Siyasət

  • 4 813

Ermənistanın bədbin proqnozu - ANALİTİK

image

Arman Boşyan: “Yeganə nəticə çıxarmaq olar: Ermənistanda Rusiya və İran təsirinin zəifləməsi istiqamətində güclü proses gedir”

Ermənistanın “İrəvan geosiyasi klubu”nun rəhbəri, siyasi ekspert Arman Boşyanın fikrincə, ölkə rəhbərliyi regiondakı situasiyanı tam olaraq adekvat qiymətləndirmir, Nikol Paşinyan, sadəcə, həmin situasiyaya uyğunlaşır ki, bu da faciəvi nəticələrə gətirib çıxara bilər.

Onun sözlərinə görə, ABŞ gərgin geosiyasi situasiyadan istifadə edərək erməni hakimiyyətinin müxtəlif təbəqələrində ən yüksək səviyyədə əldə etdikləri müəyyən razılaşmalar vasitəsi ilə təsir agentləri şəbəkəsini yaratmaq istiqamətində iş aparır. SİA xəbər verir ki, Boşyan “Sputnik Armeniya” saytına USAİD-in Avropa və Avrasiya üzrə büro rəhbəri Erin Elizabet Makkinin Ermənistana səfərini şərh edərkən deyib və qeyd edib ki, bu təşkilat məhz casus şəbəkəsini hazırlamaq üçün yaradılıb.

Daha əvvəldən isə bildirilirdi ki, Makki Ermənistana üçgünlük səfərə gəlib və onu təşkilatın müavini Aleksandr Sokolovski müşayiət edib.

“Qərbin enerji resursları ilə bağlı Cənubi Qafqazda maraqları var”

“Biz Ukraynadakı böhranın kəskinləşməsi ilə dünyada tektonik dəyişikliklərin şahidlərinə çevrilirik. Rusiya Ukrayna cəbhəsində kifayət qədər yüklənib və əbəs deyil ki, USAİD Ermənistanda təsir məqsədləri üçün yeni səviyyədə casus şəbəkəsi yaradır. Belə ki, Ermənistan Respublikası 2018-ci ildən etibarən qərbyönümlü vektor üzrə gedir”, deyə qeyd edən erməni ekspertinin sözlərinə görə, əgər ABŞ Ermənistan hökuməti daxilində təsiredici casus şəbəkəsini yaratmağa nail olarsa, onda Ermənistanı Rusiyadan ayırmaqla regionda amerikalıların maraqlarını müdafiə edə bilər. “Qərbin enerji resursları ilə bağlı Cənubi Qafqazda maraqları var” deyən Boşyan bildirib ki, hazırda Qarabağda Rusiya sülhməramlılarının olması Qərbə maneələr yaradır.

Ekspert əlavə edib ki, ABŞ-dan fərqli olaraq Rusiya hərbi cəhətdən təsir faktoruna sahibdir. Belə ki, yalnız Qarabağdakı sülhməramlılar deyil, həm də Gümrüdəki 102-ci hərbi baza regionda yalnız hərbi deyil, həm də siyasi rol oynayır.

Amerikalılar Rusiyanın Cənubi Qafqazdakı rolunu zəiflətməyə cəhd edirlər”

Boşyan USAİD rəhbərliyinin Ermənistana nəyə görə məhz indiki zamanda səfər etməsini də izah etməyə çalışıb. Onun sözlərinə görə, Ermənistan bu gün İran, Qərb, Rusiya üzrə balanslaşdırılmış siyasət apardığını sərgiləyir, amma gerçəkliyə qalanda bu siyasət qərbyönümlüdür. “Əslində, Ermənistan 2018-ci ildən Rusiyayönümlü siyasət aparmasına son qoyub. Amerikalılar Rusiyanın Cənubi Qafqazdakı rolunu zəiflətməyə cəhd edirlər və ABŞ-ın səlahiyyətli şəxslərinin Ermənistana səfərləri də bununla bağlıdır. Bu səfər geosiyasi hərəkət məsələsini həll edir”, deyə erməni eksperti bu cür düşünür və o, istisna etmir ki, Qərb erməni siyasi elitasına, yəni mövcud hakimiyyətə öz iqtidarını əlində saxlaması, qoruması üçün vəd verib.

KTMT-yə gəlincə isə, Boşyan bildirib ki, bu təşkilat hazırkı məqamda böhran dövrünü yaşayır və onun regiondakı mövcudluğu böyük sual altındadır. O, bunu sentyabr ayındakı eskalasiya və KTMT-nin etinasızlığı ilə əlaqələndirməyə çalışıb.

O sonda bildirib ki, Nikol Paşinyanın qərbyönümlü siyasəti sonradan ölkəni daha asılı vəziyyətə - iqtisadi kollapsa, hətta ərazilərinin itirilməsinə və məhvinə doğru aparacaq.

Afət Tahirqızı

Digər xəbərlər