PDF Oxu

Siyasət

  • 9 281

Müstəqillik yolunda qadın izi -TƏHLİL

image

Müharibə şəraitində olan bir dövlətin hər şeydən öncə vətəndaşlarının sədaqətinə, sevgisinə və fədakarlığına ehtiyacı var. Vətən anadır, o övladlarını seçmir. Hərdən nankorluq edən övlad isə vətən üçün kəsilməyən barmaqdır. İstər qadın olsun, istər kişi, vətənimiz üçün hamısı övladdır. Doğulan hər övlad isə cinsindən asılı olmayaraq bir əsgərdir.

Aslanın erkəyi, dişisi olmaz

Tarixi boyunca qadın sərkərdəsi, qadın hökmdarı, qadın siyasətçisi, qadın alimi – hər istiqamətdə vətənə xidmət edən dişi aslanları olub ölkəmizin. Dövrümüzdə qadınların vətənin müdafiəsindəki rolu ilə bağlı da kifayət qədər danışılır. Orduda qadının önəmi həmişə müzakirə edilən bir mövzu olub. Alimlər hesab edir ki, kişi beyni qadın beyninə nisbətən daha çox inkişaf edib və buna görə də döyüşlərdə qadınların təhlükəni fərq etməsi və reaksiya verməsi kişilərə nisbətən daha ləng olur. Eyni zamanda, kişilərin fiziki cəhətdən daha güclü olması da səbəb göstərilir və lazım gələrsə əlbəyaxa döyüş anında qadınların gərəkli qüvvəni göstərə bilməməsi səbəb göstərilir. Lakin qadınların kişilərdən daha sərrast snayper olduqları barədə kifayət qədər çox fakt var.

Araşdırmalarımıza görə, zərif və gözəl cinsin nümayəndələrinin əsgərlik tarixi 4000 il öncəyə qədər gedib çatır. Qədimdən bəri qadınlar orduda bir çox vəzifələrdə qulluq ediblər. Şanlı tariximizə yazılan türk qadınlarının zəfər çaldığı nə qədər döyüş var. Azərbaycan tarixində cəngavər, hökmdar, döyüşçü qadınlar az olmayıb. Tibb elmi sahəsində böyük nailiyyətlər qazanmış Zərifə Əliyeva, ilk azərbaycanlı riyaziyyatçı alim Maya Hacıyeva, ali təhsil alan ilk Azərbaycanlı qadın Nigar Şıxlınskaya kimi qadınlar bizim tariximizdir.

Ərəblərin Azərbaycana təcavüzü zamanı Muğanda kişilərin döyüşlərdə həlak olmasından sonra sabahı günü son hücuma hazırlaşan ərəb ordusu qarşısında böyük bir ordu görmüşdü. Bu qədər kişinin qalmadığını düşünən ərəblər heyrətə gəlmişdi, yalnız döyüş başladıqdan sonra qarşı tərəfin tam olaraq qadınlardan ibarət ordu olduğunu fərq etmişdilər. Yaxın tariximizə nəzər salsaq, Qarabağ döyüşündə xeyli qadın döyüşçülərin olduğunu görərik.

Hökmdar, diplomat, şəhid qadınlar

Tarix göstərir ki, qadın həm ön, həm də arxa cəbhələrdə vətənin ərazi bütövlüyü üçün vuruşub. Kişilərin müharibədə olduğu zamanlarda qadın evin həm atası, həm anası olub, həm ailəyə baxıb, həm ordudakı əsgərlər üçün ictimai işlərdə çalışıb. Bizim vətənin müstəqilliyi üçün canını verməyə tərəddüd etməyən cəngavər qadınlarımız da az olmayıb. Azərbaycanın şanlı tarixində Tomris, Nigar cəngavərliyi, Həcər şücaəti, Nüşabə fərasəti və Sara Xatun məharəti yaşayır. Qarabağ müharibəsi qəhrəmanları isə onların tarixdəki izlərini bir daha qabartdı, qəhrəman qadınlarımız Azərbaycanın hünər tarixinə yeni parlaq səhifələr yazdı.

Məlumat üçün qeyd edək ki, dünya ordularında qadınların böyük qismi əsasən, arxa cəbhə təminatı və qərargah işlərində çalışırlar. Yalnız İsrail, ABŞ, Rusiya, Çin, Şimali Koreya və Böyük Britaniya ordusunda qadınlar bilavasitə döyüş tapşırıqlarında iştirak edə bilirlər. Sovetlər dönəmində Böyük Vətən Müharibəsi zamanı qadın əsgərlərin sayı isə 800 mini keçirdi. Bu qadın əsgərlərin 70 faizi döyüş bölgəsində, səngərdə düşmənlə üzbəüz olub.

Ekspertlər isə hesab edir ki, istənilən qadın 2-3 aylıq hazırlıq kursu ilə hərbi xidmətə həm fiziki, həm də mənəvi cəhətdən hazır olar. Hazırda qadınlar ümumilikdə bir çox orduda xidmət etsələr də bir çox döyüşlər zamanı ön cəbhədə döyüşmələrinə izin verilmir. Ona görə də, əksər qadın hərbçilər orduda səhiyyə, xilasetmə, rabitə və bu kimi digər sahələrdə xidmət edir.

Amma təcrübə göstərir ki, silah haqqında ən cüzi anlayışı olmayan qadınlarımız Qarabağ müharibəsində nə qədər böyük şücaətlər göstərdi. Yəni, əsas olan əzm, vətən sevgisidir. Azərbaycanın Müdafiə Nazirliyində, Daxili Qoşunlarda, Sərhəd Qoşunlarında, Xüsusi Dövlət Mühafizə Xidmətində, Mülki Müdafiə Qoşunlarında və digər hərbi təşkilatlarda zərif cinsin nümayəndələrinə çox rast gəlmək olur.

Azərbaycan Silahlı Qüvvələrində qadınların kütləvi xidmətlərini bəzi amillər məhdudlaşdırır. Milli mentalitet anlayışımızda kişilər qadınlardan bir addım öndə ona görə durur ki, təhlükəni birinci qarşılasın və zərif cinsi qorusun. Amma müstəqilliyimizi qazandıqdan sonra qadının dövlət işlərindəki payı artıb, indi qadın həm parlamentdə, həm icraedici orqanlarda öz sözünü deyə bilir, artıq vətənin müdafiəsində belə qadının öz yeri, çəkisi var və butun bunlar dövlətdə qadının söz haqqını artırır. 1994-cü illərdə 500-dən artıq qadın müxtəlif hərbi hissələrin tərkibində cəbhədə döyüşüb. O zaman ayrıca qadın batalyonu da yaradılmışdı. II Qarabağ Müharibəsində də orduya qatılmaq istəyən kifayət qədər çox qadın vardı, lakin cəbhəyə getmək istəyən könüllü kişilər o qədər çox oldu ki, qadınlara ehtiyac qalmadı. Qeyd etməliyəm ki, II Qarabağ müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova öz peşə fəaliyyətini yerinə yetirərkən – cəbhədə tibbi yardım edərkən şəhid oldu. I Qarabağ Müharibəsində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olan Salatın Əsgərova da Azərbaycan tarixində silinməz iz qoyub.

Zəif deyil, zərif qadınlar

Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına hədsiz məhəbbəti ilə tanınıb. Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra qadın hüquqlarını müasir standartlara, beynəlxalq hüquq normalarına, milli qanunvericiliyə və müstəqil Azərbaycan dövlətinin inkişaf prioritetlərinə uyğun olaraq inkişaf etdi, ölkədə həyata keçirilən obyektiv siyasət qadının cəmiyyətdən uzaqlaşmasının qarşısını aldı, insan hüquqları sahəsində aparılmış ardıcıl islahatlar nəticəsində qadın hüquqlarının müdafiəsi bərabər imkanlar yaradılması istiqamətində mühüm addımlar atıldı.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın qadınlarımızın ictimai fəallığının artırılması, onların qərar qəbuletmədə, ailə, qadın və uşaqların, gənclərin hüquqlarının müdafiəsi və həyata keçirilməsində, həmçinin öz problemlərinin həllində iştirakının təmin edilməsində, davamlı inkişaf proseslərinə cəlb edilməsində həyata keçirdiyi böyük işlər danılmazdır. O qadınlarımızın hüquq və imkan bərabərliyinin genişləndirilməsi, gender balansının qorunması və daha da möhkəmləndirilməsi, eləcədə onların dövlətdə təmsili üçün kifayət qədər çox işlərə imza atıb.

Bu günün qadını sabahın anasıdır, sabahın anası isə gələcəyin qurucusudur. Cəmiyyət inkişaf etdikcə qadınların fəallığının artması təbiidir, onların demokratik quruculuq prosesində, ictimai həyatda, idarəetmədə daha fəal iştirakı, cəmiyyətin müxtəlif sahələrində təmsilçiliyi zəruridir. Qadınların bir ana kimi, evdə-ailədə qazandıqları nüfuzla yanaşı, onların ictimai-siyasi həyatda da fəallığının artırılması, vətəndaş mövqeyini təsdiq etməsi olduqca vacibdir. Azərbaycan dövləti bu haqqı onlara verir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər