili ilə ötürülən ittihamlar da Müsavat rəhbərliyinin itirilmiş nüfuzunu qaytara bilmədi. Rüsvayçı olaylar, funksionerləri şərləmək planının tərkib hissəsi kimi "Ağ Blok" rəhbəri Tural Abbaslı AXCP sədri Əli Kərimli ilə "işbirliyində" ittiham olundu. T.Abbaslı Müsavat rəhbərliyinin bu ittihamlarını özünəməxsus şəkildə cavablandırdı: "Kifayət qədər gülünc ittihamlardır. Çünki indiyə qədər Əli Kərimli ilə heç vaxt təkbətək görüşüm olmayıb. Guya ki, Əli bəylə hansısa planda əlaqələrimizin olması barədə fikirlər deyilir. Onunla son görüşüm İsa Qəmbər və Arif Hacılının da iştirak etdiyi "Milli Şura"nın toplantılarının birində olub. Əksinə, mən bilən iki ay bundan qabaq təkbətək Arif Hacılı-Əli Kərimli görüşü olub... Yəni gülünc bir yazıdır. Ə.Kərimli ilə hansısa məsələni müzakirə etməyimiz mümkün deyil. Çünki onlar da bilir ki, mən müsavatçıyam. Özünü müxalifət sayan qurum digərini zəiflətmək siyasətini yetirməməlidir. Belə bir siyasət olsa belə, etiraf olunacağı real deyil. Partiyanı dağıtmaq barədə məsələyə gəldikdə isə, sirr deyil ki, partiyadaxili demokratiyanın olmadığını, idarəçilik sistemini bəyənmədiyimi açıq şəkildə bildirmişəm. Hətta özləri ilə görüşlərdə də fikrimi deyirəm. Hazırda da bu fikirdəyəm ki, Müsavat demokratik yolla idarə olunmur. Amma deyilə bilməz ki, biz düşünülmüş şəkildə addım atırıq. Başqa bir liderin tapşırığı ilə hərəkət etmək fikirləri bizə yaddır". Səxavət Əlisoy da Müsavat rəhbərliyini saxtakarlıqda ittiham etdi və göstərdi ki, Müsavatın dönəmi İsa Qəmbərin başqanlığa başladığı vaxtdan bitib.
Müsavatı hansı tanınmışlar və niyə tərk ediblər?
Sabit Bağırov, Siracəddin Hacı, İlham İsmayıl, Nurəddin Əhədov, Tapdıq Fərhadoğlu adları sizlərə məlumdur. Vaxtilə Müsavatı böyük səs-küylə tərk edən bu adamlar bəlkə də 2-16-cı ilə böyük uğursuzluqlarla qədəm qoyan Müsavatın gələciyin bilirdilər. Müsavatın Yasamal rayon təşkilatının sədri Telman Nüsrətoğlu (2003-cü ildə Nüsrətoğlu dərhal partiyadan istefa verdiyini bəyan etmişdi, bu yaxınlarda isə bəyan edib ki, həbs olunmasında Altay Göyüşovun dostunun da rolu olub), iqtisadçılar Azər Mehdiyev, Rövşən Ağayev, Bakı Dövlət Universitetinin müəllimləri Altay Göyüşov (o, partiyanın din komissiyasının sədri olub), tarix elmləri namizədi Rəsul Hüseynli, digər bir komissiya sədri Rauf Səlimbəyli, uzun illər Ağdam rayon təşkilatının sədri, divan üzvü Əsgər Əhməd, kimya elmləri doktoru Bəhmən Sultanlı (sonradan Vətəndaş Həmrəyliyi Partiyasına üzv olub, lakin buradan da qovulub), kənd təsərrüfatı nazirinin sabiq müavini Xaləddin Xəlilov, jurnalist Məğrur Əli Polad müxtəlif zamanlarda partiyadan uzaqlaşıblar. Qarabağ Azadlıq Təşkilatının üzvü Akif Nağı uzun müddət Müsavat partiyasının məclis və divan üzvü olub. Sonralar Yasamal rayon təşkilatının üzvü kimi partiyada qalsa da, QAT-dakı fəaliyyəti ilə bağlı müəyyən ziddiyyətlər yaranması səbəbindən Müsavatdan uzaqlaşıb. Müsavat başqanının sabiq müşaviri Yeganə Hacıyeva isə partiyadan 2013-cü ilin dekabr ayında gedib və bunu belə əsaslandırıb: "Bir neçə həftədir hər şey barəsində düşünmək ətraflı imkanım oldu. Yaşadığımız siyasi hadisələri analiz etdim. Bir məqamda obyektivliyi partiya maraqları naminə görməmək seçimi ilə üz-üzə qaldım. Nəhayət, qərara aldım ki, Azərbaycan cəmiyyətinin maraqları daha üstün və faydalıdır. Bu maraqlar, hadisələrə düzgün qiymət vermək imkanından başlamış ona doğru istiqamət təyin etməyə, onu yalnız birliyin gücü ilə pozitivə çevirməyə qədər geniş bir sistemli fəaliyyətdir. Amma çox təəssüf ki, bunu uzun illər qarşılıqlı fayda gördüyüm təşkilatda davam edərək həyata keçirə bilmirəm. Bu gündən müstəqil olduğumu bəyan edirəm".
Sülhəddin Əkbər və Adil Qeybullanın Müsavatı tərk etməsi ilə partiyada əsl istefa ənənəsi formalaşdı və İsa Qəmbərin hədə-qorxusu ilə illərini Müsavatda itirənlər onu tərk edib getdilər. Bəs bu qədər itkilərdən sonra Müsavat kimi qazandı? Bu suala İsa Qəmbər və ya Arif Hacılı cavab verə bilərmi?
Bu il fevralın 8-də Tural Abbaslının verdiyi bəyanat isə Müsavatı daha dərin uçuruma salacaq və yəqin ki, bu qurumun tək qalmış qolu da qırılıb düşəcək: "May ayında "Ağ Blok"un qurultayı keçiriləcək. Bloku partiyaya çevirəcəyik. Blok üzvlərinin adları Müsavat partiyası sıralarında olsa da, faktiki, ayrı siyasi qüvvə kimi fəaliyyət göstərirlər. Biz yalnız kağız üzərində Müsavat üzvü sayılırıq. Qurultay ərəfəsində hamımız Müsavat partiyasından istefa verəcəyik".
Samir