Siyasət

  • 6 105

Həmrəyliy Gününün qeyd olunması Ulu Öndərin adı ilə bağlıdır - ŞƏRH

image

31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması müxtəlif səbəblərdən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq, dövlətimizin inkişafına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dekabnn 31-də qeyd olunması təsadüfi deyildir. Ötən əsrin 80-ci illərinin axırlarında keçmiş ittifaq məkanında gedən proseslər Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət almasına gətirib çıxardı. 1989-cu ilin soyuq, şaxtalı qış günündə minlərlə soydaşımız tarixin ədalətsiz hökmünə - təxminən 200 il bundan əvvəl bağlanmış Türkmənçay və Gülüstan sülh müqavilələrinin şərtlərinə etiraz əlaməti olaraq Araz çayının sahilinə toplaşdılar, doğma Azərbaycanı ikiyə bölən tikanlı məftilləri dağıtdılar.

Beləliklə, 31 dekabr Azərbaycanın tarixinə milli həmrəylik günü kimi düşdü. Bu tarixin rəsmiləşdirilməsi isə Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Milli Həmrəylik və Birlik Gününün təsis olunması barədə qərar qəbul etdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Azərbaycanlıların Həmrəylik Günü elan olunması barədə sərəncam verdi.

Bununla da dünya azərbaycanlıları həmin tarixi bayram kimi hər il yüksək sevinclə qeyd edirlər. Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultay dünya azərbaycanlılarının birləşdirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə çevrildi. Dünya Azərbaycanlılarının I Qurultayında da Ulu Öndər Heydər Əliyev müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin təmin olunmasının vacibliyini xüsusilə vurğuladı: “...İndi azərbaycanlıların bir müstəqil dövləti mövcud olduğu halda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır”.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Ümummilli Liderimiz xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərinin birində isə deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli-azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır”.Müasir Azərbaycan tarixinin son 30 ildən artıq bir dövründə ölkəyə rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs, ənənə yaratmışdır ki, onun ümid, güvən işığı hələ çox parlayacaq, Azərbaycanımızı nura qərq edəcək. Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir. Ulu Öndər Heydər Əliyev öz dövləti, milləti ilə fəxr etdiyi kimi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bünövrəsini, əsasını qoydu. Ona görə də birmənalı olaraq demək olar ki, xalqımızın böyük coşqu ilə qarşıladığı bu əlamətdar günün - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram kimi qeyd olunması Ulu Öndərin adı ilə bağlıdır.

Zamir Hüseynov,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini

Digər xəbərlər