PDF Oxu

Siyasət

  • 11 320

Qadın gülsə dünya güləcəkmi? -GÜNƏ ÖZƏL

image

Qadınlar insandır, kişilər insan övladı

Cəmiyyətdə qadın-kişi bərabərliyini və o cəmiyyətdə sivilizasiya səviyyəsini müəyyən edən ən mühüm meyar qadının cəmiyyətdəki statusudur. Gender cəmiyyətin qadınlara verdiyi vəzifə və öhdəliklə, qadınların cəmiyyətdə necə göründüyü, qəbul edildiyi ilə əlaqədar bir anlayışdır. Genderlə bağlı araşdırmaların əksəriyyəti qadınları kişilərlə müqayisə etməklə aparılır. Gender insanın mədəni, sosial rolu, mənəvi-daxili tərifi və onların təmsili mənasında işlənir. Cinsimizi xromosomlar müəyyən etdiyi halda, gender balansımızı cəmiyyət müəyyən edir. Müasir dünyada gender, cinsi tərbiyə və münasibət haqqında anlayışlar erkən yaşlarda formalaşır.

Bütün bəşəri o doğub, doğduqları ona dünyanı dar elədi

Qadın anadır, bütün bəşəriyyət onun bətnindən törəyib. Yaradan ona elə bir qüdrət verib ki bu qüdrətin eynisi yalnız özünə məxsusdur. Tarixin bəzi dövrlərində qadınlar bu üstün xüsusiyyətinə baxmayaraq xor görülüb, əzilib və istismar edilib. Əksər cəmiyyətlərdə qadının namusu cəmiyyətin və ailənin şərəfi kimi qəbul edilir. Buna görə də onların aktiv iş həyatında iştirakının qarşısı alınır və təhsilinə, işinə ciddi nəzarət edilir. Dünya ölkələrinin bəzilərində hələ də adət-ənənə, namus kimi səbəblərdən oxuya bilməyən qızlar var ki, çox erkən yaşda ərə verilir. Ölkə siyasətinin əsasını gender bərabərliyi təşkil edildiyi iddia edilən ölkələrdə belə qadınlar müstəqil və bərabərhüquqlu vətəndaş kimi sosial-ictimai həyatda iştirak edə bilmirlər, təhsilsizdirlər.

Gender bərabərliyi qadın-kişi arasındakı sosial vəziyyəti, hüquqi maraqları, iqtisadi durumu tarazlaya bilir. Amma bu bütün sahələrdə qadının birmənalı olaraq kişi ilə eyni hüquqa malik olması demək deyil. Tutaq ki, ağır fiziki əmək tələb edən iş üçün müraciət edən iki namizəddən biri kişi biri qadındırsa işə qəbulda kişi namizədə üstünlük verilir, bu işəgötürənin seçimidir, bərabərliyin pozulması deyil.

Bəzən qadınlar ailədə fiziki zorakılığa məruz qalır, bütün yolları yoxlayır, ailəsini qorumaq üçün hər fürsəti dəyərləndirir, amma vəziyyət düzəlmir. Qadın boşanmaqdan qorxur, çünki boşanmış qadın cəmiyyətdə stiqma ilə üzləşir. Onu boşandığı üçün qınayan cəmiyyət sosial-ictimai həyatda yer tutması üçün heç bir təşəbbüs göstərmir.

Sürüklənən bəşəriyyətdir, yoxsa qadın?

Mən bura son illərin statistikasını da qoya bilərdim, müqayisəli rəqəmləri yaza bilərdim. Amma hamı hər şeyi bilir deyə gərək görmədim. Sadəcə ötən ayın cəmi 20 günü ərzində ölkədəki qadın qətllərinin xronologiyasını verəcəm. Bu qadınların demək olar ki hamısı öz ailə üzvləri tərəfindən qətlə yetirilib. Dünyaya gətirdiyi övladı tərəfindən amansızlıqla qətl edilən qadınların bu siyahıda olması da bir ayrı ağrılı məsələdir.

- 2 fevralda Bakıda 14 yaşlı Günay Şadatova anasının sevgilisi tərəfindən bıçaqlandı;

- 4 fevralda Şəmkirdə iki uşaq anası olan 28 yaşlı Qənirə Şərifova qardaşı tərəfindən bıçaqlandı;

- 6 fevralda Cəlilabadda 31 yaşlı Aysel Abbasova keçmiş əri tərəfindən bıçaqlandı;

- 10 fevralda Bakıda 46 yaşlı Solmaz Mansurova oğlu tərəfindən bıçaqlandı;

- 11 fevralda Binə qəsəbəsində 55 yaşlı Pakizə Məmmədova əri tərəfindən bıçaqlandı;

- 16 fevralda Yevlaxda 20 yaşlı Başxanım Salmanova odlu silah vuruldu;

- 19 fevralda Sumqayıtda 28 yaşlı Samirə Məmmədzadə əri tərəfindən kəsici-deşici alətlə öldürüldü;

- 19 fevralda Tərtərdə 42 yaşlı Gülnar Məmmədova əri tərəfindən kəsici deşici alətlə öldürüldü;

- 19 fevralda Abşeronda 49 yaşlı Mehriban Hüseynzadə oğlu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Qadınlar sadəcə öldürülmür, ağır işgəncələrlə və vəhşicəsinə yollarla qətl edilir. Bütün dinlərin, inancların, qədim adət-ənənələrin baş tacı etdiyi qadın bu dövrdə, bu əsrdə yerlərdə sürüklənir, kəndirdən asılır, dəlik-deşik edilir.

Qadınlara qarşı zorakılığın 3 əsas səbəbi

Qadınların vəhşicəsinə qətl edilmə səbəbləri arasında 3 əsas amil var – savadsızlıq, sevgisizlik, şüursuzluq. Ürək ağrısı ilə yazmağa məcburam, hər 3 amili də ailə formalaşdırır. Əgər hər bir valideyn övladını sevgi ilə böyütsə, övladına insani dəyərləri aşılasa, təhsil versə bu cür psixoloji pozğunluğu olan kişilər cəmiyyəti birə kimi basmaz, zorakılıq edə bilməz. Oğlan uşağına bəy balası, xan nəvəsi ədası ilə davranan, elədiyi səhvi dəcəllik kimi qəbul edən, hərəkətlərinə göz yuman valideyn gələcəkdə övladının edəcəyi zorakılığa yol açır əslində.

Qadına qarşı yolverilməz hərəkətlər edən, söyən, döyən, qətl edən insanları da cəmiyyət olaraq biz yetişdiririk. Fundamental maarifləndirməyə əhəmiyyət verməli, insanları psixoloji cəhətdən islah etməli, düşüncələri dəyişib inkişaf etdirməli olduğumuzu bilirik. Çox vaxt bunu həyata da keçiririk. Amma nəticə istədiyimiz kimi olmur. Qadına qarşı zorakılıq hər gün, hər saat artır. Sabaha ümid bağlamırıq daha, çünki dünən sabahdan daha empatiya dolu idik.

“Axı biz nə edə bilərik?”

Bütün qanunlarda, hüquqi sənədlərdə bərabərlik təmin edilir, lakin cəmiyyətin sosial bərabərlik anlayışı dəyişmədiyi üçün qadınlara sosial baxış da dəyişmir. Buna görə də anlayış dəyişikliyi tələb olunur. Bəs bu anlayışlar nə olmalıdır? Biz nə etməliyik?

• Qadınların maarifləndirilməsi

• Səhiyyə, siyasət və ictimai həyatda iştirakda qadınların prioritetliyi

• Qadınların rol və öhdəlikləri ilə bağlı mənfi stereotiplərdən yaxa qurtarmaq

• Öhdəliklərin bölüşdürülməsi

• Ailədə qərarları birlikdə qəbul etmək

• Hüquq və vəzifələrdə bərabərliyi təmin eləmək

• Ailədə qız və oğlanlara bərabər münasibət göstərmək

• Qadınların sosial həyatda iştirakının təmin edilməsi və dəstəklənməsi, onların məşğulluğunun artırılması, qadınların ailə həyatı ilə iş həyatının bir-birini təmin etməsinə şərait yaratmaq

• Qadınların zorakılığa məruz qalmasının qarşısının alınması

• Ayrıseçkiliyin qadağan edilməsi və ayrıseçkiliklə mübarizə məsələsinin təşviqi

• Bərabər imkanların təmin edilməsi

Bu sadaladıqlarımız “gender bərabərliyini təmin etmək üçün nə etmək lazımdır?” sualına verə biləcəyimiz ən sadə cavabdır. Nədənsə bir çox layihə icraçıları elə düşünür ki qadınların hüquqlarını qadınlara başa salmaqla gender bərabərliyini təmin etmiş olurlar. Amma bu bərabərliyin təmin edilməsi üçün qadınlardan çox kişilərin maariflənməyə ehtiyacı var. Axı qadınları əzən, söyən, döyən, öldürən qadınlar deyil. Haqqını-hüququnu bilməsi qadına nə verir? Əvvəl 10 öldürülürdüsə, indi 9 öldürürlürlər, razıyam. 1 nəfər özünü xilas etdi, bəs yerdə qalanlar?

Dövlət qadının yolunu açır, bəs bağlayan kimdir?

Gender bərabərliyinin təmin edilməsi və cəmiyyətdə qadınlara verilən rolların dəyişdirilməsi üçün bütün cəmiyyət olaraq qadınların qarşısında qoyulan maneələri aradan qaldırmaq, onları bərabərhüquqlu şəxsiyyət kimi qəbul etmək və cəmiyyətdə öz layiqli yerini tutmalarına dəstək olmaq lazımdır. Xüsusilə, kişilər qadınlara münasibətdə inqilab etməlidir.

Bizim ölkəmizdə iddia etdiyimiz qədər də öncəlik verilmir qadınlara. Doğrudur, əhəmiyyətli postlarda qadın vəzifəlilər var, lakin bu nisbət ölkənin qadın əhalisinin əhəmiyyətli faizi qədər deyil. Dövlət və özəl sektorda təmsil olunan qadınlardan əlavə sadə vətəndaşların iqtisadi imkanları o qədər də yüksək faizlə xarakterizə edilmir. İş qurmaq istəyən, sərbəst gəlir əldə etmək istəyən çox sayda qadın var.

Dövlət bunun üçün məşğulluq siyasəti həyata keçirir, amma gəlin görək nə qədər qadın yararlana bilir bu fürsətdən? Dövlətin yol açdığı qadına yarıtmaz məmurlar süni bürokratik əngəl, yorucu prosedur, natamam avadanlıqla hər fürsətdə maneə, problem yaradır. Əslində bizim ölkədə sənədlərdə olan imtiyazlarından istifadə edə bilsələr qadınlar çox rahat həyat yaşayarlar, lakin sənəddə olanlar reallığa ötürülmür. Qadınlar iş mühitində sıxışdırılırlar, biznes imkanı əllərindən alınır, mental ayrıseçkiliyə məruz qalırlar.

Qadın və kişi sözdə bərabərhüquqlu ola bilər, amma əməldə bərabər deyillər. Həyat yoldaşıdır, uşaqların anasıdır, evin aşbazıdır, müəllimidir, həkimidir – hər şey onun öhdəsindədir. Bütün bunlarla bərabər qadın işə gedir, ailəyə dəstək olur. Cəmiyyətdə qadın və kişilərin inkişaf imkanlarının bərabərliyini təmin etmək üçün, qadının iş mühitində özünü təsdiqləməsi üçün siz də əlinizi daşın altına qoyun, onlara nəfəs dərmək üçün şərait yaradın. Necə deyərlər, ona doğru ayaqqabını verin, dünyanı fəth eləsin.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər