Siyasət

  • 6 901

Əhalinin sosial müdafiəsi: yeni yanaşma və ənənəvi metodlar TƏHLİL

image

Sosial rifah və onun daim yüksələn xətt üzrə inkişafına nail olunması müasir dövrdə ən vacib vəzifələrdən biridir. Sosial rifah halının, insanların həyat səviyyəsinin yüksək olmadığı cəmiyyətdə, dövlətdə böyük nailiyyətlərlə müşayiət edilən inkişafdan söhbət açmaq mümkün deyil. Sosial siyasət insanların həyatının bütün sahələrini - əmək və məişət şəraitinin yaxşılaşdırılmasını, sosial ədalət prinsipinin reallaşdırılmasını, əhalinin etibarlı sosial müdafiəsinə nail olunmasını, məşğulluq probleminin həllini, maddi və mənəvi tələblərin təminatını və digər bu qəbildən olan halları əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində əhalinin, onun müxtəlif, o cümlədən aztəminatlı təbəqəsinin etibarlı sosial müdafiəsi yaradılıb, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlib.

"MƏŞĞULLUĞA DƏSTƏK LAYİHƏSİ"NƏ 8,5 MİN ŞƏXS CƏLB OLUNUB

Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi 2018-2023-cü illərdə ölkəmizdə əmək müqavilələri sayında 34 faiz və ya 400 mindən çox artıma imkan verib. Məşğulluğun təminatı, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər aparılaraq 400 min nəfər işlə təmin edilib. Özünüməşğulluq proqramına cəlb olunanların illik sayı 14 dəfə artırılaraq 16 mini ötüb, 61 min nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. "Məşğulluğa Dəstək Layihəsi"nə isə artıq 8,5 min şəxs cəlb olunub.
Ödənişli ictimai işlər proqramı üzrə 127 min nəfərin, 2020-ci ilin son aylarında icrasına başlanan "İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi" proqramı üzrə 2,2 min nəfərin işlə təminatı həyata keçirilib. 2018-2023-cü illərdə 16,5 min nəfər üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib, 423 min nəfər peşəyönümü xidmətlərə cəlb olunub, 18 min nəfər işsizlikdən sığorta ödənişi ilə təmin olunub.

UĞURLA YERİNƏ YETİRİLƏN SOSİAL TƏMİNAT

Son illərdə Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsi sahəsində qəbul edilmiş qanunlar, fərman və sərəncamlar, əhalinin sosial müdafiəsi sahəsində əsaslı islahatlar bu sahədə prinsipcə yeni vəzifələr yaratmış, qarşıya milli normaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əhalinin sosial müdafiəsinə yeni yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi kimi tələblər qoymuşdur.
Ölkəmizdə sosial sığorta sistemi daha da təkmilləndirilir. Əməkqabiliyyətli insanların fəaliyyətlərinin reallaşdırılması üçün hər cür şərait yaradılır, dövlət təqaüdçülər, əlillər, əmək qabiliyyətindən məhrum olan digər insanlar, eləcə də büdcədən sosial müavinətlər alanlar qarşısındakı sosial öhdəliklərini də müvəffəqiyyətlə yerinə yetirir. Azərbaycan iqtisadiyyatının ümumi dinamik inkişafı sığorta bazarının da davamlı inkişafını şərtləndirir. Ölkəmizdə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" haqqında və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası qanunları qüvvədədir. Təbii ki, Azərbaycanda bütün əmlakın və biznes fəaliyyətinin. hər bir insanın icbari tibbi, eləcə də həyatı sığorta təminatı da vacib məsələlərdəndir. Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğı bütün cəmiyyəti, o cümlədən müharibə əlilləri və şəhid ailələrini əhatə edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini məhz müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Vurğulamaq yerinə düşər ki, Ulu Öndərin təşəbbüsü ilə "Şəhid adının əbədiləşdirilməsi haqqında" qanun qəbul olunmuşdu və bu qanun məhz Heydər Əliyevin 1993-cü il tarixli Fərmanı ilə təsdiq edilmişdi. Bu gün Ulu Öndərin siyasi kursunu Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. 2003-cü ildən bu günə kimi, görülən işlər bunu sübut edir. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşılır, əlillərin, müharibə veteranlarının, şəhid ailələrinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir, şəhid ailələrinə güzəştli ipoteka kreditləri, torpaq sahələri, onlara müavinət, pensiya ilə yanaşı, Prezident təqaüdü verilir. Cənab Prezidentin göstərişi ilə şəhid ailələri mənzillə təmin olunur.

ŞƏHİD AİLƏLƏRİ VƏ ƏLİLLƏRƏ 13 560 MƏNZİL VƏ FƏRDİ EV VERİLİB

Dövlət başçısı şəhid ailələri ilə görüşlərinin birində vurğulamışdı ki, Mən şəhid ailələrinə mənzillərin, avtomobillərin açarlarını şəxsən təqdim etmişəm və bunu özüm üçün borc bilirəm: "Bu, Mənim borcumdur, xalqa xidmət etmək Mənim ən böyük vəzifəmdir". Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ötən dövrdə 13 560 mənzil və fərdi ev verilib. Şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ana xəttini təşkil edir. Dövlət başçısının göstərişinə əsasən, bu kateqoriyadan olan vətəndaşların mənzillə təminatı proqramı 2018-2023-cü illərdə 5 dəfə genişlənib. Qeyd olunan dövrdə 7892, ümumilikdə ötən dövrdə 13 560 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-2023-cü illərdə 1582, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib.
Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhidlərimizin ailə üzvlərini, qaziləri, müharibə əlillərini əhatə edən sosial dəstək paketləri reallaşıb. Onların sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminatı, məşğulluq məsələlərinin operativ həlli sahələrində mühüm işlər aparılıb. Bu dəstək paketi minlərlə şəxsi əhatə edib.
Bu siyasət davamlı xarakter daşıyır. Azərbaycan dövləti bu qəbildən olan insanların qayğı və ehtiyaclarını diqqətdə saxlayır, sosial problemlərinin həlli istiqamətində ardıcıl işlər görülür.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər