Siyasət

  • 2 080

Beynəlxalq cinayət

image

XX əsrin əvvəllərində erməni millətçiləri soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları, kütləvi iğtişaşlar törədərək minlərlə günahsız insanın ölümünə bais olublar. Bakıda təxribatlarla başlayan qırğınlar bütün Azərbaycana yayılmışdı. Erməni millətçiləri azərbaycanlıları dədə-baba torpaqlarını, doğma ev-eşiklərini tərk etməyə təhrik edib, qocalara, uşaqlara və qadınlara qarşı ağlasığmaz vəhşiliklər törədiblər. Hətta ermənilərin öz mətbuat orqanları belə özlərinin vəhşiliklərindən dəhşət hissi ilə yazırdılar. Ermənilər öz sərsəm ideyalarının həyata keçməsi üçün hər zaman əlverişli məqam gözləyiblər. Onlar üçün münbit şərait 1918-ci ildə yaranıb. 1917-ci ildə əvvəlcə fevral inqilabı nəticəsində çar hakimiyyətinin devrilməsi, sonra isə oktyabr ayında bolşeviklərin hakimiyyət çevrilişindən sonra imperiyanın dağıdılmasından daşnaklar və digər erməni millətçi partiyaları məharətlə istifadə ediblər. Ermənilərin iğtişaşları 1905-ci ildə olduğu kimi 1918-ci ilin martında, yenə də Bakıdan başlanıb. Özü də bu qırğın ermənilər tərəfindən daha məharətlə hazırlanmış və amansızlıqla həyata keçirilib. Təkcə 31 mart tarixində Bakıda minlərlə dinc insan öldürülür. Öldürülmüş azərbaycanlıların sayını müəyyənləşdirmək çətin idi. Çünki evlərin çoxunda ermənilər bütün ailəni qırmış və elə bir adam qalmamışdır ki, ondan öldürülənlərin adını öyrənmək mümkün olsun. Üç gün davam edən qırğınlar zamanı erməni silahlı qüvvələri bolşeviklərin köməkliyi ilə azərbaycanlıların yaşadıqları məhlələrə qəflətən hücum edib, əhalini uşaqdan böyüyədək qətlə yetiriblər. Azərbaycanlılar əvvəlcədən silahsızlaşdırıldığından ermənilərə güclü müqavimət göstərə bilməyiblər. Ümumiyyətlə, 1905-1906-cı il və 1918-1920-ci illər qırğınlarında 10 minlərlə azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib, öz ev-eşiyindən qovulub. Daşnakların azərbaycanlılara qarşı soyqırımının yalnız Bakı ilə məhdudlaşmayıb. Qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Gəncə və Qarsda da qırğınlar törədilib. 1918-ci il qırğınlarında Şamaxıda çox sayda dinc əhali qətlə yetirilib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və uçurulub. Ən dəhşətli qırğınlardan biri Quba qəzasında olub. Bu soyqırımı nəticəsində Quba qəzasının yüzdən çox kənd tamamilə dağıdılıb, minlərlə ev tamamilə yandırılıb. Tədqiqat zamanı o da məlum olub ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər. Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Yalnız Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu hadisələrin mahiyyətini və nəticələrini obyektiv araşdırmaq mümkün oldu. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində uzun illər gizli saxlanılan erməni millətçilərinin vəhşilikləri öz hüquqi-siyasi qiymətini aldı, tarixi həqiqətlər dünyaya çatdırıldı. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu hadisələrin mahiyyətini və nəticələrini obyektiv araşdırmaq mümkün oldu. Erməni vəhşilikləri öz siyasi qiymətini aldı və soyqırım kimi Prezident fərmanında qeyd olundu. Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 28 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları ilə uzun illər gizli saxlanılan bu ümumxalq faciəsi öz hüquqi-siyasi qiymətini aldı, tarixi yaddaşımız bərpa olundu. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin 2018-ci il yanvarında imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olundu. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə çoxsaylı tədbirlər həyata keçirildi, KİV-də məqalələr dərc edildi.
Soyqırımı aktları bəşəriyyətə qarşı törədilmiş beynəlxalq cinayətdir. “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir: belə bir qrupun üzvlərinin qətlə yetirilməsi; belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi; hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması, insanların kütləvi şəkildə məhv edilməsi, bədən xəsarətlərin yetirilməsi, yaşayışları üçün dözülməz şəraitin yaradılması və sair – 1918-ci ildə baş verənlər bu statusa uyğundur, məhdud coğrafi ərazidə məhz Azərbaycanlı olduqları üçün insanlar kütləvi şəkildə qətlə yetirilmişlər. 1976-cı ildə Beynəlxalq Hüquqi Komissiya beynəlxalq cinayət anlayışını formalaşdırdı. Soyqırımı, maddi-mədəniyyət abidələrinə zərər verilməsi, ətraf mühitə zərər verilməsi və sairləri beynəlxalq cinayət hesab olundu. Beləliklə, 1905-1906-cı illərdə, 1918-ci ildə, 90-cı illərdə baş verənlər beynəlxalq cinayətdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Zəfər yürüşü 44 gün ərzində avantürist erməni millətçilərinin mifini birdəfəlik yox etdi. Azərbaycanlılara qarşı törədilən bəşəri cinayətlərin, soyqırımının, şəhidlərimizin qisası alındı. 100 ildən artıq Azərbaycan xalqına qarşı davam etmiş bu soyqırımı siyasətini Vətən müharibəsindəki tarixi qələbə dayandırdı.

Pərvin Kərimzadə
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Digər xəbərlər