PDF Oxu

Siyasət

  • 12 969

Qarabağ müharibəsinin böyüməyən uşaqları və ya uşaq hüquqlarına nəzirə -TƏHLİL

image

Bu həftə uşaqların Beynəlxalq Müdafiəsi Gününü - 1 İyunu qeyd etdik axı. Dünyada haqları pozulan, zorakılığa məruz qalan, təcavüzə uğrayan milyonlarla uşaq olduğu halda, bu günün qeyd edilməsi necə təzadlıdır, deyilmi? Yalnız sənədlərdə müdafiə edilən uşaq hüquqları əslində, necə, niyə pozulur? Müharibə görən, işğala məruz qalan, ərazisinə təcavüz edilən Azərbaycanın uşaqlarına qarşı edilən vəhşilikləri niyə dünya görmədi?

Qarabağın kimsəsiz qalan uşaqları

Azərbaycan öz müstəqillik tarixinə 2 ağır müharibə sığışdırdı. Zorakı, məcbur qalaraq. Müharibə bizim dövlətimiz üçün ən sonuncu yol idi, başqa ölkənin ərazisinə təcavüz isə heç vaxt qəbul edilməyib. I Qarabağ Müharibəsində ölkəmizə təcavüz edildikdən 30 il sonra II Qarabağ Müharibəsi ilə ədaləti bərqərar etdi Azərbaycan. Lakin hər iki müharibədə düşmən şərəfsizliyi ucbatından zərər görən, öldürülən, şikəst qalan uşaqlar da oldu. Azərbaycan əsgərinin I Qarabağ müharibəsində güllə atmadığı düşmən balaları böyüyüb o əsgərlərin balasına, nəvəsinə güllə atdı.

I Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş Azərbaycan vətəndaşları arasında uşaqlar çox olub. I Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxsdən 71 nəfəri uşaqlar olub. Ermənistan əsir götürdüyü uşaqların saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək, onların sonrakı taleyi barədə indiyə kimi məlumat vermir.

Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərdə girov götürdüyü uşaqlardan 168-i Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti nəticəsində azad edilib. Bu uşaqlar arasında Xocalıdan olanlar da çox idi. Amma uşaq ikən girov götürülən xeyli xocalılı uşağın taleyi hələ də qaranlıq olaraq qalır. Xocalı şəhərinin işğalı zamanı bir gecədə vəhşi qətliamın qurbanı olan 613 dinc sakindən 63-ü məhz uşaqlar idi. Xocalı faciəsi zamanı 25 uşaq hər iki valideynini itirib. Erməni vandallarının Xocalıda törətdiyi qanlı cinayət nəticəsində 76 azərbaycanlı uşaq isə həmişəlik əlil olub.

Erməninin ermənilik etməsi

1992-ci ildə Xocavənd rayonunun işğalı zamanı ermənilər Qarabağlı kəndindən girov götürdükləri 117 nəfər dinc sakini Xankəndinə apararkən yolda onların 76 nəfərini güllələmişdi. Onlardan 20 nəfəri 10-12 yaşına qədər uşaq, yarıya qədəri isə qadınlar idi. Füzuli rayonunun işğalı zamanı Horadiz yolunda tutulmuş 40 nəfər mülki şəxsin 29 nəfəri, Gorazıllı kəndindən götürülmüş girovların 40 nəfəri, Kəlbəcər rayonunun Başlıbel kəndindən girov götürülmüş qoca, qadın və uşağın 29 nəfəri yerindəcə öldürülmüşdü, cəsədlərə ağılalmaz vandallıqla işgəncə verilmişdi.

Kəlbəcər rayonunun “Tunel” adlanan yerində güllələnən və yarısı uşaq olan dinc sakinləri yük avtomobilinə yığaraq yandıran vəhşilər insanlığa sığmayan üsullarla insanlara işgəncələr veriblər. O işgəncələr zamanı qətlə yetirdikləri 613 nəfər Xocalı sakininin 63 nəfərini azyaşlı uşaqlar təşkil edirdi.

Hamilə qadının qarnını bıçaqla yararaq körpəni çıxarıb itlərə yedirən, güllələdikləri anasının döşünü kəsib ağlayan körpəsinin ağzına qoyan ermənilər tarixin qanlı səhifələrindən öz əməllərini necə siləcəklər? Atasını ağaca bağlayıb gözünün önündə balasına təcavüz edənlər, yeniyetmə qızları buz kimi soyuq fevral gecəsində çılpaq soyundurub qarın üstündə zorlayanlar, ağladı deyə anasının qucağından alıb avtomat süngüsünə keçirdikləri uşaqları tikə-tikə doğrayanlar, günahsız uşaqları dəmir boruya doldurub ağzını qaynaq edən əməllərinin cəzasını necə çəkəcəklər?

1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq, hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan dərəyə ataraq, körpələri amansızlıqla qətlə yetiriblər. 1988-ci ildə Qarakilsə-Pəmbək mahalında 70-ə yaxın 5-12 yaşlarındakı uşaqları yenə boruya dolduraraq, hər iki tərəfini bağlayıblarmış. Qətliamın üstünü 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər açıblar.

Uşaqların başını diri-diri kəsən, körpələrin başına mismar çalan, yerə uzadıb üstlərindən tankla keçdikləri azyaşlıların işgəncəsindən zövq alan yırtıcaları niyə tanımadı dünya? Böyük meydanlarda, qızıldan saraylarda, bahalı kreslolarda, dəyirmi masalarda “hüquq”, “azadlıq”, “insan haqları” deyə bar-bar bağıranlar bunları görmürdü? Xocalının ərşə yayılan naləsi niyə eşidilmədi 30 il?

Balayanın qandonduran etiraf kitabı

Ermənilər Xocalıda uşaqlara qarşı etdikləri vəhşilikləri özləri də etiraf ediblər. Qəddarlığı, vəhşiliyi ilə ad qazanmış Zori Balayanın 1996-cı ildə yazdığı “Ruhumuzun dirilməsi” kitabının 260-262-səhifələrində yazılanlar insanın damarında axan qanını dondurur:

“... Mən və Xaçatur onların saxlandığı zirzəmiyə daxil olanda artıq əsgərlərimiz bir uşağı pəncərənin çərçivəsinə tikmişdilər. Onun çox səs-küy etməməsi üçün ölmüş atasının dərisini qoparıb ağzına soxmuşdular. Sonra mən 13 yaşlı bir türkün baş, sinə və qarnından dərisini qopardım. Təxminən 7 dəqiqədən sonra uşaq qan itkisindən öldü. Mən birinci dərəcəli həkim kimi humanistəm, ona görə də uşağın başına gətirdiyim zülmlərdən xoşbəxtlik hiss eləmirdim. Lakin daxilən sevinirdim... Xaçatur uşağın cəsədini tikə-tikə doğradı və itlərə yem kimi atdı.

Həmin axşam biz daha 3 türk törəməsinin başına həmin oyunu açdıq. Mən patriot, vətəndaş, erməni borcunu yerinə yetirirdim. Xaçaturun və digərlərinin gözlərində mən güclü qisas mübarizəsi görürdüm. Sonra mayor Suren mənə dedi ki, biz vəhşi deyilik, lakin soyuqqanlı olmalıyıq. Türk cəlladların əlində qətlə yetirilən ermənilərin ruhları sakitləşib, şad olmalıdır. Ertəsi gün biz kilsəyə getdik. Orada 1905-ci ildə ölən ermənilərin ruhlarına dua oxuduq və dünən gördüyümüz, törətdiyimiz vəhşiliklərə görə Allahdan bizi bağışlamasını istədik...”

II Qarabağ müharibəsinin günahsız qurbanları

Nə I Qarabağ Müharibəsindən sonra, nə də müharibə olmadığını iddia etdikləri atəşkəs dövründə dinc durmadı qaniçənlər. Gah partlıayıcı qoyduqları oyuncaqla, gah zəhərli su ilə, gah atdıqları bomba ilə, gah da gülləbaran etdikləri evlərdə günahsız körpələrə qıydılar. Füzuli rayonunun Alxanlı kəndində, öz evinin qarşısında, nənəsinin qucağında erməni vəhşiliyinin qurbanı olan 2 yaşlı Zəhra hansı günahın sahibi idi? Çayda tapdığı oyuncağı evə gətirib oynayan, içindəki partlayıcının partlamasından ölən Aygün kimə nə etmişdi? Tovuzda 13 yaşlı Ramin biçənəkdən ot gətirməyə getmişdi sadəcə, güllələdilər.

İkinci Qarabağ müharibəsi zamanı da atdıqları raketlərlə nə qədər uşağın həyatına son qoydular. Naftalanın Qaşaltı kəndində 12 yaşlı Şəhriyar Qurbanov və onun 14 yaşlı bacısı Fidan Qurbanova ermənilərin gülləbaran etdikləri evlərində can verdilər, Ağcabədi rayonunun Taynaq kəndinin atəşə tutulması nəticəsində 14 yaşlı Fərid İsgəndərov həlak oldu, Gəncəyə endirilən raket zərbələri 6 uşağın ölümünə səbəb oldular. 11 yaşlı Orxan Xəlilli, 6 yaşlı Məryəm Xəlilli, bir yaşlı Mədinə Şahnəzərli, 10 aylıq Narin Xaliqova, 15 yaşlı Nigar Əsgərova, vətəni Azərbaycana bibisi ilə qalmaq üçün gələn 13 yaşlı Rusiya vətəndaşı Artur Mayakov... Dünya onlara qarşı edilən ədalətsizliyə niyə səs çıxarmadı? Bəs onların haqqı, hüququ niyə müdafiə edilmədi?

Tərtər rayonunun Kəbirli kəndinə raket hücumu nəticəsində 16 yaşlı Orxan İsmayılzadə, Bərdə rayonunun Qarayusifli kəndinin atəşə tutulması zamanı 7 yaşlı Aysu İsgəndərova, Bərdə rayonunun Yeni Ayrıca kəndinin atəşə tutulması nəticəsində 16 yaşlı Şahmalı Rəhimov qətl edildi. Tərtər rayonunun Həsənqaya kənd sakini, 16 yaşlı Turanə Həsənova, Ağdamın Şıxlar kəndi istiqamətində erməni snayperinə tuş gələn Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlov, Tovuzun Əlibəyli kəndində düşmənə məxsus partlayıcı qurğunun işə düşməsi nəticəsində Aygün Şahmalıyeva qətl edilərkən harada idi haqq-ədalət?

Bütün bunların fonunda nə I Qarabağ Müharibəsində, nə də II Qarabağ müharibəsində Azərbaycan döyüşçüləri 1 nəfər də erməni uşağına güllə atmayıb, zərər verməyib. Uşaqların milliyyəti, dini, irqi, düşmənliyi əhəmiyyətli deyil bizim üçün, bir həqiqət var - uşaq günahsızdır. Hər nə qədər erməni uşaqları bizə qarşı düşmən, nifrət içində böyüdülsə də, yenə də heç bir azərbaycanlının düşmən uşağına qarşı zorakılıq etməyə əli qalxmaz.

Uşaqlar öldürülməsin, güldürülsün!

20 ildir yazan biri kimi bəzən çətinlik çəkirəm sözləri seçməyə, kəlmələri yazıya düzməyə. Boğularaq, boğazım düyünlənərək, qəhərdən udquna-udquna yazıram bəzi yazıları. İçində uşaqların-ən məsumların, ən təmizlərin, ən günahsızların yaşadığı dünyamızı nə hala, nə vəziyyətə gətirib çıxardı insanlar... Bəzən yazılarımın bağırdığını, qışqırdığını hiss edirəm, çünki elə mövzular var ki, bağıraraq eşitdirmək istəyirsən, yazaraq yox. O yazıların yükü çiynimi əzir, yazacaqlarımın bütün ağrısını, acısını, öldürülən uşaqların əzabını, valideynlərinin çarəsizliyini ifadə edə bilmədikdə, sözlər aciz qalanda, kəlmələr çarəsiz olanda mən də çarəsiz qalıram...

İnsanlar üçün dünya getdikcə cəhənnəmə çevrilir, müharibələr, xaos, qarşıdurma, epidemiyalar... Uşaqların zorlandığı, təcavüz edildiyi, oğurlandığı, istismar edildiyi, qul kimi işlədildiyi bir dünya kimin nəyinə lazımdır ki? Müharibələrdə öldürülən günahsız uşaqların ahı həkk olub dünyanın divarlarına, hərdən eşidirəm mən. Müharibə qan deməkdir, ölüm deməkdir, ağı deməkdir, bayatı deməkdir, dünya böyük bir müharibə meydanı deməkdir mənə görə. Kimə lazımdır ki bu cür dünya? Qan qoxuyan, ölüm iylənən...

Bütün insanların bir diləyi olmalıdır məncə. Dünyada müharibələr dayansın, uşaqlar odun-alovun içindən yox, gül-çiçək bağçalarından keçsin. Bütün insanlar bunun üçün çalışmalıdır, dünyanın dəyişməsi mütləqdir, qaçınılmazdır. Məhvi labüddür, yoxsa...

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər