Radikallar isə onun sözünə etinasız yanaşırlar
Son günlər Rəsul Quliyev müxalifət liderlərini sərt tənqid edərək onları abır-həyaya çağırıb: "1993-cü ilin iyunundan postlarını itirmişlər, 23 ildir "bəlkə də qaytardılar" röyası ilə yaşayırlar. Onlar 1993-cu ildən bu günə qədər müxalifətin axırına çıxdılar, indi müxalifət sözü Azərbaycanda söyüş kimi qəbul edilir. Mən bu partiyaların liderlərini abır-həyaya dəvət edirəm və çıxıb getməkləri ilə yerlərini cavanlara verməklə xalqa xidmət etməyə çağırıram, ancaq bu, mümkün olmayacaq. Çünki bu insanlar heç vaxt, heç bir işdə işləməyiblər, demoqoqiyadan başqa əllərindən heç bir şey gəlmir"
"Müxalifət daha da cılızlaşıb"
Eks-spiker müxalifətin 23 ildir bir yerdə həyasızcasına oturduqları kreslodan əl çəkməmələrinə toxunaraq bildirib ki, bu yolla özlərini millətə sırımaq istəsələr də, heç bir şeyə nail olmayacaqlar: "Ağır məğlubiyyətdən sonra məğlub tərəfin məğlubiyyətinin səbəblərini müzakirə etməməsi nə vaxt, hansı ölkədə, hansı tarixdə mümkün olduğunu kim mənə izah edə bilər? Məğlubiyyətinin səbəblərini analiz etməyən tərəf məgər vuruşmağını dayandırmamalıdır? Məğlubiyyətin səbəbi "Hökümət seçkiləri saxtalaşdırdı" - deyib müzakirədən qaçanların heç 100 ildən sonra da qələbə çalmaq şansları yoxdur. Bu gün bu insanların ''siyasət'' meydanına yapışıb qopmamaları xalqın gələcəyinin üzərindən hökümətlə müqayisədə daha qalın xətt çəkir. Hökümətə münasibət stabil-neqativdir. Bu münasibət real müqavimət gücü formalaşdıra bilər. Bu prosesin sürətini zəiflədən amillərdən biri müzakirələrdən qaçanların müxtəlif donlarda yenidən özlərini millətə sırımaq cəhdləridir".
Eks spiker, həmçinin "Milli Şura"da keçirilən iclaslara da toxunub. O deyib ki, "seçkilərdən üç aydan çox vaxtın keçməsinə baxmayaraq, bu ölü qurum bir dəfə də məğlubiyyətin səbəblərini müzakirə etməyib. Müzakirə etsəydi, bəlkə də şəhərin içərisində metronun yanında verilmiş maksimum 10 min nəfərin yerləşə biləcəyi meydana niyə 3-5 mindən artıq adamın gəlmədiyinə cavab tapardı. Səhv siyasətinin nəticələrinin ləğvi ilə məşğul olardı. Çünki "Milli Şura" hakimiyyətə gəlməyə, yalnız şəxsi maraqları təmin etməyə hesablanan və bundan əvvəl yaranan mənasız və ölü qurumlardandır. Bu quruma qədər mövcud olan birliklərdə fəaliyyət göstərən, bir-birinə qarşı zidd olan insanlar toplaşıb. Hərənin öz hakimiyyət ambisiyası, şəxsi marağı var. Belə olan halda, hansı nəticədən danışmaq olar?"
R.Quliyev, son dövrlər qarşılıqlı ittihamların daha kəskin xarakter aldığı AXCP və Müsavat partiyası arasında biri-birinə qarşı yönəlmiş tənqid və təhqirlərlə bağlı məsələyə də aydınlıq gətirərək, qeyd edib ki, bugünkü müxalifətin üzvlərinin 90 faizi 90-cı illərdən qalma müxalifətçilərdir: "O vaxt 30-35 yaşları olanlar artıq 50-60 yaşıı haqlayıb, bəziləri isə 60-70 yaşındadırlar. Həmin o yaşlarından "siyasətin mahiyyəti məqsədinə çatmaq üçün istənilən yalanı demək, başqalarını aldadıb kələk gəlmək və sair yaramazlıqlardır" idealogiyasına söykənib eyni siyasətlərini 24 ildir davam etdirirlər. Belə bir yolu ideologiya kimi qəbul etmiş müxalifətçilərin xalqın inam və ümidini mütləq şəkildə itirəcəklərinə şübhə ola bilməzdi. İndi onların müxalifətçilik imkanları sıfıra bərabərdir".
R.Quliyev bu gedişlə radikal müxalfiətin mövcudluğunu da sual altına alır: "Müxalifətin yenidən yarana bilməsi üçün isə 90-cı illərdən müxalifətdə olanların hamısı bir nəfər kimi istefa verib getməlidirlər".
Ü.ƏSGƏROV