PDF Oxu

Siyasət

  • 4 688

Azərbaycan beynəlxalq təşkilatlar üçün əhəmiyyətli tərəfdaşdır

image

Həyata keçirilən düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dövləti bütün sahələrdə mütərəqqi uğurlara imza atıb. 44 günlük Vətən müharibəsində əldə olunan hərbi, siyasi, diplomatik qələbə ölkəmizin dünya miqyasında nüfuzunu daha da artmış oldu. Artıq dövlətimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, GUAM və dünyanın əksər aparıcı dövlətləri ilə iki və çoxtərəfli əlaqələrini daha da genişləndirib. Azərbaycanın NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlıq ələqələrini yüksələn xətlə inkişaf etdirilməsi ölkəmizə olan inam və etimadın nəticəsidir. Azərbaycan-BMT əlaqələri daha geniş və əhatəlidir. 2011-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu quruma rəhbərlik etməsi əlaqələrin möhkəm əsaslar üzərində qurulduğunun göstəricisi sayıla bilər. Beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması və əlaqələrin dövlətlərin maraqlarına uyğun inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin ana xəttini təşkil edir. Bu baxımdan, Azərbaycan beynəlxalq təşkilatlarda daim aktiv fəaliyyət göstərməsi ilə fərqlənmiş və milli maraqlarımızın təmin olunmasına yönəlmiş siyasət həyata keçirmişdir. Ölkəmizin beynəlxalq təşkilatlarda nüfuzunun yüksək olmasının nəticəsidir ki, Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı dünyanın inkişafına mühüm töhfələr verən qlobal əhəmiyyətli tədbirlər keçirilib. Koronavirus pandemiyasının qarşısının alınması və dövlətlərin bu istiqamətdə əməkdaşlığının gücləndirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə Qoşulmama Hərəkatının videokonfrans formatında toplantısı keçirilib. Eyni zamanda, dünya ölkələrinin pandemiya ilə mübarizədə fəaliyyətlərinin artırılması məqsədi ilə Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının konfransı keçirilib.

BMT Təhlükəsizlik Şurası Ermənistanın ümidlərini puça çıxardı

BMT ilə səmərəli, qarşılıqlı əlaqələr hər iki tərəfə müsbət xeyir verir. Ermənistan və Ermənistana himayədarlıq edənlər bu əlaqələri pozmağa cəhd etsə də, uğursuzluğa düçar olurlar. 16 avqust 2023-cü ildə növbəti dəfə Ermənistan BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə mənfi rəy formalaşdırmağa çalışsa da, istəyinə nail ola bilmədi. “Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir”. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasında aparılmış müzakirələrə dair bəyanatında bildirilib. Bəyanatda, həmçinin qeyd olunub ki, Azərbaycan Ermənistanın məsələlərin həll yolunun konstruktiv qarşılıqlı fəaliyyət, habelə beynəlxalq hüququn normalarının və bu çərçivədə götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsindən keçdiyini anlayacağına ümid edir. BMT Təhlükəsizlik Şurasının çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır. Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün təcili iclas keçirib. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışıb, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə məlumat verib. Çıxışına Ermənistanın ölkəmizə qarşı təbliğ etdiyi “blokada” və ya “humanitar böhran” ilə bağlı bütün əsassız və sübutu olmayan iddiaları qətiyyətlə rədd edərək başlayan Y.Əliyev bildirib ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır. Məhz Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb. Bu xüsusda, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir. Əgər Ermənistan yardım etmək istəyində səmimi olsaydı, bu, dərhal baş verərdi. Bu, həqiqətən də bu yaxınlarda - bir neçə gün əvvəl beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı nəticəsində praktiki olaraq mümkün idi. Bu, təkcə Ermənistanın imtinası nəticəsində baş tutmadı. Y.Əliyev onu da çıxışında bildirib ki, Azərbaycanın suveren ərazisində qeyri-qanuni yerləşdirilmiş radioelektron döyüş texnikasından istifadə xüsusi narahatlıq doğurur: “Son həftələr ərzində təkcə “Azərbaycan Hava Yolları”nın deyil, xarici ölkələrin mülki təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb. Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalı, daxili işlərimizə qarışmaqdan çəkinməli və münaqişədən sonrakı normallaşma danışıqlarına səmimi şəkildə qoşulmalıdır. Bölgədə davamlı sülh üçün tarixi fürsətin qaçırılmaması həyati əhəmiyyət kəsb edir. Ermənistan rəhbərliyinin Azərbaycanın, Qarabağ regionu daxil olmaqla, suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə əlaqədar şifahi bəyanatları sülhün, həqiqətən də, əlçatan olması ilə bağlı ehtiyatlı nikbinliyə zəmin yaratdı. İndi Ermənistan bu bəyanatı real əmələ çevirməli və Azərbaycanın suverenliyini, o cümlədən, Qarabağda yaşayan yerli erməni sakinlərinin “humanitar ehtiyacları” bəhanəsi ilə şübhə altına almaqdan çəkinməlidir. Son bir neçə ay ərzində beynəlxalq tərəfdaşların fəal iştirakı ilə normallaşma prosesinin intensivləşdirilməsi üzrə birgə səylər ümidverici nəticələr verib. Bu diplomatik dialoqlar davamlı sülhün və dövlətlərarası münasibətlərin qurulmasına yönəlmiş gələcək ikitərəfli sazişin bir sıra maddələri üzrə fikir ayrılıqlarının aradan qaldırılmasında və nəzərəçarpacaq irəliləyişin əldə edilməsində həlledici rol oynayıb. Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası siyasətini həyata keçirir və Azərbaycan Konstitusiyasında və Azərbaycanın imza atdığı bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara zəmanət verir. BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş bütün qanuni vasitələrlə suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiə etmək əzmində olduğumuz kimi, qeyd edilən hər iki yola sadiqliyimiz sarsılmazdır. Əminik ki, beynəlxalq ictimaiyyət və ilk növbədə, Təhlükəsizlik Şurası bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi yolu ilə hər iki ölkənin legitim maraqlarına uyğun olaraq, bərabər və qarşılıqlı hörmətə əsaslanan bu yanaşmanı dəstəkləyəcək”.

Beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir

Azərbaycan ordusunun sentyabrın 27-dən erməni terrorçularına qarşı Qarabağda uğurlu hərbi əməliyyatlar apardığı zaman İslam Konfransı Təşkilatının, Qoşulmama Hərəkatının, Türk Şurasının, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin irəli sürdükləri separatçı layihəyə qeyri-daimi üzvlərin sərt münasibət bildirmələri və ayrı-ayrı ölkələrin Azərbaycanın haqq işini, ədalətli mövqeyini müdafiə etmələri ölkəmizin dünyada böyük nüfuza malik olması ilə bağlıdır. Dövlətimizin uğurlu xarici diplomatiyasının prioritetlərindən biri də türk dünyasının qarşılıqlı əlaqələrinin möhkəmlənməsidir. Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, türk dünyası ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri, strateji müttəfiqliqi, beynəlxalq təşkilatlarda, dispora fəaliyyətlərində eyni maraqlardan çıxış edilmələri dünya xalqları və dövlətləri üçün həsəd aparılan, paxıllıq hissi yaradan məsələyə çevrilib. Sentyabrın 27-dən Qarabağda aparılan uğurlu təmizləmə əməliyyatlarında Türkiyə hakimiyyəti və xalqı Azərbaycan dövlətinə, ordusuna ən yüksək səviyyədə mənəvi, siyasi, diplomatik dəstək göstərdi. Bununla yanaşı, Ermənistan üzərində parlaq qələbə münasibəti ilə dekabrın 10-da Bakıda keçirilən Qələbə Paradında Türkiyənin hökumət və dövlət rəhbərləri, o cümlədən, Prezident Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Türkiyə Silahlı Qüvvələrinin mehmetçiklərinin Qələbə Paradında sıra keçidində iştirak etmələri bütün Türk dünyasına qürurverici anlar yaşatdı. Bu nümunəvi dəstək Ulu Öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığı barədə dediyi "bir millət iki dövlət", Mustafa Kamal Atatükün "Azərbaycan xalqının sevinci sevincimiz, kədəri kədəimizdir" tarixi fikirlərinin ruhuna tam uyğundur. Məhz buna görə də, türk dünyasının beynəlxalq aləmdə özünəməxsus yer tutması uğrunda müasir dövrün türk liderləri olaraq Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan böyük xidmət göstərməkdədirlər. Hər iki ölkənin liderləri təkcə Türk Şurasının Zirvə Görüşlərində, Türk PA-da TÜRKSOY-da deyil, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli addımlar atır, qərarlar verirlər. İki dost, qardaş ölkə arasında iqtisadi-ticarət əlaqələri də hər il artmaqdadır. Hazırda Türkdilli dövlətlər arasında Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir. Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 15 milyard, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 12 milyard dollar təşkil edir. Azərbaycan dövləti BMT-nin UNESKO, UNİCEF və digər xüsusiləşdirilmiş təşkilatları ilə genişmiqyaslı əməkdaşlıq əlaqələrinə malikdir. Bu əlaqələr çərçivəsində Azərbaycan-BMT birgə layihələri icra edilib və bu layihələrin həyata keçirilməsi demokratik institutlarının inkişafına mühüm töhfələr verib. Azərbaycan ATƏT-lə də geniş əməkdaşlıq əlaqələrinə malikdir. Bu əlaqələr daha çox seçkilərin müşahidəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xəttilə həyata keçirilən layihələr, Azərbaycanın Ermənistanın yumruqla başını əzib Qarabağı azad etdikdən sonra tarixin arxivinə atılan Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik missiyasının həyata keçirilməsi məsələləridir. Azərbaycan Respublikası 2001-ci ildən üzv olduğu Avropa Şurası ilə əməkdaşlığı da yüksək səviyyədə, hər iki tərəfin maraqlarına uyğun həyata keçirilir. Dəfələrlə AŞ PA-nın Azərbaycanda toplantıları keçirilib və toplantılarda Avropa ailəsi üçün önəmli olan məsələlər müzakirə olanaraq müvafiq qərarlar qəbul edilib.

Azərbaycan hərbi təşkilat olan NATO ilə əlaqələri də arzuolunan səviyyədədir

Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən də hərbi təşkilat olan NATO ilə səmərəli əlaqələri mövcuddur. Ölkəmizin bu qurumun “Sülh naminə Tərəfdaşlıq” proqramına qoşulması ilə, Avro-Atlantika Tərəfdaşlıq Şurasında mühüm mövqeyə malik olub. Ölkəmizin dünyada baş verən bütün siyasi-ictimai proseslərə təsir etmək imkanlarına malik olan Avropa İttifaqı ilə münasibətlər, əməkdaşlıq əlaqələri ən yüksək səviyyədə inkişaf etməkdədir. Bu mötəbər qurumla Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”ndə tərəflər arasında siyasi və ticarət sahəsində əməkdaşlıq, Azərbaycanın qanunvericiliyinin Avropanın hüquq sisteminə uyğunlaşdırılması məsələləri öz əksini tapmışdır. Avropa İttifaqı ilə əməkdaşlığa Azərbaycanın xüsusi önəm verdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu dövlət siyasətinin prioriteti hesab edir: “Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə bizim qarşımızda yeni imkanlar açacaq yeni saziş imzalayacağıq”. Birmənalı şəkildə demək olar ki, Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşdır. Bunu qurumun rəhbərləri də çıxışlarında vurğulayıblar və Azərbaycanın Avropanın enerji təchizatında önəmli rol oynadığını qeyd ediblər. Uzunluğu 3500 kilometr olan "Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması ilə Xəzər regionundan qaz təchizatının Avropa bazarlarına birləşdirməsinə nail olunur. Eyni zamanda, Azərbaycan qurumun 23 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması, 14 üzv ölkə ilə isə Hökumətlərarası Komissiyanın yaradılması haqqında saziş imzalanıb.

Bütün bunlar bir daha onu təsdiq edir ki, Azərbaycan dövlətinin başçısı Cənab İlham Əliyevin apardığı siyasət düzgündür və xalqın maraqlarına tam cavab verir. Məhz aparılan siyasətin bəhrəsidir ki, ölkəmizin beynəlxalq təşkilatlarla qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşıb. Məqsədyönlü şəkildə aparılan bu siyasət Azərbaycana illər sonra da böyük və mütərəqqi uğurlar gətirəcək. Uğurlar olan yerdə isə təbii ki, sülh və sabitlik olacaq, xalqın sosial-rifah halı daha da yaxşılaşacaq.

İ.ƏLİYEV

Digər xəbərlər