Siyasət

  • 3 029

Azad torpaqlarımız: Prezident Şuşaya 3 gündə 30 ilin töhfəsini verdi I YAZI TƏHLİL

image

Dövlətimizin başçısının və birinci xanımın may ayının 8-də Şuşaya növbəti səfərləri həmişəki kimi yenə qəlbimizi qürur hissi ilə doldurdu. Budəfəki səfərin 28 il işğal altında qalan Şuşanın ermənilər tərəfindən vəhşicəsinə qəsb olunduğu 8 maya təsadüf etməsi isə ikiqat qürur və sevinc hissi yaşatdı xalqımıza. Çünki o 8 mayı Zəfərli 8 noyabr əvəz edib.

1992-ci ilin həmin günündə ermənilər Şuşanı böyük şadyanalıqla əldə etmişdilər. Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş və 600-ə yaxın tarixi-memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ Dövlət Tarix Muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarix muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilmişdir.

2020-ci ilin 8 noyabrında müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə milli ordumuz tərəfindən işğaldan azad olunan Şuşa digər rayonlarımız kimi bərpa olunur, abadlaşdırılır. Ötən 3 ilə yaxın dövrdə Şuşada böyük işlər həyata keçirilib. Dövlət başçısının budəfəki 3 günlük səfəri zamanı isə istifadəyə verilən və təməli qoyulan tikililər Şuşaya 30 illik bir dövrün töhfəsini bəxş etdi.

O 8 may, bu 8 may...

Elə 8-10 mayı əhatə edən səfər zamanı o 8 mayla bu 8 mayın fərqini yaşadıqca ürəyimiz dağa döndü. Mayın 10-da dövlətimizin başçısının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Şuşadan xalqa müraciəti isə bizi 2020-ci ilin noyabr ayının 8-nə- Prezidentin Şəhidlər Xiyabanından xalqa müraciəti etdiyi, ata vəziyyətini yerinə yetirdiyini bəyan etdiyi günə apardı. Həqiqətən də bundan qürurlu nə ola bilər?

Ulu Öndərimiz torpaqlarımızın geri alınması üçün beynəlxalq aləmdə böyükmiqyaslı işlər həyata keçirirdi. Lakin dünya susurdu. 2020-ci iləqədərki 17 ildə dövlətimizin başçısı da eyni Ulu Öndər kimi bu istiqamətdə danışıqlar apardı, Qarabağ problemini beynəlxalq səviyyədə həll etməyə, düşmənin sülh yolu ilə torpaqlarımızdan çıxarılmasına çalışdı. Lakin dünya yenə də susdu. Mənfur düşmən isə hələ üstəlik yeni ərazilər işğal etmək xülyasına düşdü. Belə olanda isə ulu öndərimizin həm mənəvi, həm də siyasi varisi Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni yerlərində oturtmağı bacardı. Şəhər, qəsəbə və kəndlərimiz qarış-qarış, kənd-kənd geri alındı. Biz övladlarımızı itirdik, lakin onların qanı ilə Azərbaycan tarixinin yeni səhifələrini yazdıq.

Bu səhifələrdə Şuşanın işğaldan azad olunması xüsusi yer tutur. Çünki bir möcüzə baş vermişdi. Düşmən əlində olan Şuşa böyük qətiyyətlə də qorunurdu. Düşmən ötən 28 ildə Şuşanın bütün sərvətlərinin, hüsnünün sahibinə çevrilmişdi. Onlar üçün Şuşa həqiqətən də möcüzə idi. Ömürlərində rastlaşmadıqları, görmədikləri bir möcüzə. Rahatlıqla, döyüşmədən əldə etdikləri bu möcüzəni əsla itirmək fikrində də deyildilər. Lakin gözləmədikləri yeni bir möcüzə baş verməkdə idi. 44 günlük Vətən Müharibəsinin son 10 günlüyündə qarşılaşacaqdılar bu möcüzə ilə. Və qarşılaşdılar da. Müharibədən sonra düşmən bəzi mətbuat orqanlarına müsahibələrində, söhbətlərində Şuşada möcüzə ilə üzləşdiklərini açıqca etiraf etmişdir. Onlar belə söyləyirdilər ki, heç gözləmədiyimiz halda bir də gördük ki, Azərbaycan əsgəri Şuşadadır. Onlar buraya haradan, necə gəlmişdilər, biz onu düşünürdük.

Azərbaycan əsgəri Şuşaya addım-addım, gecə-gündüz sürünə-sürünə, sinəsini dağa-daşa sürtə-sürtə, əl-ayaqlarında daşlar yaralar aça-aça gəlib çıxmışdı. Bu, əsgərimizin nəyə qadir olmasının göstəricisi idi. Bu, ürəyi torpaq sevgisi ilə dolu olan azərbaycanlı övladlarının əlbəyaxa döyüşü, texnikasız, silah-sursatsız bir taktikası idi. Bu, Milli Ordumuzun gücünün, Ali Baş Komandanımızın sərkərdəlik məharətinin, həmrəyliyimizin nümayişi idi. Bu barədə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edən cənab İlham Əliyev demişdir: ... Münaqişəyə son qoyan Azərbaycan əsgəri oldu, qəhrəman Azərbaycan əsgəri. Müharibənin son hadisələri məhz burada - Şuşada baş vermişdir. Sıldırım qayalara dırmaşaraq bizim qəhrəman əsgərlərimiz, zabitlərimiz demək olar ki, əlbəyaxa döyüşlərdə burada topla, tankla, artilleriya ilə silahlanmış Ermənistan ordusuna qalib gəldilər. Şuşa Zəfərindən sonra faktiki olaraq Ermənistan cəmi bir gün dirəniş, - əgər buna dirəniş demək mümkündürsə, - göstərməyə cəhd etmişdir və noyabrın 9-da artıq kapitulyasiya aktını imzalamağa hazır olduğunu bildirmişdir.

8 noyabr 2020-ci il. Qarabağın döyünən ürəyi Şuşanın azadlıq müjdəsini xalqına çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!

Şuşa necə ki, böyük əzmlə düşməndən geri alındı, bu gün də hüsnü böyük əzmlə özünə qaytarılır.

Yol iqtisadiyyatdır: Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolu özündə bunu ehtiva edir

Başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilən Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,7 kilometr uzunluğundakı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir. Yolun 66-81-ci kilometrliyində işlərin 85 faizi başa çatıb. Uzunluğu 15,72 kilometr olan bu hissədə yolun hərəkət sahəsinin eni 10,75 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınaraq, dörd hərəkət zolaqlı olmaqla 1b texniki dərəcəyə uyğun inşa edilir.

Mayın 8-də dövlətimizin başçısı və birinci xanım Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olarkən bildirilib ki, layihəyə əsasən, yolun bu hissəsində 5 viadukun (dərə üzərində körpü), 6 tunelin və bir körpünün tikintisi üzrə əsas işlər yekunlaşıb. Hazırda həm viaduklarda, həm də tunellərdə son tamamlanma işləri icra olunur. Viadukların tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. Yolun bu hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 15 dairəvi suötürücü boru, 24 düzbucaqlı su keçidi, 4 alt keçid və bir neçə ehtiyat keçid inşa edilib.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil magistralının tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Su həyatdır: Şuşada nasos stansiyasının tikilməsi bu amilə xidmət edir

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. Mütəxəssislər tərəfindən şəhərin su mənbələrinin, magistral xətlərin, paylayıcı şəbəkələrin və digər hidrotexniki qurğuların mövcud vəziyyəti araşdırılıb. Məlum olub ki, şəhəri içməli su ilə təmin edən mənbələr və magistral kəmərlər erməni vandallar tərəfindən məqsədli şəkildə dağıdılıb və şəhərə suyun nəqli dayandırılıb.

Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq, Kiçik Kirs mənbəyinin və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilişi bərpa edilib. Eyni zamanda, Şuşa şəhərinin digər mənbəyi - Zarıslı sugötürücü qurğusunun, uzunluğu 14,3 kilometr olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilməsi təmin edilib.

Şəhərin perspektiv inkişafı nəzərə alınaraq, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr təşkil edən sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 millimetr, uzunluğu 2,9 kilometr olan yeni təzyiqli kəmər inşa edilib, eyni zamanda, diametri 325 millimetr, uzunluğu 9,3 kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik hissəsi diametri 530-426 millimetr olan borularla əvəzlənib. Görülmüş işlərin nəticəsində 2022-ci ilin dekabrında yeni mənbədən suyun verilməsi ilə şəhərdə yaşayış olan evləri, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib.

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasını istifadəyə veriblər. Dövlətimizin başçısına Şuşa şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri haqqında məlumat verilib.

Xarıbülbül axtarışında

Ölkəmizdə bütün ictimai-siyasi hadisələrdə daim dövlətimizin başçısının yanında olan, xalqın hər bir nümayəndəsinə böyük həssaslıqla yanaşan, humanist və humanitar addımları ilə dünyanın tanıdığı Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram hesabında Şuşadan paylaşım etmişdi: “Xarıbülbül axtarışında. Hələ ki, tapmamışam”.

Bu iki cümlə gözlərimiz önündə Şuşanın füsunkar gözəlliyini canlandırdı. Şuşanın rəmzi xarıbülbülə-28 il düşməndən gizlənib özünü göstərməyən nazlı gəlinə qovuşduğumuz baharı xatırlatdı. Şuşa deyiləndə gözlər qarşısında canlanan xarıbülbülü xatırlatdı.

Bütövlükdə Şuşa bizim xarıbülbülümüzdür. Şuşanı da, xarıbülbülü də bizə Ali Baş Komandanımızın sərkərdəliyi ilə ordumuz, minlərlə gəncimiz bəxş etdi. Biz Şuşanı dövlətimizin başçısının düzgün siyasəti, gələcəyə baxışı sayəsində yenidən tapdıq. Onu tapmaqla da xarıbülbülü tapdıq.

“Azərişıq” Şuşanı nura boyayır

“Azərişıq” hələ müharibə bitməmişdi, artıq azad olunan ərazilərdə fəaliyyətə başlamışdı. Çünki elektrik enerjisi olmadan heç bir başqa işə başlamaq mümkün deyildi. Budur, “Azərişıq “ ilə Şuşa nura boyanır.

Görülən işlərin davamı olaraq Şuşa şəhərinin ənənəvi elektrik təchizat şəbəkəsi rəqəmsal xəritə sisteminə köçürülərək planlama və ölçmə işlərinin aparılması təmin ediləcək. Şəhərin estetik görünüşünə xələl gətirən əvvəlki 48 Komplekt Transformator Məntəqəsi (KTM) əvəzinə müasir güc kabelləri ilə 35/0,4 kV-luq 9 transformator yarımstansiyası vasitəsilə dairəvi təchizat sxeminin qurulması həyata keçirilməkdədir. Bütün bunların nəticəsində kənar fiziki müdaxilələr və ətraf mühitin təsiri aradan qaldırılmış olur, ekoloji tələblər yerinə yetirilir, meşə zolaqları və canlı orqanizmlərin yanğın təhlükəsizliyi ilə bağlı risklər aradan qaldırılır. Bundan başqa, enerji itkiləri 3-3,5 faizədək azaldılır, işçi qüvvəsi, mal-material və istismar xərclərinə 60 faizədək qənaət olunur, enerji təchizatının keyfiyyət parametrləri yaxşılaşdırılır, texniki təhlükəsizlik qaydaları tam təmin edilir.

Mayın 9-da Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin açılışını edib.

Bir çox üstünlükləri özündə birləşdirən Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi (EŞİTM) haqqında dövlətimizin başçısına məlumat verilib.

X X X

Yaşıl Enerji Zonasında “Azərişıq” ASC tərəfindən qurulan paylayıcı şəbəkələrdə mikrosəviyyəli bərpaolunan enerji mənbələrinin tətbiqi enerji itkilərinin kompensasiyası, xüsusi sərfiyyat tələbatının ödənilməsi, enerji böhranı hallarında güc mərkəzlərinin dayanıqlı işinin təmini və elektrik avtomobillərinin enerji ilə təchiz edilməsi üçün nəzərdə tutulub. Bununla yanaşı, paylayıcı şəbəkələrdəki enerji obyektlərinin dam örtüklərində quraşdırılan Günəş enerji mənbələri bir sıra üstünlüklərə malikdir. Belə ki, bu mənbələr əlavə torpaq sahəsi tələb etmir, müasir ekoloji tələblərə cavab verir, güc mənbəyinə kommutasiyası ciddi xərc tələb etmir, illik ən azı 40 min kVts enerji istehsalı imkanına malikdir. Bir Günəş enerji mənbəyi ilə ildə 1150 elektromobilin enerji tələbatını təmin etmək mümkündür ki, bu da ildə 23 min ton karbohidrogen yanacağına qənaət deməkdir.

Müasir paylayıcı şəbəkələrdə tətbiq edilən paylanmış generasiya mənbələri, eyni zamanda, enerji böhranı hallarında qlobal mənbələr şəbəkəsi yaratmağa imkan verir ki, bu da enerji təchizatında dayanıqlılığı artırır.

“Azərişıq” ASC-nin bütün şəbəkələri üzrə transformator yarımstansiyalarının yaşıl enerji mənbələri ilə təchiz edilməsi nəticəsində illik 48 milyon kVts elektrik enerjisinin hasil olunması ilə 12 milyon kubmetr təbii qaza qənaət etmək mümkündür. Nəticədə Günəş enerji sistemlərinin bütün istismar dövrü ərzində CO2 (karbon dioksid) kvota dəyəri də nəzərə alınmaqla, 145,4 milyon manat vəsait əldə edilə bilər.

İşğaldan azad edilmiş ərazilərdə inşası nəzərdə tutulan 400-dən çox enerji obyektində tətbiq ediləcək yaşıl enerji mənbələrinin bütün istismar dövrü ərzində orta hesabla 480 milyon kVts elektrik enerjisi ilə 120 milyon kubmetr təbii qaza qənaət təmin oluna bilər. Bununla yanaşı, bərpaolunan enerji mənbələrinin paylayıcı şəbəkələrdə tətbiqi iqlim dəyişikliklərinin mənfi təsirlərinin qarşısının alınmasında ölkəmizin Paris Sazişi üzrə istilik effekti yaradan qazların emissiyasının 2030-cu ilədək 35 faiz azaldılmasına imkan verəcək.

Heydər Əliyev, Atatürk, “Dəmir yumruq”, 8 Noyabr... küçələri

Şuşanın hüsnünə heyranlıq bəxş edəcək

Dövlətimizin başçısının Şuşaya budəfəki səfəri bu təbiət gözəli şəhərdə yeni küçələrin salınması ilə də yadda qaldı. Həm adları, həm də görünüşləri ilə seçiləcək bu küçələr Şuşanın hüsnünə heyranlıq bəxş etməklə yanaşı, düşmən gözünə dağdır.

Şuşada salınan Heydər Əliyev küçəsinin uzunluğu 1751 metr, eni isə yol yatağına uyğun olaraq 10-14 metr aralığında dəyişir. Atatürk küçənin uzunluğu 714 metr, eni isə 11 metr, 8 Noyabr küçəsinin uzunluğu 2912 metr, eni 10 metrdir.

Molla Pənah Vaqif küçəsinin uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10-15 metr aralığında dəyişir. Pənahəli xan küçəsinin uzunluğu 864 metr, eni isə yol yatağına uyğun olaraq 10-13 metr təşkil edəcək.

Uzunluğu 438 metr, eni isə 14 metr olan Xurşidbanu Natəvan küçəsi şəhərin tarixi-mərkəzi hissələrini əhatə edir. Vətən müharibəsində şanlı Qələbənin şərəfinə adlandırılan Zəfər küçəsinin uzunluğu 1963 metr, eni isə yol yatağına uyğun olaraq 10-11 metr aralığında dəyişir.

Şuşada əsas küçələrdən biri də Qarabağ küçəsidir. Bu küçənin uzunluğu 338 metr, eni isə 11 metrdir. Azərbaycanın Xalq artisti, görkəmli xanəndə Xan Şuşinskinin adını daşıyan küçənin uzunluğu isə 293 metr, eni isə 10 metrdir. Şuşanın tarixi-mədəni irsinin bir sıra nümunələrinin yerləşdiyi bu küçələr şəhərin orijinal memarlıq üslubuna uyğun qaydada yenidən qurulacaq. Yenidənqurma işləri zamanı bu küçələrdə ən müasir infrastruktur yaradılacaq.

Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsini təmin edən və xalqımızın sarsılmaz birliyinin rəmzinə çevrilən Dəmir Yumruğun şərəfinə adlandırılan küçə şəhərin mərkəzi hissələrini əhatə edir. Dəmir Yumruq küçəsinin uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10-15 metr aralığında dəyişir.

Bərpa-yenidənqurma işləri Şuşanın tarixi görkəminə uyğun qaydada yüksək səviyyədə aparılır.

Dövlətimizin başçısı küçələrin adlarının yazıldığı lövhələrin açılışını edib. Prezidentə küçələrdə aparılan bərpa-yenidənqurma işləri barədə məlumat verilib.

Qarabağ küçəsindəki yaşayış və qeyri-yaşayış binaları şuşalıların rifahına xidmət edəcək

Dövlətimizin başçısının fəaliyyət proqramının əsasında Qarabağa Qayıdış xüsusi yer tutur. Bu məqsədlə də yaşayış və qeyri-yaşayış evlərinin tikintisi sürətlə həyata keçirilir. Qarabağ küçəsində salınan binalar da şuşalıların doğma torpaqlarına qayıdarkən rahat yaşayış və məşğulluğu üçün nəzərdə tutulub.

Qarabağ küçəsində inşa ediləcək yaşayış binasının ümumi sahəsi 5400 kvadratmetr olacaq. Dörd mərtəbədən və zirzəmi qatından ibarət binada yerləşəcək mənzillərdən 24-ü ikiotaqlı, 6-sı isə üçotaqlıdır.

Ərazidə qeyri-yaşayış binası da inşa olunacaq. A və B korpuslarından, həmçinin ofis binasından ibarət həmin binanın ümumi sahəsi 5745 kvadratmetr nəzərdə tutulub. Binanın ikinci mərtəbəsində avtodayanacaq yerləşəcək.

Dövlətimizin başçısının tapşırığına əsasən Qarabağ küçəsinin abadlaşdırılması ilə bağlı ilkin vəsait ayrılıb. Abadlıq və infrastruktur işləri binaların inşası prosesi ilə paralel aparılır. Görülən işlərin bir qismi Prezident İlham Əliyevin tapşırığı ilə dövlət-özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti bu küçəyə rəmzi olaraq “Qarabağ” adını verib. Gövhər Ağa məscidi, “Qarabağ” oteli, xüsusi nümayəndəliyin binası Şuşanın mərkəzini əhatə edən bu küçədə yerləşir. Küçənin yenidən qurulması zamanı Şuşanın tarixi-milli memarlıq üslubunun qorunması xüsusilə diqqətdə saxlanılır.

Şuşalı keçmiş məcburi köçkünlərin yaxın gələcəkdə doğma şəhərlərinə qayıdışından sonra Prezident İlham Əliyevin tapşırığı ilə burada əsasən yerli sakinlərin işə götürülməsi nəzərdə tutulur. Bu baxımdan əhalinin məşğulluğunun təmin olunması istiqamətində də fasiləsiz iş aparılır, siyahılar dəqiqləşdirilir. Şuşada fəaliyyət göstərmək məqsədilə qeydiyyatdan keçən şirkətlər tərəfindən yerli sakinlər üçün təşkil olunan üç əmək yarmarkasında 200-dək şuşalı gənc siyahıya alınıb. Hazırda onlar üçün treninqlər təşkil olunur.

(Ardı var)

Mətanət Məmmədova

Digər xəbərlər