Prezident İlham Əliyev: "Ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir"
Azərbaycanın dünyada turizm məkanı kimi tanınması dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğısının nəticəsidir. "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə də turizmin daha da inkişaf etdirilməsi əksini tapmışdır. Dövlətin siyasətinin məntiqi olaraq, ölkəmizdə təhlükəsizliyin, əmin-amanlığın hökm sürməsi, beynəlxalq tədbirlərin təşkili, qlobal forumlar, humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları, iqtisadi forumlar, idman yarışları və s. turistlərin ölkəmizə axınına səbəb olub. Əlbəttə ki, xüsusi olaraq qeyd etməliyik ki, müasir dünyada turistlərin səyahət seçimi etməsində təhlükəsiz və sabit ölkələrin olması ən əsas göstəricidir. Hazırda dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib.
2026-CI İLDƏ TURİZM XƏRCLƏMƏLƏRİ 11,2 MİLYARD MANATA ÇATACAQ
Statistik məlumatlara istinadən deyə bilərik ki, 2022-ci ildə Azərbaycana dünyanın 178 ölkəsindən 1602,3 min və ya əvvəlki illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2022-ci ilin yanvar–noyabr aylarının ötən ilin eyni ayları ilə müqayisədə 2,1 dəfə artım müşahidə edilib. Növbəti 4 il üçün turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas təməl istiqamət üzrə hədəflər müəyyənləşdirilib. Bu hədəflər həm də "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətlənib. Əsas məqsəd Azərbaycanı dayanıqlı, əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirməkdir. Əsas hədəflərdən biri 2026-cı ildə Azərbaycana səfər edən əcnəbilərin sayını 4 milyon nəfərə, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaqdır. 2026-cı ildə turizm xərcləmələri 2021-ci illə müqayisədə 4 dəfə artaraq 11,2 milyard manata çatacaq, bunun da 49 faizi, yaxud 5,5 milyard manatı əcnəbi turistlərin payına düşəcək. Ümumilikdə isə 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1,5 dəfə artacaq, orta hesabla hər il turizm sektorunda 20 faiz artım qeydə alınacaqdır. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, turizmin inkişafına təkan verən "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı" hazırlandı. Bu müddət ərzində nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edildi və turistlərin istifadəsinə verildi. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsinə və turizm sahəsinin daha da inkişaf etdirilməsinə müsbət təsirini göstərmiş oldu. Müasir dövrümüzdə ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsi təmin edilir.
MÖVSÜMİLİK ANLAYIŞINI ARADAN QALDIRAN QIŞ TURİZM BAZASI
İnkişaf etmiş sivil dünyanı maddi abidələri, yeraltı və yerüstü sərvətləri ilə cəlb edən Azərbaycanda yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması mövsümilik anlayışını aradan qaldırmaqla davamlı turizmə nail olmağa şərait yaratdı. Şahdağ qış-yay turizm kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafına uğurlara gətirmiş oldu. Dünyadakı bu tipli komplekslərdən müasirliyi və universallığı ilə fərqlənən komplek Şahdağ qış-yay turizm kompleksi müasir tələblərə cavab verir. "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleks idə mövsümlük anlayışını aradan qaldıran istirahət yerləri sırasındadır. Dağlıq ərazidə istirahət üçün bütün əlverişli şəraitə malik olan bu turizm obyekti Qəbələ şəhərindən təxminən 4 km aralıda yerləşir. "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksinin məqsədi ölkəmizdə il boyu dağ turizmini inkişaf etdirmək, yerli və xarici turistlərin yüksək səviyyəli istirahətini təmin etməkdir. Kompleks turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə müxtəlif mürəkkəblik səviyyəli yollarda xizəklə sürüşməyi, xizəklə sürüşmə təlimi, xizəkçilik məktəbi, iaşə xidməti, uşaq istirahət mərkəzi, otel və digər xidmətləri təklif edir. Kompleksin inşası 2 mərhələdən ibarətdir.
TURİZM VƏ ONUN FƏRQLİ NÖVLƏRİ
Davamlı olaraq ünvanlı layihələr, turizm sahəsində reallaşan layihələr, görülən işlər ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, idman turizmi, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib. Çoxsaylı tarixi abidələr, düzənlikdən yüksək dağ zonasına qədər bir-birini əvəzləyən gözəl təbiət mənzərələri, zəngin meşə örtüyü, əlverişli iqlim, gur dağ çayları, mineral və qeyri-mineral bulaqlar, barlı-bəhərli meyvə bağları, atla gəzinti, meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti və s. turizmin inkişafı üçün mühüm amillər sırasında yer alır. Bu və ya digər amilləri qeyd edərkən adət-ənənələrimiz, milli mətbəximiz də diqqətə çəkməliyik. Təsadüfi deyildir ki, dünyada olan 11 iqlim qurşağından 9-u ölkəmizdədir. Ölkəmizin tarixi mədəniyyət abidələri var. Azərbaycanın ən məşhur turistik əhəmiyyətli Şəki Xan Sarayı, Nuhun qəbri, Naxçıvan diyarı, Qubanın Xınalıq kəndi, Qəbələ üzüm bağları, Talış dağları və s. turistlər üçün çox maraqlı məkanlardır. Ölkəmizdə mövcud olan qoruqları ziyarət edənlərin sayında son illərdə artım müşahidə edilir. Bu gün Azərbaycanda 28 tarixi qoruq var ki, onların 14-ü tarixi-mədəniyyət qoruğu, 8-i tarixi-memarlıq, 2-i tarixi-bədii qoruqdur.
XƏSTƏLİKLƏRİ DAVA-DƏRMANSIZ SAĞALDAN "İSTİSU"
Ölkəmizdə bütün növ turizmlə yanaşı, sağlamlıq turizmin inkişafı üçün potensial böyükdür. Burada turistlər yüksəkkeyfiyyətli tibbi müalicə əldə edə bilirlər. Min bir dərdin dərmanı olan Azərbaycanın müxtəlif bölgələrində yerləşən istisu mənbələrinin, Naxçıvandakı Duzdağın, Şabrandakı Qalaaltının müalicəvi imkanlarından və s. insanlar yararlanırlar. Masallının istirahət mərkəzləri arasında "İstisu"yun öz yeri var. Buraya gələnlər dincəlməklə yanaşı, müxtəlif xəstəliklərdən də yaxa qurtarmaq imkanı əldə edirlər. "İstisu" sanatoriyası uzun illər primitiv şəkildə fəaliyyət göstərirdi. Masallı şəhərindən 13 kilometr aralıda, qərar tutmuş sanatoriya Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə ediblər. Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri – pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.
DUZDAĞ – SAĞLAMLIĞIN BƏRPASINDA ƏVƏZOLUNMAZ YER
Unikal müalicəvi keyfiyyətlərinə görə dünyada tanınmış Naxçıvanda yerləşən Duzdağ Fizioterapiya Mərkəzi də turistlərin sevimli istirahət və müalicə məkanıdır. Yay aylarında təbii üsullarla bronxial-astma və digər yuxarı tənəffüs yolları xəstəliklərindən müalicə olunmaq üçün Naxçıvan şəhərindən cəmi 12 kilometr məsafədə yerləşən Duzdağ Fizioterapiya Mərkəzinə müraciət edənlərin sayında hər il artım müşahidə olunur. Duzdağ sağlamlığını bərpa etmək istəyənlər üçün əvəzolunmaz yerdir. Keçən əsrin 70-ci illərində Duzdağ şaxtalarında təşkil olunmuş yeraltı müalicə mərkəzinin şöhrəti hər tərəfə yayılıb. Burada tətbiq olunan müalicə üsulu mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilir. Ümumiyyətlə, Naxçıvanın təmiz havası ilə bərabər, Duzdağ şaxtalarında mövcud olan hava şəraiti müalicənin müsbət nəticələr verməsinə şərait yaradır. Belə ki, insanların dərinliyə enmədən birbaşa duz şaxtasına daxil olması, il ərzində havanın sabit müsbət 20 dərəcə temperaturda qalması, 24 faiz nisbi rütubət, oksigenin havadakı miqdarının 20 faiz təşkil etməsi, sıfıra bərabər hava cərəyanı və zəhərli qazların son dərəcə minimum səviyyəsi Duzdağın müalicəvi effektini artıran əsas amillərdəndir.
ÖN SIRALARDA OLAN NAFTALAN TURİZMİ
Sağlamlıq turizmindən danışarkən Azərbaycanın şimal-qərbində yerləşən Naftalan şəhərinin də adını qeyd etməliyik. Xam neftdən müalicəvi istifadəyə görə dünyada məşhur olan Naftalan neftindən, əzələ, dəri, sümük, həmçinin ginekoloji və nevroloji xəstəliklərin müalicəsində də istifadə olunur. Ötən əsrin 80-ci illərində Naftalana müalicə üçün hər il 70 min turist gəlirdi. Lakin sonradan Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğalı nəticəsində öz el-obalarından didərgin düşən insanların bir qismi şəhərdəki sanatoriyalarda məskunlaşmışdı. Bu gün Naftalanın kurort şəhəri kimi nüfuzunun bərpası üçün böyük işlər görülüb və bu davam etməkdədir. Vurğulamaq yerinə düşər ki, 1970-1990-cı illər Naftalan şəhərində dönüş baş verib. Ümummilli Lider Heydər Əliyev şəhərin inkişafı və böyük şöhrət qazanması üçün misilsiz xidmətlər göstərib. Belə ki, o illərdə şəhərdə müxtəlif sosial və iqtisadi təyinatlı müəssisələr tikilib istifadəyə verilib. Sonrakı dövrdə isə Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və həyata keçirilən proqramlar sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıralara yüksəldi. Şəhərin əsasını sanatoriya–kurort infrastrukturu təşkil edir. Son illər müasir əsaslarla yeni kurortların yaradılması ilə şəhərin turizm potensialı genişləndirilib, sahibkarlığın inkişafı üçün münbit şərait formalaşıb. "Naftalan Mərkəzi sanatoriyası" da belə layihələrdən biridir. Mərkəz bir çox terapiya sahələrini özündə birləşdirməklə, müxtəlif xəstəliklərin müalicəsi üçün sağlamlıq-profilaktik müəssisəyə çevrilir. Yeni müəssisədə 50 nəfərə yaxın personalın çalışması şəhər əhalisinin məşğulluğunun təmin olunmasına mühüm töhfədir. Əlbəttə ki, Azərbaycanda turizmin inkişafı respublikamıza xarici vətəndaşların cəlb edilməsi ilə yanaşı, həm də bölgələrdə əmək məşğulluğunun artması, yeni iş yerlərinin açılması baxımından da sərfəlidir. Bu isə dövlət siyasətinin prioritet məsələlərindən biridir. Naftalanda fəaliyyət göstərən kurort-sanatoriya müəssisələrində 1000 nəfərdən çox şəxs işlə təmin olunub ki, bu da şəhərdə işsizliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır. Hazırda fəaliyyət göstərən müəssisələr gün ərzində 3000-ə yaxın turist qəbul etmək imkanına malikdir. Son illərdə Naftalan şəhərində müasir tələblərə cavab verən 10-dan çox istirahət və sağlamlıq mərkəzi istifadəyə verilib.
QALAALTI MİNERAL SUYU
Sağlamlıq turizmindən danışarkən Qalaaltı mineral suyunu da qeyd etməliyik. Qida qəbulundan sonra, eləcə də müxtəlif xəstəliklərin müalicəsi zamanı və digər məqsədlər üçün qəbul edilən təbii, müalicəvi mineral süfrə suyu olan Qalaaltı mineral suyu müalicəvi xüsusiyyətlərə malikdir. Mənbələrdə göstərilir ki, onun müalicəvi effekti haqqında ədəbiyyatda olan ilk xatırlamalar 1578-ci illərə aiddir. Alimlərin apardıqları tədqiqatlar göstərmişdir ki, "Qalaaltı" suyu tərkibi etibarı ilə Zakarpatiyada (Truskavets) çıxan mədən suyu "Naftusiya"nın eynidir. "Qalaaltı" mədən suyu tapılana qədər Truskavetsin "Naftusiya" suyu SSRİ-də yeganə hesab olunurdu.
Mədən suyu Şabran rayonunun 20 kilometrliyində Qalaaltı adlanan kəndin üst tərəfində, dağətəyi meşədə 1969-cu ildə tapılmışdır. Meşədə həmin suyun 7 mənbəyi müəyyən edilmişdir. Bunlar da böyük ehtiyata malikdir. Böyük Qafqazın ətəklərində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən "Qalaaltı" sanatoriyası 1976-cı ildən fəaliyyət göstərir. Sanatoriyada müalicə Qalaaltı kəndi ərazisindən çıxan təbii sularla aparılır. Yerlilər müalicə əhəmiyyətli bu suya "Naftsu", yəni neftli su deyirlər. "Naftsu" kəskin qoxusu və dadı ilə seçilir. O həm öz tərkibi ilə, həm də insan orqanizminə olan fizioloji təsirinə görə originaldır. O orqanizmdə maddələr mübadiləsini normallaşdırır, qan və sidiyə qələviləşdirici təsir göstərir, sidik turşusunun yaranmasını azaldır və onun orqanizmdən çıxarılmasına köməklik göstərir, mədə turşuluğunu azaldır, hüceyrə membranalarının keçiriciliyini azaldır, qanaxmanı azaldır, əksiltihabi təsir göstərir, diurezi artırır, orqanizmdə olan artıq mayəni çıxardır.
"AZƏRBAYCAN KİMİ BELƏ GÖZƏL YERLƏRƏ, TƏBİİ SƏRVƏTLƏRƏ MALİK OLAN BİR ÖLKƏ MÜTLƏQ TURİZMİ İNKİŞAF ETDİRMƏLİDİR"
Ölkəmizdə turizmin inkişafı üçün əlverişli mühitin yaradılmasının məntiqi nəticəsi olaraq, Azərbaycanın dilbər guşələrindən biri sayılan Şabran rayonunda "Qalaaltı Hotel & SPA" müasir müalicə-istirahət kompleksinin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən yeni kompleks məşhur "Qalaaltı" kurortunun bazasında inşa edilib. Kompleks Azərbaycanın qədim tarixi-mədəniyyət abidələrindən olan Çıraqqalanın yaxınlığında, sıldırım qayanın altında yerləşir. Belə bir sağlamlıq mərkəzinə üz tutan turistlər istirahətlə yanaşı, müalicə də olunurlar.
Əlbəttə ki, müasir dünyada turizm iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən biri kimi dəyərləndirilir. Turizminin inkişafına dövlət tərəfindən ayrılan diqqət və qayğı bu sahəni iqtisadiyyatının aparıcı sahəsinə çevirib. Belə ki, rəqabətqabiliyyətli inkişaf üçün iqtisadiyyatın müxtəlif sahələrində aparılan iqtisadi islahatlar turizm sahəsinin inkişafına töhfəsini verir. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, "Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur."
Nəzakət ƏLƏDDİNQIZI