Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu günlər də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb, Bakıda və digər bölgələrdə 50 mindən çox soydaşımız qətlə yetirilmişdir. Azərbaycan tarixinə 31 Mart soyqırımı kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib.
XX əsrdə Azərbaycan millətinə qarşı erməni təcavüzkarları tərəfindən olunan soyqırımları xalqımıza böyük yaralar vurmuşdur. XIX əsrin sonlarında ermənilərin Xocalıda törətdikləri soyqırımı da erməni faşistlərinin mənfur simasının 100 illər boyu xalqımıza qarşı yürütdüyü soyqırımı siyasətinin daha bir nümunəsi idi. Amma məsələ bununla da bitmədi. Ermənilər Birinci Qarabağ savaşı dövründə də çox cinayətlərə əl atdılar. Kəlbəcərdə tunel yolunda Başlıbel kəndində dinc insanları kütləvi şəkildə qətlə yetirdilər, digər kəndlərdə onlarla insanımız erməni faşizminin qurbanı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Tarixin bütün məqamlarını dəqiqliklə bilməliyik, gənc nəsil də bilməlidir ki, bizim xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır. Erməni faşizminə o dövrdə düzgün qiymət verilmədiyinə görə sonradan tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini dəfələrlə nümayiş etdirmişdir. Gələcəkdə bu faciələrdən sığortalanmaq üçün mütləq dünya miqyasında erməni faşizminə layiqli qiymət verilməlidir”. Və o tarix gəldi! Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı verildi. 2020-ci ilin sentyabrında başlayan 44 gün davam edən Vətən Müharibəsində Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və Azərbaycan ordusunun rəşadəti ilə Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdi. 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası çərçivəsində törətdikləri vəhşiliklərin, şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi.
Yüz beş il əvvəl erməni daşnakları və bolşeviklər Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı ağılasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı, o cümlədən qadınları, uşaqları, yaşlıları xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə yeksan ediblər. Andranikin quldur dəstələrinin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə–baba torpaqlarından qovulub. Bir çox milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdılıb.
Azərbaycan Xalq Cümhuriyyətinin dövründə dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum təsis edildi. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və torpaqlarımızın bir əsrdən artıq davam edən işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.
Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxdı. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlandı. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti müasir dövrümüzdə də davam etdirilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində daha bir dəhşətli soyqırımı törədilib.
Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atıb. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla yanaşı, Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.
2007-ci ildə Quba şəhərində aşkar olunan kütləvi məzarlıq isə 1918-ci ilin mart aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasını daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etdi. Quba Memorial Kompleksinin yaradılması erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə atılan mühüm addımlardan biri idi.
Azərbaycanlılara qarşı törədilən bu bəşəri cinayət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə - soyqırımın 100 illiyi ərəfəsində Sərəncam imzalayıb. Bu məqsədlə xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilib.
Azərbaycanlıların soyqırımı ilə bağlı həqiqətlərə işıq salınması, onun daha geniş coğrafiyada yayılması istiqamətində görülən işlər hər il davam etdirilir. Bu məqsədlə 31 Mart, habelə Xocalı soyqırımlarına dair yüzlərlə xəbər, tədqiqat materialları və arxiv sənədləri toplanıb. Bu informasiya və materiallar, həmçinin rus, ingilis, alman, fransız, ərəb, Çin və ispan dillərində yayılır və böyük beynəlxalq auditoriyaya çatdırılır.
Günay Məmmədli
YAP Yasamal rayon “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri