Siyasət

  • 2 013

Azərbaycanın enerji diplomatiyası sahəsində qazandığı uğurlar

image

PREZİDENT İLHAM ƏLİYEV: "Enerji təhlükəsizliyi ilə bağlı planlarımızı həmişə gələcəyi nəzərə alaraq tənzimləmişik, çünki mənim atamın baxışı belə olub"

Bəli, bu gün müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşınma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etdi.

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amil olduğunu deyib.

Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə sölədiyi: ""Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl 21-ci əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, 21-ci əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır",- bu sölər artıq bu gün ölkə Prezidenti İlham Əliyev uğurla, layiqincə davam etdirərək Azərbaycanı dünyanın aparıcı dövlətləri ilə bir sıraya yüksəltdi. Son illər ölkəmizin sosial-iqtisadi, mədəni həyatında, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində əldə etdiyi uğurlar da məhz düşünülmüş fəaliyyətin nəticəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatında bildirib ki, biz bu gün, eyni zamanda, Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi apardıq. Biz gördük ki, bu istiqamətdə də demək olar, paralel şəkildə gedirik: "Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq".

Dövlət başçısı onu da vurğulayıb ki, gn gələcək Bakı-Tbilisi-Ceyhan Azərbaycandan olan neft və kondensat, həmçinin Mərkəzi Asiyadan neft sayəsində tam gücü ilə işləyəcək: "Bakı-Tbilisi-Ceyhanın tutumu 50 milyon tondur. Bu, heç vaxt belə olmayıb. Bizim "Şahdəniz"də kondensatımız var. Ümidvaram ki, bu il "Abşeron"dan və bir çox başqa yataqlardan kondensat hasil edəcəyik. Beləliklə, kəmərdə hətta bizim gözlədiyimizdən daha çox kondensat olacaq. Gün gələcək Bakı-Tbilisi-Ceyhan Azərbaycandan olan neft və kondensat, həmçinin Mərkəzi Asiyadan neft sayəsində tam gücü ilə işləyəcək".

AZƏRBAYCANDA BƏRPA OLUNAN ENERJİ NÖVLƏRİNƏ ÇOX BÖYÜK DİQQƏT GÖSTƏRİLİR

Prezident İlham Əliyev litvalı həmkarı ilə mətbuata birgə bəyanatı zamanı deyib ki, Azərbaycanda bərpa olunan enerji növlərinə çox böyük diqqət göstərilir: "Bu gün, eyni zamanda, Litvada və Azərbaycanda bərpa olunan enerji növlərinin yaradılması ilə bağlı fikir mübadiləsi apardıq. Gördük ki, biz bu istiqamətdə, demək olar ki, paralel şəkildə gedirik. Hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq".

Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında bildirib ki, hazırda əsas hədəfimiz iqtisadiyyatı şaxələndirməkdir: "Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Lakin hazırda, eyni zamanda, əsas hədəf şaxələndirmədir".

Dövlətimizin başçısı deyib: "Düşünürəm ki, biz iqtisadiyyatımızı xeyli şaxələndirə biləcəyik və enerji sektorundan asılılığı azaldacağıq. Baxmayaraq, enerji sektoru enerji təhlükəsizliyimizdə və Avropanın enerji təhlükəsizliyində öz mühüm rolunu oynamağı davam etdirəcək”.

Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında onu da vurğulayıb ki, bu gün biz cənab Prezident Nauseda ilə əməkdaşlıq üçün potensial sahələri geniş şəkildə müzakirə etdik. Prezident onları artıq qeyd etdi. Fikrimcə, potensial həqiqətən var: "Biz bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik".

Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialının olduğunu və bu məsələnin hər iki ölkənin gündəliyinə daxil edildiyini vurğulayan Azərbaycan Prezidenti bildirib: "Bizə gəldikdə, bizdə enerji təhlükəsizliyi mövcuddur. Lakin, bununla belə, biz ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətimizin günəş və külək enerjilərindən istifadə etmək istərdik. Xüsusən də, nəzərə alsaq ki, ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar".

AZƏRBAYCAN AVROPAYA QAZ İXRACINI 2027-Cİ İLƏDƏK 20 MİLYARD KUBMETRƏ ÇATDIRACAQ

Azərbaycan Prezidenti Azərbaycan-Litva biznes forumunun açılış mərasimindəki çıxışında 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacağını deyib: "Fikrimcə, bu, minimal həddi təşkil edir, çünki potensial çoxdur".

Mövcud yataqlardan daha çox qazın hasil edildiyini vurğulayan dövlətimizin başçısı deyib: "Bu yaxınlarda Xəzərdə ən iri yataqlardan birində hasilatın başlanmasını elan edəcəyik”.

Azərbaycan Prezidenti, həmçinin bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələrin təbii qaza ixrac məqsədləri üçün qənaət etmək imkanı yaradacağını diqqətə çatdırıb: “Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Biz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırırıq. Bütün bunlar bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın strateji çərçivəsinin bir hissəsidir. Biz Azərbaycanın və Avropa Komissiyasının daha yaxın olmaq səylərinə verdikləri daimi dəstəyə görə litvalı dostlarımıza və tərəfdaşlarımıza minnətdarıq”.

Bəli, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir. Belə ki, ölkəmizdə bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olub. Dövlət Proqramının qəbulu bərpaolunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaradıb. Bərpaolunan enerjiyə keçid qısa zamanda baş verə bilməz, bunun üçün uzun illər boyu gərgin iş aparılması, böyük sərmayələr yatırılması tələb olunur. Qaz, neft, kömür kimi yanacaq növləri hələ bundan sonra da uzun müddət enerji balasında aparıcı yer tutacaq. Perspektiv planda Azərbaycan bu prosesin tədricən həyata keçirilməsini hədəfləyir və enerji mənbələrini şaxələndirir. Ənənəvi enerji növlərinə alternativ olaraq “yaşıl enerji”nin inkişaf etdirilməsi həyata keçirilir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycanın bərpaolunan zəngin enerji potensialı var. Günəş enerjisi üzrə demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyası, Abşeron yarımadası, Bakı, habelə Xızı rayonu daha əlverişli sayılır. Bu baxımdan Qarabağ bölgəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə də böyük potensial mövcuddur. Belə ki, günəş enerjisi əsasən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından çox əlverişlidir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı daha əlverişli sayılır.

Xəzər dənizi ofşor külək enerjisi baxımından böyük potensiala malikdir. İlkin qiymətləndirmələrə görə, Xəzərin təkcə Azərbaycan sektorunda 157 min meqavat səviyyəsində enerji olduğu hesab edilir. Bu, ölkəmizdəki elektrik stansiyalarının ümumi gücündən 20 dəfə çoxdur. Beləliklə, Azərbaycan karbohidrogen potensialından sonra, Xəzəri yenidən kəşf edir.

Azərbaycan 2030-cu ilədək enerji balansında bərpaolunan enerjinin payını 30 faizə yüksəltməyi hədəfləyir. Bu, ölkəmizdə enerji təhlükəsizliyinin və dayanıqlı iqtisadi inkişafın gücləndirilməsi, habelə ekoloji vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Məhz Azərbaycanın bərpaolunan zəngin enerji potensialına malik olması dünyanın böyük şirkətləri tərəfindən böyük maraq var. Prezident İlham Əliyevin bildirdiyi kimi, bunu bir neçə amil şərtləndirir: “Hazırda Azərbaycan Energetika Nazirliyi dünyanın bir neçə aparıcı şirkəti ilə müvafiq danışıqlar aparır və yenə də deyirəm, bu, müxtəlif amillərin vəhdətidir. Həm ölkəmizdə sabitlik, əmin-amanlıq, ölkəmizin inkişafı ilə bağlı dünyada çox müsbət fikirlər, yəni həqiqəti əks etdirən fikirlər, siyasətimizin proqnozlaşdırılması və eyni zamanda, güclü sənaye potensialı, iqtisadi müstəqillik, enerji təhlükəsizliyinin təmin edilməsi və hazırlıqlı kadr potensialı var. Yəni, bunlar əsas amillərdir. Bu amillər istənilən investor üçün böyük əhəmiyyət kəsb edir”.

PREZİDENT İLHAM ƏLİYEVİN MÜƏYYƏN ETDİYİ MÜASİR İNKİŞAF STRATEGİYASINDA QARABAĞIN “YAŞIL ENERJİ” ZONASINA ÇEVRİLMƏSİ MÜHÜM YER TUTUR

Bəli, Prezident İlham Əliyevin müəyyən etdiyi müasir inkişaf strategiyasında Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi mühüm yer tutur. Bu çərçivədə dövlətimizin başçısı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. “Yaşıl enerji”yə keçidlə bağlı atılan mühüm addımlardan da biri də Gülüstan sarayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlinin qoyulmasıdır. Mərasimdə iştirak edən Prezident İlham Əliyev qeyd edib ki, stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda, ixrac imkanlarımızı genişləndirəcək: “Biz elektrik enerjisini yalnız ekoloji cəhətdən təmiz mənbələrdən istehsal edirik - təbii qaz, su, günəş və külək. Bir daha demək istəyirəm ki, Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Əminəm ki, biz yaxın gələcəkdə yeni layihələrin başlanmasına start verəcəyik”.

Bəli, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Azərbaycan enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Xüsusilə, yerin daxili enerjisindən istifadə də hazırda diqqət mərkəzindədir. Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan etmişdir.
Bir sözlə, Azərbaycanın enerji diplomatiyası sahəsində qazandığı bu uğurlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu enerji strategiyası müstəqil dövlətimizi beynəlxalq aləmdə etibarlı enerji təchizatçısı kimi bundan sonra da qəbul ediləcək və ölkəmizin enerji potensialı getdikcə yüksək səviyyədə güclənəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər