Erməni siyasi-ictimai rəyi və KİV-ləri İlham Əliyevin Aİ ilə qaz anlaşmasını Bakının qələbəsi kimi qəbul etmək məcburiyyətindədir
Hələ ötən il Avropa İttifaqının (Aİ) Azərbaycana 2 milyard avro maliyyə yardımı ayırması ilə bağlı qərar verməsi faktı Ermənistanda ciddi müzakirə vasitəsinə çevrilmişdi. Bu təlaş indi də davam edir. Erməni ictimai-siyasi rəyi, habelə KİV-ləri daha əvvəl Aİ-nin Azərbaycana ayırdığı 140 milyon dolların 2 milyard avro ilə əvəzlənməsi qərarı ətrafında necə deyərlər, baş sındırırlar, amma buna rəğmən, ortada olan reallığı da qəbul etmək istəmirlər. Daha dəqiq desək, Azərbaycan Prezidenti İlham Əliyevin Aİ-nin daha əvvəl Ermənistana Azərbaycandan demək olar ki, 20 dəfə çox maliyyə yardımı ayırmasına qarşı sərt və qətiyyətli mövqeyini nümayiş etdirməsindən sonra Avropa İttifaqının öz qərarını dəyişməsi faktını həzm edə bilmirlər. Əbəs deyil ki, erməni tərəfi artıq sözügedən məsələni Ermənistanın iqtisadi kapitulyasiyası kimi qiymətləndirirlər.
Armenianreport: “Və budur, biz artıq məlumat almışıq ki, Avropa İttifaqı Azərbaycana 140 milyon dollar yerinə 2 milyard avro maliyyə yardımı təqdim edəcək”
Beləliklə, Armenianreport saytının analitik yazarı Romella Mnasakanyan “Yeni kapitulyasiya: Avropa İttifaqı bizim maraqlarımız hesabına Azərbaycanla sövdələşir” sərlövhəli yazısında ortada olan danılmaz faktı qəbul etməsi yerinə, dolayı vasitələrlə “malalamağa” cəhd edir. Lakin unudur ki, artıq həmin fakt elə müəllifin yazdığı sərlövhədəki “kapitulyasiya” ifadəsi ilə etiraf olunub. O yazır: “Və budur, biz artıq məlumat almışıq ki, Avropa İttifaqı Azərbaycana 140 milyon dollar yerinə 2 milyard avro maliyyə yardımı təqdim edəcək”.
Erməni analitiki 140 milyon dolların 2 milyard avro ilə əvəzlənməsi qərarının səbəbini Azərbaycan Prezidentinin Aİ-ni daha əvvəl Ermənistana 20 dəfə çox vəsait ayırmasını sərt tənqid etməsi ilə əlaqələndirib. Lakin bu da son deyil. Romella Mnasakanyan ermənilərlə yanaşı, Azərbaycan KİV-lərinin də bu məsələni qələbə kimi qiymətləndirməsini yazır və digər amilə də toxunur: “Azərbaycan KİV-ləri Əliyevin bu addımını qələbə kimi qiymətləndirirlər. Onlar yalnız maliyyə paketi vəsaitinin artırılmasına deyil, həm də Əliyevin iştirakı ilə Fransa prezidenti Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistan respublikasının baş naziri Nikol Paşinyanın videoformat vasitəsi ilə keçirdikləri görüşünün necə keçirilməsinə də sevinirlər”, - deyə erməni analitik yazarı açıq-aşkar qibtə hisslərini gizlədə bilmir.
Erməni analitiki: “Misal üçün, “artsaxın” statusu məsələsi heç bir halda müzakirə predmeti olmadı, görünən budur ki, hətta Fransa və Aİ “artsaxın” taleyini boşa verdilər”
O, əlavə edir ki, görüş əsnasında bir çox məsələlərdə razılığa gəlinib ki, Bakı bu məsələlərin müzakirəsini uzun müddət idi ki, inadla tələb edirdi. “Misal üçün, “artsaxın” statusu məsələsi heç bir halda müzakirə predmeti olmadı, görünən budur ki, hətta Fransa və Aİ “artsaxın” taleyini boşa verdilər”, yazan erməni siyasi yazarı növbəti dəfə bu uğursuzluğu və məğlubiyyəti real faktlardan uzaqlaşdırmaqla guya Azərbaycanın Avropanı “qaz şantajı” ilə hədələməsi ilə əlaqələndirməyə çalışıb. Yəni, aşkar erməni “prizması” bu dəfə də özünü gözlətməyə macal tapıb. Halbuki, Avropa İttifaqının özü Azərbaycandan qaz almaq, yaxud tədarükünü artırmaq təklifini istəyib. Məlumdur ki, Qərbin Rusiya ilə soyuq münasibətləri və Ukrayna böhranı Avropa İttifaqını qayğılandırır. Belə olan halda Rusiyanın Avropaya nəql etdiyi qazı dayandırmaq ehtimalı artır və Avropanın müraciət edəcəyi yeganə tərəfdaşı yalnız qaz ehtiyatları kifayət qədər olan Azərbaycan ola bilərdi. Bütün bu gerçəklikləri erməni məkri ilə şərh edən analitik iddia edir ki, guya Aİ Azərbaycanın “qaz şantajı” (?!) qarşısında dayana bilmədi və s.
Erməni “təfəkkürü” - sən demə, Rusiya Avropaya qaz nəqlini dayandırmamalıymış və bunu müttəfiqi Ermənistana görə etməliymiş (?)
Ona görə də Mnasakanyan eyni tərzdə davam edir: “Qaz bu ölkənin (Azərbaycanın) əlində siyasi elementə çevrilib və uzağa hesablanmış geosiyası plan həllərinin atributudur”.
Maraqlıdır ki, erməni analitiki burada da, sadəcə, sərsəm mövqe ortaya qoyub. Əlbəttə ki, istənilən dövlət öz iqtisadi və s. imkanlarını ölkənin təhlükəsizlik maraqları üçün sərf etməlidir. Hətta Ermənistanın hər hansı enerji resursları olsaydı, bu ölkə də mövcud vəziyyətdə həmin amili öz səmərəsinə görə istifadə edərdi. Görünür, Romella Mnasakanyanın düşüncə tərzi yalnız erməni “təfəkkürü” ilə nəticə hasil edir... Bu da azmış kimi, armenianreportun analitik yazarı Azərbaycanı Rusiya ilə eyniləşdirir və bu əsnada Rusiyanın da bostanına daş atmağı unutmur. Gəlin, gülünc “məntiqə” diqqət yetirək. Sən demə, Rusiya Avropaya qaz nəqlini dayandırmamalıymış və bunu müttəfiqi Ermənistana görə etməliymiş (?). Yəni, Rusiyanın Avropaya qaz nəqlini dayandırmasının nəticəsi olaraq Aİ Azərbaycana ağız açdı və eyni zamanda, 2 milyard avroluq yardım paketi ayırdı. Gülünc iddiadır, deyilmi?
Beləliklə, erməni analitiki yalnız bir gerçəkliyi yazıb – bütün bunlar Ermənistanın növbəti kapitulyasiyasıdır və belə olan halda vəziyyətdən çıxış yolu tapmaq da elə erməni ictimai siyasi rəyinin öz məsuliyyətinə düşür...
Afət Tahirqızı