Siyasət

  • 7 255

Pavel Danilin: “Cənubi Qafqazda proseslər Ukraynadakı xüsusi hərbi əməliyyatın nəticəsindən asılıdır” - MÜSAHİBƏ

image

"Azərbaycan sazişlərdə qeyd olunan bəzi tələblərin İrəvan tərəfindən yerinə yetirilmədiyinə qərar verərsə danışıqlar prosesi pozula bilər"

Siyasi Təhlil və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru, rusiyalı politoloq və publisist Pavel Danilin caliber.az-a qısa müsahibəsində Cənubi Qafqazda gedən proseslər, Ermənistan-Azərbaycan nizamlanmasındakı vəziyyət və gözlənilənlər haqda fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Moskva, Vaşinqton və Brüssel danışıqlarını nəzərə alaraq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına doğru yolun hazırkı mərhələsini necə qiymətləndirərdiniz?

- Bu gün Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması Rusiyanın Ukrayna ilə münaqişədə öz mövqeyində israr edib-etməməsi ilə müəyyənləşir. Yəni bacararsa, o zaman müvafiq olaraq Ermənistanla Azərbaycan arasında münasibətlər daha adekvat olar. Əks halda, danışıqlar kifayət qədər uzanacaq.

- Tərəflər sülh müqaviləsi bağlamağa yaxınlaşsalar belə?

- Sülh müqaviləsi üfüqdə hardasa görünür, amma hər iki tərəfin hər an gərginləşə biləcəyi göz qabağındadır. Məsələn, Azərbaycan sazişlərdə qeyd olunan bəzi tələblərin İrəvan tərəfindən yerinə yetirilmədiyinə qərar verərsə proses pozula bilər. Erməni tərəfinin gərginləşməsinə səbəb isə Ermənistanın özündə ciddi revanşist əhval-ruhiyyənin olmasıdır.

- Ermənistanın xarici siyasəti gələcəkdə, deyək ki, hətta yaxın illərdə dəyişə bilərmi? Mən onun KTMT və Aİİ-dən çıxmaq şərti ilə Rusiya Federasiyasından yekun ayrılma ehtimalını nəzərdə tuturam...

- Ermənistanın xarici siyasət kursu yenidən tamamilə Ukraynadakı xüsusi hərbi əməliyyatın nəticəsi ilə bağlıdır. Əməliyyat uğurlu olarsa, İrəvanın Qərbə doğru kursunda ciddi dəyişiklik olmayacaq. Əgər xüsusi hərbi əməliyyatın uğuru kifayət etməsə, Ermənistanın nəhayət, Rusiyadan ayrılaraq ABŞ-ın tabeçiliyinə keçməsi tamamilə mümkündür, xüsusən də orada bunda maraqlı tərəflər var.

- Bəs Ermənistanın Rusiya Federasiyasının Zəngəzur dəhlizinə giriş-çıxışda sərhəd və gömrük məntəqələrində nəzarət funksiyalarından imtina etməsini necə şərh edərdiniz?

- Məncə, bu, imkanlar və sərhədlər üçün zəminin kifayət qədər aşkar tədqiqidir. Hesab edirəm ki, belə bir addım İrəvanın maraqlarına uyğun deyil, ona görə də, əgər erməni tərəfi bunu başa düşsə, o zaman, bəlkə də, üçtərəfli sazişlərə zərbə vurmağı dayandıracaq.

- Cənubi Qafqazda gələcək prosesləri, xüsusən də yaxın gələcəkdə Gürcüstanla Rusiya Federasiyası arasında yaxınlaşma ehtimalını necə görürsünüz?

- Cənubi Qafqazda baş verən bütün proseslər, dediyim kimi, Ukraynadakı xüsusi hərbi əməliyyatın nəticələrindən asılıdır. Rusiya ilə Gürcüstanın yaxınlaşmasına gəlincə, mənə elə gəlir ki, Ukrayna münaqişəsində Rusiya üçün müsbət ssenari olacağı təqdirdə belə bir ehtimalı orta səviyyədən bir qədər yuxarı qiymətləndirmək olar.

Sizcə, Ukraynada müharibə nə qədər davam edəcək?

- Bu suala cavab vermək çətindir...

- Bu gün Rusiyanın taktiki nüvə silahından istifadə ehtimalı artıbmı?

- Məncə bəli. Artıb.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər