Aydın Mirzəzadə: "Əli Kərimli və onun kimi düşünən insanları Azərbaycan torpaqlarının işğaldan azad edilməsi maraqlandırmır"_
Cəbhə xəttində baş verən hərbi əməliyyatlar Azərbaycan dövləti üçün bir çox məsələləri ayırd etmiş oldu. Kimin dost, kimin düşmən olduğu bu dəfə bütün detalları ilə üzə çıxdı. Ermənistan tərəfinin verdiyi itkiləri azaldıb, Azərbaycan tərəfinin verdiyi itkiləri məqsədli şəkildə çoxaldıb cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd edənlər xalqımız tərəfindən böyük qınağa tuş gəldi. Məsələn, ermənilərin istinad etdiyi, dəstək verdiyi Əli Kərimli cəbhə xəttində baş verən əməliyyatlarla bağlı düşmən dəyirmanına su tökməklə məşğuldur. Onun verdiyi açıqlamalarda ordumuzun əldə etdiyi uğurlar heçə endirilir, ələ keçirilmiş ərazilərin, əslində ermənilərdə olduğu ilə bağlı dezinformasiya dolu məlumatlar yer alır. Son bir həftə ərzində Ermənistanın bir neçə saytı, qəzeti, politoluq Ə.Kərimlinin fikirlərinə istinad edərək, Azərbaycana qarşı təxribat dolu materiallar dərc edirlər. Haqlı olaraq, Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinə məxsus insanlar son bir neçə gündür ki, Ə.Kərimlinin evinin önündə toplaşaraq onun anti-Azərbaycan mövqeyinə etiraz edirlər. Gənclər Ə.Kərimlini anti-dövlət mövqeyindən çəkinməyə, erməniləri müdafiə etməkdən uzaq durmağa çağırırlar.
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bu məsələlərlə bağlı fikirlərini açıqlayıb. O, qeyd edib ki, aprelin 2-5-də cəbhə xəttində aparılan hərbi əməliyyatlar, əslində, eyni zamanda, cəmiyyətdə kimin kim olduğunu bir daha aydınlaşdırıb: "Kimin, doğrudan da vətənpərvər, Azərbaycanın ümummilli məsələsinin həllində maraqlı olduğu üzə çıxıb. Bir sıra müxalif partiyalar və qruplar bu məsələdə həmrəylik nümayiş etdirərək, Prezidentin siyasətini müdafiə etdiklərini, Dağlıq Qarabağ məsələsində hakimiyyətlə bir olduqlarını nümayiş etdirdilər. Ancaq Əli Kərimlinin rəhbərlik etdiyi müxalifətin bir qanadı bu məsələlərdə, əksinə, anti-dövlət mövqeyindən çıxış etdilər. Onun çıxışlarının məğzində düşünülməmiş addımlar atmaq, Azərbaycanı beynəlxalq aləmdəki dəstəkdən məhrum etmək və 1992-ci ildə - özləri hakimiyyətdə olarkən, apardıqları və uğursuzluqla nəticələnən eksperimentlərin həvəsi hiss olunur. Bir daha aydın oldu ki, onların ümumdövlət siyasətindən, ümumiyyətlə anlayışları yoxdur və təklifləri bu gün Ermənistanın və Ermənistanı xaricdən müdafiə edən müəyyən siyasi dairələrin dəyirmanına su tökməkdən başqa bir şey deyil. Dağlıq Qarabağ məsələsinin həllində ancaq hərb yoluna söykənmək heç vaxt uğur gətirə bilməz. Uğur, həm hərbi, həm də diplomatik yolun birgə vəhdətidir və ümumən götürdükdə problemin həllinə aparan ən qısa və ən az itkisiz yolun seçilməsidir. Ə.Kərimli və onun kimi düşünən insanları isə bu gün Azərbaycanın torpaqlarını işğaldan azad edilməsi maraqlandırmır. Onlar bugünki situasiyada yenidən hakimiyyət hərisliyini, yenidən ölkədə qarışıqlıq yaratmaq istəyini ortaya qoyurlar. Nədənsə, onlar torpaqların az bir qisminin işğaldan azad olunmasına sevinmədilər. Nədənsə, bu situasiyada hakimiyyətin uzun illər apardığı hazırlığın müsbət nəticə verdiyini vurğulamadılar. Nədənsə, onlar öz çıxışlarında Ermənistanın siyasətini pisləmədilər, anti-Azərbaycan mövqeyində olan xaricdəki müəyyən mərkəzlərə cavab vermədilər. İstəkləri isə Azərbaycanı yenidən 1990-ci illərin qarmaqarışıqlarına salmaq, yenidən qaranlıq situasiyada xaricdən müəyyən qüvvələrin dəstəyi ilə hakimiyyətə gəlməkdir".
A.Mirzəzadə onu da əlavə edib ki, Azərbaycan cəmiyyəti artıq kifayət qədər püxtələşib: "Azərbaycan vətəndaşı onun maraqlarının kimin müdafiə etdiyinin artıq kifayət qədər fərqindədir. İndi təsadüfi deyil ki, Ə.Kərimlinin mövqeyini bir qrup sosial şəbəkə istifadəçilərindən başqa müdafiə edən yoxdur. Müxalif qüvvələrin hamısı Ə.Kərimlinin bəyanatından uzaq durmağa, ən azı isə susmağa səy göstərirlər və gənclərin artıq neçə gündür Əli Kərimlinin evi qarşısında etiraz piket keçirməsi tamamilə başadüşüləndir. Gənclər bu gün Azərbaycanın Dağlıq Qarabağ problemininin həllinə yardımçı olan qüvvələrin tərəfindədirlər. Onlar Azərbaycanın qüdrətinin artmasında, siyasi müstəqilliyinin mövcud olmasında, beynəlxalq aləmdə nüfuz qazanmasında maraqlıdırlar. Bu baxımdan, gənclərin səsi xalqın səsidir, bu səs Azərbaycanın müstəqilliyinin daimi olmasında, onun demokratik, insan hüquqlarının müdafiə edildiyi, öz maraqlarını bütün sivil yollarla müdafiə edən bir quruluş olmasında maraqlı olduğunu ortaya qoyur".
SAMİR