Fransanın Ermənistana verdiyi silahlar Moskva və Tehrana hədiyyədir?
Məlum olduğu kimi? Fransa Ermənistana silah və hərbi texnika tədarükünə başlayıb. Məhz bu addımı ilə rəsmi Paris Moskva və Tehranla birlikdə İrəvanın hərbi-siyasi himayədarı rolunda çıxış etdiyini təsdiqləyir. Lakin 2022-ci ilin noyabrında İsrailin "Hamodia" nəşri fransızların erməniləri silahlarla, ağır texnikalarla təchiz edəcəyi planları barədə məqalə ilə çıxış etmişdi. Nəşr qeyd edib ki, bu plandan Rusiya qazanacaq. Belə ki, Avropanı təchiz edən energetika sahəsində, məhz Azərbaycan Rusiyanın əsas rəqibidir.
"Hamodia" qeyd edir ki, artıq bu məsələyə Fransa-İran-Rusiya ittifaqı kimi də baxmaq olar
Eyni zamanda, İran faktoru da unudulmur. Belə ki, Azərbaycan İsrailin əsas strateji tərəfdaşıdır və fransız texnikaları ilə təchiz edilən Ermənistanın silahlanması Tehranın əlinə oynayan "kartdır".
"Hamodia" qeyd edir ki, artıq bu məsələyə Fransa-İran-Rusiya ittifaqı kimi də baxmaq olar. Məqsəd məlumdur - Azərbaycanla İsrailin Qafqazda güclü təsir imkanlarına qarşı birgə müqavimət göstərmək.
Yeri gəlmişkən, ötən ilin dekabrında İsrail parlamentinin 30 deputatı rəsmi şəkildə etiraf etmişdilər ki, fransızların Qarabağa yönəlik münasibətləri İranın xeyrinə atılan addımlardır. Yəni, məqsəd yalnız Azərbaycanın deyil, həm də İsrailin zəifləməsi anlamını daşımaqdadır.
Bənzər yanaşma ABŞ-ın siyasi analitik mediaresursu olan "The Geopolitics" tərəfindən də müşahidə olunub. Nəşr qeyd edib ki, Fransa prezidenti Emmanuel Makronun destruktiv rolu İranın və Rusiyanın regionda möhkəmlənməsinə səbəb olmaqdadır. "Parisin neqativ təsirlərini azaltması lazımdır, çünki bütün bunlar Moskvanın geosiyasi hədəflərinə geniş imkanlar açır", deyə amerikan nəşri vurğulayıb.
"The Wall Street Journal": "Fransanın addımından sonra İran və Rusiya Cənubi Qafqazdakı maraqlarını daha rahat həyata keçirə biləcəklər"
Amerikanın digər nüfuzlu dərgisi "The Wall Street Journal" isə xəbər vermişdi: "Paris elə bir mövqe tutub ki, İran və Rusiya Cənubi Qafqazdakı maraqlarını daha rahat həyata keçirə biləcəklər". Məqalədə bildirilib ki, Fransanın regional siyasəti Azərbaycanla Ermənistan arasında aparılan danışıqlara ciddi əngəllər yaradır.
İsrailin daha bir nəşri - Vesty isə digər diqqəti cəlb edən faktora toxunub. Saytın analitik bölümündə mövzu ilə bağlı bildirilib ki, fransızların ermənilərə verdiyi silahlar və texnikalar Rusiyanın əlinə keçəcək. Təhlükə isə ondan ibarətdir ki, Rusiya Fransa silahlarına qarşı əks silahlar hazırlaya, yaxud öz kopyalarını istehsal edə bilər. O cümlədən, İran da bu silahları öyrənə və İsrailə qarşı istifadə edə bilər ki, bu da ümumiyyətlə, heç bir maraqlara cavab vermir.
Paris özünə quyu qazır?
Beləliklə, Paris özünün ermənipərəstlik mövqeyini açıq şəkildə və bu dəfə militarizasiya vasitəsilə nümayiş etdirir və eyni zamanda, Cənubi Qafqaz regionuna daxil olmağa cəhdlər edir. Lakin göründüyü kimi, Fransanın bu siyasəti hətta onun müttəfiqlərində də qıcıq yaradır. Çox yəqin ki, Ermənistanı silahlandırmaq cəhdi Parisə baha başa gələcək - istər hərbi, istərsə də siyasi-diplomatik cəhətindən.
Afət Tahirqızı